03 dekabr 2019 11:20
281

İlham Əliyev: TANAP Azərbaycanın ən uğurlu enerji layihələrindəndir

TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində ölkə Prezidenti İlham Əliyev vurğulayıb ki, TANAP və Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəməri bu il iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. 2018-ci ilin iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb.

Trans-Anadolu (TANAP) boru kəməri dünyada həyata keçirilən ən nəhəng iqtisadi layihələrdən biridir. Bunu adıçəkilən kəmərin “Şahdəniz-2” qazından savayı, Xəzər dənizindəki digər yataqların təbii qazını da daşıya biləcək gücündə olması faktı da təsdiqləyir.

Xəbər verildiyi kimi, noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Ölkə Prezidenti İlham Əliyev mərasimdə vurğulayıb ki, TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir: “Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir, maliyyə dəyəri 38 milyard dollardır və dörd layihədən ibarətdir. Onlardan üçü - “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri istifadəyə verilib, bu gün isə TANAP tam istifadəyə verilir. Dördüncü layihə olan TAP-ın icrası artıq 90 faizi keçib. Əminəm ki, TAP da vaxtında istismara veriləcək. Beləliklə, Avrasiyada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi vaxtında istismara veriləcəkdir.”

Dövlətimizin başçısı mərasimdə əminliklə bildirib ki, TANAP-ın ömrü uzun olacaq, TANAP Türkiyə və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda və tərəqqi verəcəkdir: “TANAP-a qədər apardığımız birgə işlər TANAP-a yol açdı. Çünki əgər 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilməsəydi, bu gün TANAP haqqında danışmaq mümkün olmazdı. Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin təməlini çağdaş Azərbaycan dövlətinin lideri Heydər Əliyev öz əlləri ilə qoymuşdur və 2006-cı ildə əziz qardaşım, Prezident Ərdoğanla birlikdə Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft boru xəttini istismara verdik. Bu günə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına Azərbaycanın və başqa dövlətlərin 450 milyon tondan çox nefti nəql edilmişdir. Bunun böyük hissəsini - 400 milyon tondan çoxunu Azərbaycan, 27 milyon tonunu Türkmənistanın, 12 milyon tonunu Qazaxıstanın, 7 milyon tonunu Rusiya nefti təşkil edir. Yəni bir sözlə, Bakı-Tbilisi-Ceyhan nəinki Azərbaycanın, digər ölkələrin nefti üçün də gözəl bir infrastruktur layihəsi oldu və bu gün də uğurla fəaliyyət göstərir. 2007-ci ildə yenə də əziz qardaşımla Bakı-Tbilisi-Ərzurum qaz boru xəttinin açılışını etdik və bu da TANAP-a yol açan digər layihə idi. Qeyd etdiyim kimi, 2015-ci ildə Qarsda TANAP-ın inşası başlamışdır. Fürsətdən istifadə edərək, TANAP-ın inşasında iştirak etmiş bütün insanlara dərin təşəkkürümü bildirmək istəyirəm. Onların fədakarlığı və peşəkarlığı bu nəhəng layihənin vaxtında istismara verilməsində böyük rol oynamışdır.”

Qeyd edək ki, TANAP Türkiyənin şərqi ilə qərbini bir-birinə bağlayan, ölkənin 20 şəhəri və 67 qəsəbəsindən keçən, 3 fərqli ölçülərdə (56 düym, 48 düym, 36 düym) inşa edilən bir boru kəməridir. Boru kəmərinin ən hündür zirvəsi dəniz səviyyəsindən 2760 metr yüksəklikdə Qırmızı dağ keçidindən, ən alçaq nöqtəsi isə Dardanel boğazından 65 metr dərinlikdən keçir. Boru kəmərinin ən dik yamacı 30 dərəcə təşkil edir və Ilqaz dağındadır. Eyni zamanda, boru kəmərinin 600 km-lik hissəsi 2000 metr yüksəklikdən keçir və bu yerlər qışın çox sərt keçdiyi yerlərdir. Məsələn, Ardahan, Qars, Ərzurum, Sivas, Bayburt, Gümüşhanə kimi şəhərləri nümunə göstərə bilərik. Bu səbəbdən ilin ancaq 110  günündə burada inşaat işləri aparıla bilir. Məhz belə mürəkkəb bir layihəni beynəlxalq standartlara uyğun və təhlükəsiz bir şəkildə ərsəyə gətirmək, eyni zamanda, nəzərdə tutulan smeta dəyərinə 5,2 milyard dollar qənaət etmək böyük bir uğurdur. Azərbaycan bu layihədə bütün dünyaya göstərib ki, nəinki ölkə daxilində, xarici ölkələrdə də nəhəng enerji layihələrini öz maddi-texniki bazası və yüksək idarəçilik səriştəsi ilə ən səmərəli və təhlükəsiz şəkildə həyata keçirmək qüdrətindədir.

Ölkə Prezidenti mərasimdə diqqətə çatdırıb ki, TANAP və Cənub Qaz Dəhlizi, eyni zamanda, enerji təhlükəsizliyi layihəsidir: “Bu gün dünya miqyasında enerji təhlükəsizliyi haqqında danışılır və bu məsələ dünyanın gündəliyini zəbt etmişdir. Hesab edirəm ki, burada çox gözəl əməkdaşlıq formatı yaradılıb. İstehsalçı ölkə Azərbaycan, tranzit ölkələri və istehlakçı ölkələr birlikdə çalışır. Bizim mənafeyimiz də birdir, gəlirimiz də ədalətli şəkildə bölünür. Bir daha demək istəyirəm ki, bütün bu layihələr bölgədəki sabitliyi möhkəmləndirir.”

TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimini şərh edən  Enerji məsələləri üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə “İki sahil” qəzetinə açıqlamasında bildirib ki, TANAP layihəsi Azərbaycanın ən uğurlu enerji layihələrindən biridir və Azərbaycan bu layihədə bir çox ilklərə imza atıb: “Belə ki, Azərbaycan ilk dəfə xaricdə nəhəng bir enerji layihəsində operator qismində iştirak edib və layihəni vaxtında, yüksək səmərə ilə və nəzərdə tutulan investisiya dəyərinə 45% qənaət edərək müvəffəqiyyətlə tamamlayıb. Bütün bu uğurların məhz TANAP kimi mürəkkəb və beynəlxalq bir layihədə qazanılması Azərbaycanın əhəmiyyətini qlobal enerji bazarında daha da artırıb. Qeyd edilməlidir ki, regionda həyata keçirilən digər boru kəməri layihələrinin məsafə vahidinə düşən smeta dəyəri TANAP-dan iki dəfə daha yüksək olub. Bu da, əldə edilən bu uğurun nə qədər əhəmiyyətli olduğunu göstərir.”

E.Axundzadə vurğulayıb ki, Azərbaycan, tarixində ilk dəfə olaraq, öz qazını TANAP vasitəsi ilə birbaşa Avropa bazarına ixrac edərək, dünyada təbii qazın ən çox idxal edildiyi bazara daxil olacaq: “Bu da Azərbaycana uzun illər həm siyasi, həm də iqtisadi dividentlər qazandıracaq. İqtisadi nöqteyi-nəzərdən, ötən ilin 30 iyun tarixindən etibarən TANAP vasitəsilə Türkiyə bazarına 3,3 milyard m3 Azərbaycan qazı daşınıb və bu miqdarın bu ilin sonuna qədər 4 milyard m3-ə çatacağı nəzərdə tutulur. 2021-ci ilin sonundan etibarən isə boru kəmərinin illik daşıma həcmi 16 milyard m3-ə çatacaq. Hesablamalara görə TANAP hər il 1,45 milyard dollar dəyərində gəlir gətirəcək. Bu miqdarın 96,4 milyon dolları isə Türkiyəyə vergi olaraq ödəniləcək. Nəzərinizə çatdırım ki, boru kəməri layihəsinin tikintisi böyük xərclər tələb etsə də, tikinti başa çatdıqdan sonra əməliyyat xərcləri çox cüzi olur. Qoyulan vəsait geri götürüldükdən sonra, demək olar ki, gəlirin əsas hissəsi xalis mənfəət olaraq pay sahiblərinə qayıdır. Bu çərçivədə, TANAP üçün qoyulan investisiya təqribən 6-7 il sonra tam geri götürülə biləcək. Bu müddətdən sonra isə boru kəməri tamamilə xalis mənfəətlə işləyəcəkdir. Onu da qeyd edim ki, əgər boru kəmərinə 5,2 milyard dollar qənaət edilməsəydi qoyulan investisiyaların geri götürülməsi 10-11 il kimi uzun bir periodu əhatə edə bilərdi. Qeyd edim ki, gələcəkdə əlavə 5 kompressor stansiyası inşa etməklə boru kəmərinin ümumi həcminin 31 milyard m3-ə çatdırılması nəzərdə tutulur. Bu da o deməkdir ki, TANAP-ın illik gəliri gələcəkdə hazırkı hesablamalardan 2 dəfə daha artıq ola bilər. Başqa sözlə, Azərbaycan xalqı uzun illər bu layihədən böyük iqtisadi mənfəət əldə edə biləcək.”

Ekspert onu da qeyd edib ki, Azərbaycan CQD layihəsinə öncüllük edərək həm regionun iqtisadi inkişafına, həm də Türkiyə və Avropanın enerji təhlükəsizliyinə dəyərli töhfə verir: “Bu çərçivədə Azərbaycan Türkiyə bazarında payını 2 dəfə artıraraq 26%-ə yüksəldə biləcək və Türkiyənin ən böyük ikinci qaz tədarükçüsü olacaq. Avropa bazarına isə fərqli marşurut və mənbədən təbii qaz nəql edərək bazarda rəqabət mühitinin yaranmasına, Avropanın artan qaz tələbatının qarşılanmasına, habelə Albaniya və Monteneqro kimi ölkələrdə təbii qaz bazarlarının formalaşmasına dəyərli töhfə verəcək. Bu layihədə, Azərbaycan ilk dəfə olaraq dəyər zənciri üzrə bütün həlqələrdə əsas pay sahibidir. Beləliklə, Azərbaycan, 3-cü tərəflərdən asılı olmadan öz təbii qazını öz boru kəmərləri vasitəsi ilə daşıyaraq nəqliyyat xərclərini və risklərini ciddi şəkildə azalda biləcək və ölkə iqtisadiyyatına əlavə dəyər qazandıracaq. Bütün bunlar həm ölkənin enerji təhlükəsizliyini təmin edəcək, həm də iqtisadi müstəqilliyin daha da möhkəmlənməsinə imkan yaradacaq.”

Qeyd etmək yerinə düşər ki, TANAP Türkiyənin bölgədəki strateji əhəmiyyətini daha da artıracaq. Qardaş ölkənin təbii qaza olan tələbatının 10 faizdən çoxunu təmin edəcək bu boru kəməri mənbələri şaxələndirmək baxımından da xüsusi əhəmiyyət kəsb edir. TANAP boru təminatı, tikinti və mühəndislik kimi sahələrdə də Türkiyə iqtisadiyyatına böyük töhfələr verib. Layihənin icrası enerji təhlükəsizliyi və məşğulluğun təmin edilməsi ilə yanaşı, boru kəmərinin keçdiyi bölgələrdə sosial layihələrin də reallaşmasına səbəb olub. Layihənin icrası zamanı ətraf mühit, səhiyyə, heyvandarlıq və təhsil kimi sahələrdə 1000-dən çox əhəmiyyətli investisiyalar reallaşdırılıb.

Emin Axundzadə TANAP boru kəmərinin Türkiyə üçün də strateji əhəmiyyətə malik olduğunu da vurğulayıb: “Türkiyənin ən böyük hədəflərindən biri də uzun perspektivdə enerji “hab”ına çevrilməkdir. Çünkü Türkiyə geostrateji baxımdan çox əlverişli bölgədə yerləşir.  Ölkənin Şərqində dünyadakı təbii qaz ehtiyatlarının 75%-i, Qərbində isə təbii qazı ən çox idxal edən Avropa bazarı yerləşir. Türkiyə bir növ Şərq ilə Qərb arasında təbii körpü funksiyasını icra edir. Bu minvalla, Türkiyənin uzun müddətli starteji hədəfinə cavab verən layihə Cənub Qaz Dəhlizi və onun ən önəmli həlqəsi olan TANAP layihəsidir. Belə ki, Türkiyə Azərbaycan qazı ilə yanaşı, 3-cü tərəflərin qazını da gələcəkdə Avropaya daşıma imkanı əldə edə biləcək və öz starteji mövqeyini gücləndirəcəkdir. Beləliklə, Azərbaycan və Türkiyənin strateji əməkdaşlığının dəyərli meyvəsi olan TANAP, həm Azərbaycana, həm də Türkiyəyə uzun müddətli dividentlər gətirəcək. Azərbaycan, öz qazını birbaşa Avropa bazarına daşıyaraq, həm nəqliyyat xərclərini və risklərini azaldacaq, həm də alternativ mənbədən və alternativ marşrut üzərindən təbii qaz nəql edərək, Avropa bazarında strateji mövqeyini gücləndirəcək. Boru kəməri, eyni zamanda, Türkiyənin artan enerji tələbatını qarşılayacaq və Türkiyənin enerji “hab”ı olma strategiyasına dəyərli töhfə verəcək.”

Orxan Vahidoğlu, “İki sahil”