29 iyul 2020 16:37
315

“İnformasiya resurslarında milli maraqlarımızın təmin edilməsi” - FOTO

YAP İcra Katibliyində “İnformasiya resurslarında milli maraqlarımızın təmin edilməsi” mövzusunda videokonfrans keçirilib

İyulun 29-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “İnformasiya resurslarında milli maraqlarımızın təmin edilməsi” mövzusunda videokonfrans keçirilib.

Videokonfransın moderatoru Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, Azərbaycan uzun illərdir müharibə şəraitində yaşayır və torpaqlarımız işğaldan azad edilənə qədər də bu vəziyyət davam edəcək. Ancaq hazırki tarixi mərhələdə müharibə təkcə hərbi müstəvidə deyil, paralel olaraq bir neçə müstəvidə aparılır. Onun sözlərinə görə, bu il iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tovuz rayonu ərazisində erməni işğalçı ordusunun törətdiyi təxribat və ondan sonra yaşananlar bir daha onu göstərdi ki, hərbi, siyasi, diplomatik, ideoloji, psixoloji müstəvidə aparılan müharibə həm də informasiya müstəvisində aparılır və  informasiya silahı ilə aparılan müharibə olduqca ciddi qəbul edilməlidir.

Hikmət Babaoğlu qeyd edib ki, son dövrlərdə internet resurslarında, sosial şəbəkələrdə aparılan informasiya müharibəsi bu resurslarıın yumşaq güc vasitəsi kimi əhəmiyyətini bir daha ortaya çıxardı: “İnternet resurslarına, informasiyaya institusional forma verilməklə onu xüsusi mexanizmə çevirir, manipuliyasiya edir, subliminal mesaj ötürücüsünə çevirirlər. Bizə qarşı bunların hamısından düşmən tərəf istifadə etdi. Biz  bu prosesdə güclü və zəif tərəflərimizi gördük. Güclü tərəfimiz, Milli Ordumuz, milli həmrəyliyimiz, Ali Baş Komandanımızın ətrafında sıx birləşməklə səfərbərliyə hazır olmamız, dünyanın ən müxtəlif ölkələrində  təşkilatlanma bacarığımız və beynəlxalq hüquq müstəvisində haqqımızı sivil yolla tələb edə bilməyimiz idi. Amma təəssüflə qeyd etməliyik ki,

hələ də içərimizdə bəzi radikalların dağıdıcı fəaliyyətlə məşğul ola bilmələri və elə bizdən olan ayrı-ayrı fərdlərin sosial şəbəkələr və sosial media üzərindən milli birliyimizə kölgə salma cəhdləri də var. Eyni zamanda erməni terroru ilə dünyanın müxtəlif ölkələrində yenidən üz-üzə gəldik və bu prosesdə yenə də bəzi beynəlxalq təşkilatlar və insan hüquq müdafiəçiləri susdular”.

Hikmət Babaoğlu söyləyib ki, belə bir məqamda respubllikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müraciəti sadəcə müraciət deyil, həm də bir çağırış və milli fəaliyyət proqramıdır. Burada önə çıxan əsas istiqamətlər bizim informasiya platformamızdakı mübarizəmizdə  əsl istiqamətverici  tezislərdir.

Videokonfransda çıxış edən YAP-ın Sosial Media Qrupunun rəhbəri Ramil Vəlibəyov sosial şəbəkələrin real mənzərəsi haqqında məlumat verib. O qeyd edib ki, xaricdə məskunlaşmış bəzi azərbaycanlılar antiazərbaycançı mərkəzlərlə və erməni lobbisi ilə sinxron fəaliyyət göstərir.

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev isə  çıxışında bildirib ki, sosial şəbəkələr və milli maraqlar daim aktual mövzudur. Onu sözlərinə görə, ermənilərin son təxribatından sonra xalqımız, cəmiyyətimiz çox güclü həmrəylik nümayiş etdirdi. O, bugünlər Azərbaycan diasporunun da fəaliyyətini təqdir edib.

A.Quliyev baş verən son proseslərlə əlaqədar   respubllikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həmvətənlərimizə müraciətinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edərək onların erməni təxribatlarına münasibət bildirmələrinin vacibliyini diqqətə çatdırıblar. Bu baxımdan, özünü insan haqlarının müdafiə təşkilatı kimi təqdim edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatları törədilmiş hadisələrə ədalətli qiymət verməlidirlər.

Milli Məclisin deputatı Nizami Səfərov çıxışında bildirib ki, Ermənistanla Azərbaycan arasında mövcud olan problem qlobal xarakter daşıyır. Onun sözlərinə görə, ermənilər tarixən azərbaycanlılara qarı məkrli siyasət həyata keçirib və bunun nəticəsində torpaqlarımız işğal edilib, xalqımız soyqırımına məruz qalıb.

Millət vəkili qeyd edib ki, hazırkı dövrdə sosial şəbəkələr informasiya müharibəsində böyük təsir imkanlarına malikdir. Burada hər bir vətəndaş milli maraqlarımızı ciddi şəkildə qorumalıdır. Diqqətə çatdırılıb ki, 2004-cü ildə qəbul olunmuş milli təhlükəsizlik haqqında qanunda milli maraqlarımızın qorunması məsələsi öz əksini tapır.

Hazırda sosial şəbəkələrdə müəyyən dairələr tərəfindən dövlətimizə qarşı kampaniyaların aparıldığını, ictimai rəyi çaşdırmağa yönəlmiş məlumatların yayıldığını deyən N.Səfərovun fikrincə, bu halların qarşısının alınması üçün sosial şəbəkələrin fəaliyyəti qanunla tənzimlənməlidir. O, bu istiqamətdə beynəlxalq təcrübənin olduğunu diqqətə çatdırıb və Sinqapurla Almaniyanın qanunvericilik təcrübəsindən danışıb.

Tədbirdə həmçinin Milli Məclisin deputatları Nigar Arpadarai, Razi Nurullayev, Fatma Yıldırım, Ramin Məmmədov, Jalə Əhmədova, sosial media üzrə ekspert Vüsal Məmmədov və “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycan Ordusunun Ermənistanın növbəti hərbi təxribatının qarşısını qətiyyətlə alması xalqımızda ruh yüksəkliyini daha da artırıb, cəmiyyətmiz ordumuz, dövlətimiz və Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevlə həmrəyliyini mütəşəkkil şəkildə nümayiş etdirib. Natiqlər həmçinin respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həmvətənlərimizə müraciətinin önəmini qeyd ediblər.

Bildirilib ki, xarici ölkələrdə Azərbaycan diasporu fəallıq göstərərək erməni təxribatına etiraz olaraq dinc aksiyalar keçirir. Amma ermənilər öz xislətinə sadiq qalaraq həmin aksiyaları pozmaq məqsədilə təxribatlara əl atırlar. Eləcə də, müəyyən dairələr sosial şəbəkələr vasitəsilə milli maraqlarımıza zidd kampaniya aparırlar. Çıxışlarda həmçinin diapor fəaliyyətinin gücləndirilməsi, eləcə də sosial şəbəkələrin fəaliyyəti ilə bağlı təkliflər səsləndirilib. Vurğulanıb ki, sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsi günün ən aktual məsələlərindən biridir.