05 noyabr 2019 19:23
116

İnhisarçılığa qarşı mübarizə islahatlar paketinin əsas hədəflərindən biridir

“2020-ci ildən başlayaraq Azərbaycandakı islahatların miqyasında və sürətində daha çox fərqlilik hiss olunacaq. Gələcəkdə də iqtisadi islahatların dərinləşməsini müşahidə edəcəyik. Oktyabrın 15-də dövlət başçısı İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə ötən dövrdə  əldə olunan  uğurlara söykənərək qarşıdaki illərin hədəfləri  açıqlandı”.

Bu fikirləri İkisahil.TV-yə açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov söyləyib.

V.Bayramov bildirib ki, Azərbaycanda iqtisadiyyatın diversifikasiyası və neftdən asılılığın aradan qaldırılması birbaşa dərinləşən islahatlardan asılıdır. Azərbaycan Prezidentinin siyasi iradəsi 2019-cu ildə mövcud qlobal və eləcə də müasir çağırışlara uyğun olaraq islahatların dərinləşməsini həyata keçirməkdən ibarətdir. Prezident yanında son iqtisadi   müşavirədə də dövlət başçısı tərəfindən növbəti dövrdə həyata keçiriləcək islahatların  istiqamətləri və prioritetləri müəyyənləşdirildi. Cənab Prezident üç istiqamətə xüsusi diqqət ayırdı və bu istiqamətlərlə bağlı hökumətə, yeni təyin olunmuş hökumət nümayəndələrinə öz tapşırıqlarını verdi. Nəzərə alsaq ki, birinci istiqamət kölgə iqtisadiyyatının minimumlaşdırılması ilə bağlı idi, müşavirədə qeyd olunduğu kimi, ötən müddətdə yüz min əmək müqaviləsinin leqallaşması qeydə alınıb, bu, təbii ki, müsbət haldır. V.Bayramov bildirib ki, bunu qeyri-rəsmi məşğulluğa qarşı mübarizənin praktiki  nəticəsi kimi qiymətləndirmək olar. Bu, ondan xəbər verir ki, əvvəlki dövrlərdə həmin yüz min əmək müqaviləsi gizli iqtisadiyyata, yəni qeyri-leqal iqtisadiyyata xidmət göstərirdi. Dövlət başçısı tərəfindən də məhz tapşırıq birmənalı şəkildə onunla bağlı idi ki, gizli iqtisadiyyat minimumlaşdırılmalıdır, iqtisadiyyat leqallaşmalıdır. Nəticə etibarilə  sahibkarlar və sahibkarlıq subyektləri birmənalı şəkildə məhz leqal iqtisadiyyatda fəaliyyət göstərməlidirlər. Bu, bir tərəfdən “iqtisadiyyatın ağarması” deyilən, yəni iqtisadiyyatın şəffaflaşması baxımından və büdcə daxil olmalarının artırılması baxımından vacibdir. Nəticə etibarilə ötən müddətdə vergi və büdcəyə, gömrük daxilolmalarında  artım qeydə alınıb. Bu müddətdə, vergi daxilolmalarında təxminən 700 milyon manat artım qeydə alınıb. Göründüyü kimi, ölkə Prezidenti tərəfindən gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsi hər zaman prioritetdir və növbəti dövrdə də hökumətin fəaliyyəti gizli iqtisadiyyata qarşı mübarizə və iqtisadiyyatın liberallaşması istiqamətində olacaq.

Vüqar Bayramov diqqətə çatdırıb ki, ikinci istiqamət cənab Prezidentin qeyd etdiyi kimi, xüsusən də məmurların iqtisadiyyata müdaxiləsinin minimumlaşdırılmasıdır. Bu, gizli iqtisadiyyatın payının azaldılması baxımından çox vacibdir.

 Digər üçüncü istiqamət isə  struktur və kadr islahatlarıdır. Kadr islahatlarının  məqsədi ondan ibarətdir ki, məmurların biznesə müdaxiləsi tamamən aradan qaldırılsın. Xatırlayırsınızsa, cənab Prezident yeni təyin etdiyi İqtisdiyyat nazirini qəbul edərkən  müzakirə edilən məsələlərdən biri də islahatlara qarşı olan məmurlar və onların iqtisadi proseslərə müdaxiləsi ilə bağlı idi. Prezident tərəfindən birmənalı olaraq, qəti şəkildə məmurların iqtisadiyyata müdaxiləsi və islahatlara qarşı olmağının tamamilə aradan qaldırılması ilə bağlı göstəriş verildi. Bu, təbii ki, həm gizli iqtisadiyyatın miqyasının kiçildilməsi baxımından vacibdir, həm də ki, ölkə Prezidentinin qeyd etdiyi kimi,  məhz inhisarçılığa qarşı mübarizə baxımından çox vacibdir. İnhisarçılığa qarşı mübarizə islahatlar  paketinin əsas hədəflərindən biridir. Nəzərə alsaq ki, bizim apardığımız tədqiqatlar və monitorinqlər göstərir ki, bəzi məhsulların idxalı üzrə yenə də  monopoliyalar var, gözlənilir ki, dövlət başçısı tərəfindən bu inhisarçılara qarşı mübarizə daha kəskin vüsət alacaq. Ölkə Prezidenti tərəfindən nağdsız hesablaşmaların genişləndirilməsi ilə bağlı tapşırıqlar verilməsi birbaşa onunla bağlı idi ki, elektron xidmətlərdən yalnız dövlət qurumları tərəfindən deyil, həm də vətəndaşlar tərəfindən daha çox istifadə olunmalıdır. Bu da bütövlükdə iqtisadiyyatda şəffaflığın daha da gücləndirilməsinə hesablanmış bir addımdır. Eyni zamanda, nağdsız hesablaşmanın artırılması şirkətlərdə kartla idarəetmənin formalaşdırılması baxımından vacibdir. Ona görə də növbəti mərhələdə elektron xidmətlərin dairəsinin genişləndirilməsi prioritet məsələlərdən biridir. Nəticə etibarilə bu da ondan xəbər verir ki, artıq 2020-ci ildən başlayaraq Azərbaycandakı islahatların miqyasında və sürətində daha çox fərqlilik hiss olunacaq.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, 
“İki sahil”