16 oktyabr 2019 20:04
1444

İmmunitetimizi qorumaq üçün nə etməli?

Orqanizmin güclü immun sistemi insanın mikroblara, viruslara, xəstəliklərə yoluxmasında qoruyucu funksiya daşıyır. Buna görə də, immun sistemin normal səviyyədə olması sağlamlıq üçün ən vacib şərtlərdəndir. Əsasən payız-qış aylarında insana lazım  olan  isə güclü immunitetdir.

Bəs immun sistemini zəiflədən amillər hansılardır?

Yuxusuzluq orqanizmin immun sisteminə kifayət qədər mənfi təsir göstərən amillərdən biridir.

Oturaq həyat tərzi immun sisteminə zərbə vurur. Bunun qarşısını almaq üçün gün ərzində heç olmasa yarım saat piyada gəzməyə vaxt ayırmaq lazımdır. Gündəlik idmanla məşğul olmaq isə daha faydalıdır.

Stress, gərginlik, əsəbilik artıq həyatımızın tərkib hissəsinə çevrilib. Ancaq bunlar uzun müddət davam edərsə immunitetimiz üçün problemlər yaradar.

İnsanlarla ünsiyyətdə olmaq, xoş münasibətlər yaratmaq, dostlarla bölüşmək immun sisteminə müsbət təsir göstərir. Tədqiqatlar sübut edir ki, özünə qapanmaq, tənhalıq, qaraqabaqlıq immunitetin zəifləməsinə səbəb olur.

İmmun sistemə sözün əsl mənasında zərbə vuran amillərin siyahısında birinci yerdə duranlar siqaret və spirtli içkilərdir. Bu vərdişlər təkcə immun sisteminə deyil, bütün orqanizmə mənfi təsir göstərir.

Kimyəvi dərman pereparatlarından çox istifadə, xüsusilə tez-tez antibiotiklərin qəbulu immunitetin zəifləməsinə səbəb olur. Bunu diqqətdə saxlayaraq hər hansı bir xəstəliyin müalicəsi zamanı kimyəvi tərkibli dərmanlardan minimum istifadə etməyə çalışın.

İnsan orqanizmi üçün tələb olunan vitaminlər, mikroelementlər, minerallar yetərincə olmayanda immun sistemi də yetərincə öz funksiyasını yerinə yetirə bilmir. Bu amili aradan qaldırmaq üçün qida rasionuna dəyişiklik etmək kifayətdir.

Adətən, biz immuniteti qaldıran qidaları axtarırıq. Amma unuduruq ki, gündəlik yediklərimiz də immunitetimizi azalda bilər.

Şəkərdən çox miqdarda istifadə etmək immun hüceyrələrini zəiflədir. Buna görə də şəkər və şəkər tozundan istifadə edərkən qədərinə diqqət yetirmək vacibdir. Immun sisteminizin öz funksiyalarının öhdəsindən lazımınca gəlməsini istəyirsinizsə C, E vitaminləri,  beta-karotin və sink ilə zəngin olan qida məhsullarına üstünlük vermək məsləhətdir. Bu gün qidamızın 60%-i şirniyyatdır. Çox şirniyyat qəbulu qlükozanı artırır, qarın, bel nahiyəsində piy yığır, qaraciyəri piyləndirir, immun hüceyrələri dağıdır. Tərkibində şəkər, qənd olan bütün içki, sous, konfet, bişmişləri azaldın. Şəkəri bal, meyvə, giləmeyvə, tərəvəzlərdən ala bilərsiniz.

Energetik içkilər, qazlı sular, rəngli çaylar, qəhvə - yuxu sistemini pozur. Normal yuxu rejimi olmadıqda da immun sistemi pozulur.. Ona görə kofe içəndə immunitetinizi də yada salın.

Son elmi tədqiqatlar göstərib ki, qırmızı ət immuniteti azaldır. Həftədə 1 -2 dəfə 100 qr miqdarında yemək olar.

Yağda qızardılmış yeməklərdə trans yağ, doymuş yağ turşusu və kanserogen maddələr əmələ gəlir. Bunlar isə immun hüceyrələrə yad maddələrdir.

Evdə bişirilməyən nə varsa, marketlərdə, “fast-food” və bəzi kafelərdə fabrik yeməyi sayılır. Qutuda, qablaşmada olan qidalar, uzun müddət xarab olmayan yeməklər, duzlu, şəkərli qidalar sintetik əlavələrlə zəngindir. Bu da immun sistemini məhv edir.

İmmun sisteminizə diqqət yetirin ki, xəstəliklərdən uzaq olasınız.

Yaqut Ağaşahqızı, “İki sahil”