19 noyabr 2019 13:19
676

İndianalı mer müqavilə əvəzində rüşvət almaqda ittiham olunur

ABŞ-ın İndiana ştatının Mansi şəhərinin meri Dennis Tayler noyabrın 18-də Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları tərəfindən həbs edilib. Ona qarşı dövlət sifarişinin yerinə yetirilməsi üçün müqavilə əvəzində 5 min dollar məbləğində rüşvət almaq ittihamı irəli sürülüb.

AZƏRTAC xəbər verir ki, Taylerə dövlət vəsaitinin oğurlanması maddəsi ilə ittiham irəli sürən prokurorların iddiasına görə, o, Mansi şəhərində ictimai işlər üzrə layihələrin verilməsi əvəzində naməlum şirkətdən rüşvət alıb.

İttiham aktında deyilir ki, 76 yaşlı mer Mansi şəhərinin sanitariya xidməti və layihələndirmə şöbəsinin sabiq rəisi Treysi Barton vasitəsilə rüşvət alıb. Ötən il Bartona fırıldaqçılıq üçün işbirliyində olmaq, bu məqsədlə elektron vasitələrdən, sənədlərin saxtalaşdırılmasından və şahidlərə təzyiqlər edilməsindən istifadə etmək ittihamı irəli sürülüb.

Prokurorlar bildirirlər ki, Tayler 2014-cü ildən 2016-cı il avqustun 25-dək müddətdə rüşvət almaqla məşğul olub. FTB-nin mətbuat katibi Kris Bavenderin bəyanatına görə, Tayler noyabrın 18-də səhər öz evində həbs edilib. Məhkəmə onun üçün 10 il müddətində maksimal həbs cəzası və 250 min dollar məbləğində cərimə nəzərdə tutub.

Demokrat mer Tayler səkkiz il müddətində Mansi şəhərinə başçılıq edib. O vaxta qədər İndiana ştatının nümayəndələr palatasında konqresmen olub.