KÖŞƏ

Zahid Rza

İndiki şərait ikiqat məsuliyyətli olmağımızı tələb edir

18 noyabr 2020 20:15
1472

Bütün dünyanı  cənginə alan COVID-19 ilə mübarizə istiqamətində ölkəmizdə ilk gündən ciddi addımlar atılıb, mühüm qərarlar qəbul edilib. Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə respublikamızda bu infeksiyanın yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı, xaricdəki soydaşlarımız ölkəyə gətirildi, sərhədlər bağlanıldı, sərt karantin rejimi tətbiq edildi. Azərbaycanda ilk günlərdən koronavirusla mübarizə məqsədilə atılan qabaqlayıcı addımlar kimi sosial izolyasiya tədbirləri həyata keçirildi. Koronaviruslu xəstələrin müalicəsi üçün qısa zamanda modul tipli xəstəxanalar yaradıldı, tibbi heyət səfərbər edildi.  Prezident İlham Əliyevin  və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birillik əməkhaqlarını koronavirusla mübarizə fonduna köçürmələri cəmiyyətimiz tərəfindən atılan ən humanist addım kimi dəyərləndirildi.

Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan hökuməti infeksiyanın yayıldığı ilkin mərhələdə vəziyyəti ciddi nəzarət altında saxlayaraq əhalinin sağlamlıq, təhlükəsizlik və sosial rifahının təmin edilməsi sahəsində bütün lazımi tədbirləri çevik şəkildə həyata keçirdi. Bakı şəhəri və regionlarda müasir texniki təchizatı olan modul tipli xəstəxanaların quraşdırılması, yeni tibb müəssisələrinin açılması, ölkənin səhiyyə sisteminin əlavə beş minə yaxın çarpayılıq ehtiyat yeri ilə təmin olunması, sərt karantin dövründə işsizlərə, əhalinin aztəminatlı təbəqəsinə, həmçinin pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə dəyən zərərin azaldılması məqsədilə sosial və maliyyə dəstəyinin göstərilməsi və bu istiqamətdə görülən digər işlər dövlətin öz vətəndaşlarına göstərdiyi qayğının ən bariz nümunəsidir.

 Bu gün də ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlər bir daha sübut edir ki, dövlətimiz üçün insan amili, əhalinin sağlamlığı, təhlükəsizliyi, ölkəmizin inkişafı və cəmiyyətimizin rifahı baş­lıca vəzifədir. COVID-19 ilə mübarizə istiqamətində atılan addımların  nəticəsində avqus­t ayının əvvəllərindən sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması, bəzi məhdudiyyətlərin aradan qaldırılması mümkün olub. Belə ki, ko­ronavirusla mübarizədə sonrakı dövrdə infeksiyanın geniş yayıl­maması üçün məhdudiyyətlərin mərhələli şəkildə ləğvinin vacibliyinə xüsusi diqqət yetirilib.

Koronavirusla mübarizədə əldə edilən müsbət nəticələr, qazanılan uğurlar bir daha təsdiq edir ki,  təcavüzkar Ermənistan ilə torpaqlarımızın işğaldan azad edilməsi üçün başlatdığımız Vətən müharibəsinin ağır günlərində  belə dövlətimiz bu gözəgörünməz düşmənlə-koronavirusla mübarizəyə xüsusi diqqət göstərdi.  

Dövlətimiz dünyanı cənginə alan bu bəladan maksimum az itkilərlə çıxmağımız üçün bu gün də bütün tədbirləri ardıcıllıqla davam etdirir. Ancaq bütün bularla bərabər insanlarımız dövlətimizin aldığı qərarlara həssaslıqla yanaşmalı, daha məsuliyyətlə davranmalı, virusla mübarizədə birlik nümayiş etdirməli, əsl vətəndaş mövqeyi sərgiləməli, bütün qayda və tövsiyələrə ən yüksək səviyyədə əməl etməlidirlər.  Bunu birdəfəlik yadda saxlamalıyıq ki, yalnız və yalnız COVID-19-dan qorunma qaydalarına ciddi şəkildə əməl etməklə ona qalib gələ bilərik. Karantin rejiminin  yumşaldılma tədbirlərindən sonra artıq əsas məsuliyyət vətəndaşlarımızın üzərinə düşür. Vətəndaşlarımız  sərt karantin dövründə olduğu kimi, şəxsi gigiyena qaydalarına əməl etməli, sosial məsafəni qorumalı, maska taxmalı, mövcud qaydalara ciddi əməl edərək özlərini və yaxınlarını dünyanı cənginə alan bu bəladan qorumalıdırlar. Hər kəs koronavirus bəlasından qorunmaq üçün bütün vacib addımları atmalıdır.

Təbii ki, pandemiyanın  coğrafiyasının genişlənməsinin əsas səbəbi  virusun  yoluxma sürətinin yüksək olmasıdır. Ancaq vətəndaşlarımızın əksər hissəsinin karantin rejimi qaydalarının tələblərinə əməl etməməsi, digər şəxslərlə sıx təmaslarda olması, ictimai nəqliyyatda karantin dövrünün tələblərinə əməl etməmələri virusa  daha çox yoluxma riskini artırır. Hər bir vətəndaşımız yadda saxlamalıdır ki, ölkəmizdə koronavirus infeksiyasına yoluxma sayındakı çoxalmanın davam etməsi dövlətimizə və səhiyyə sistemimizə əlavə yükdür.

Şübhəsiz bu gün yoluxma sayındakı artımda, virusun ikinci dalğası ilə üzləşməyimizdə  fəslin, iqlim amilinin təsiri var. Ancaq unutmaq olmaz ki, əhalinin müvafiq gigiyena qaydalarına əməl etməsi də burada mühüm rol oynayır. İndiki şərait  ikiqat məsuliyyətli olmağımızı tələb edir. Hər birimiz  dövlətimiz, iqtisadiyyatımız, səhiyyəmiz, özümüzün və yaxınlarımızın sağlamlığı üçün ciddi təhdid olan bu təhlükənin aradan qaldırılması üçün əlimizdən gələni etməliyik.