14 may 2019 10:21
85

İnnovasiya, korrupsiyaya qarşı mübarizə, yeni texnologiyalar...

DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılışı bu mühüm amillərin vəhdətliyinin qorunmasının təsdiqidir

Bu ilin fevralında Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bu fikir böyük inamla qeyd olunmuşdur ki, 2019-cu il əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq.

Arxada qalan aylarda imzalanan Fərman və sərəncamlara, görülən işlərə, əldə olunan uğurlu nəticələrə, eyni zamanda, müvafiq dövr üçün hesabat xarakteri daşıyan Nazirlər Kabinetinin iclasında səsləndirilən rəqəmlərə diqqət yetirsək, bu proqnozun reallığa söykəndiyini əminliklə deyə bilərik. Azərbaycanın ən islahatçı ölkə kimi nüfuz qazanması istər idarəçilik sistemində təkmilləşməyə, istərsə də sosial-iqtisadi islahatların dərinləşməsinə əsaslanır. Dünyaya səs salan “ASAN xidmət”, ABAD, DOST kimi yeniliklərimiz şəffaflığa xidmət edən mühüm addımlar sırasındadır. Təbii ki, məqsəd əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılmasıdır. Bugünkü reallıqlarımız dövlətimizin başçısı İlham Əliyevin 2003-cü ildə iqtisadi göstəricilərin təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapması ilə bağlı səsləndiridyi tapşırığın təsdiqidir. Cənab İlham Əliyev uğurlarımızı qeyd edərkən qarşıda duran vəzifələrin çoxluğunu da diqqətə çatdıraraq bildirir ki, bütün problemləri, insanları narahat edən məsələləri həll etməliyik. Həm Bakının, həm digər şəhərlərin, ən xırda kəndin, qəsəbənin belə problemi diqqət mərkəzində olmalıdır.

Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, eyni zamanda, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılışında bildirmişdir ki, sosial sahə bizim üçün prioritet sahədir. Bu sahəyə böyük diqqət göstərilir və bu istiqamətdə aparılan islahatlar artıq özünü göstərir.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mirzəcan Xəlilov qeyd etdiyimiz məqamlarla bağlı açıqlamasında bildirdi ki, yeni şəraitdə Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biri ölkədə milli iqtisadiyyatın inkişafını, rəqabətqabiliyyətliliyinin artmasını bundan sonra da təmin etməkdən və bu əsasda yaranacaq yeni imkanlar hesabına ölkə vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılmasına yönəldilən tədbirlərin əhatə dairəsini genişləndirməkdən ibarətdir. Bütün bunlar kifayət qədər ciddi və əhatəli məqsədlərdir. Ölkəmiz özünün hədəflərinə çatmaqdan ötrü daxili potensialını, qlobal çağırışları və müsbət beynəlxalq təcrübəni nəzərə alaraq yeni inkişaf modeli müəyyənləşdirib. Yeni iqtisadi və sosial inkişaf modelimiz beynəlxalq maliyyə qurumlarının hesabtlarında təqdir olunur. Bu fakt xüsusi qeyd edilir ki, Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün əsas məkan seçilməsi islahatların zamanın tələbinə uyğun olaraq təkmilləşdirilməsinə əsaslanır. Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirmişdir ki, islahatların davam etdirilməsi üçün çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq. Dünya dəyişir, qarşımızda yeni çağırışlar dayanır. Ona görə daim irəliyə baxmalıyıq ki, ölkəmizi necə inkişaf etdirək və inkişafı dayanıqlı və uzunmüddətli edək.

Millət vəkili vurğuladı ki, sosial dövlət özünün bütün vətəndaşlarının iqtisadi və ictimai tərəqqisinə imkanlar yaradır. Ölkəmizdə əmək haqlarının, pensiyaların artırılması müsbət dinamikanın göstəricisidir. Ölkə Prezidentinin qeyd etdiyi kimi, əlavə gəlirlər, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldilir. Minimum əməkhaqqının, pensiyaların, sosial müavinətlərin, tələbələrin təqaüdlərinin artırılması, çoxmənzilli binaların sənədləşdirilməsi və problemli kreditlərin həlli ilə bağlı imzalanan sərəncamlar dövlətin siyasətində insan amilinə verilən dəyərin təsdiqidir. Bütün bu kimi biri-birindən mühüm addımlar böyük sosial paketin tərkib hissəsidir. Dövlətimizin başçısı İlham Əliyev bu mühüm məqamı daim bildirir ki, ehtiyac içində yaşayan vətəndaşlara dövlət həmişə öz yardımını göstərir və göstərəcək. Əhalinin sosial müdafiəsinin gücləndirilməsini şərtləndirən addımlar sırasında regional inkişaf proqramlarının uğurlu icrasını da xüsusi qeyd etməliyik. Artıq 3 Dövlət Proqramının icrası başa çatıb, dördüncü Dövlət proqramı qəbul olunub. Hər bir proqram özündə əks olunan mühüm vəzifələr və icra mexanizmləri ilə diqqət çəkir.

M.Xəlilov əlavə olaraq onu da bildirdi ki, iqtisadiyyatın aynası, davamlı inkişafın barometri kimi dəyərləndirilən dövlət büdcənin real göstəriciləri və artım səviyyəsi də hər bir dövlətdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumilikdə hökumətin fəaliyyətinin səmərəliliyini, faydalı iş əmsalını dəyərləndirməyə imkan verir. Cənab İlham Əliyev daim bu məqsədi qarşıya qoyur ki, qarşıdakı ilin dövlət büdcəsi arxada qalan ilin dövlət büdcəsindən kəmiyyət və keyfiyyət baxımından üstün olmalıdır. Ölkəmizin son illərdə davamlı iqtisadi inkişafı, idarəetmə sistemində təkmilləşmə, enerji layihələrinin uğurlu icrası və s. kimi mühüm amillər dövlət büdcəsində yer alan makroiqtisadi göstəricilərə öz müsbət təsirini göstərir. 2019-cu ilin dövlət büdcəsi də onu deməyə əsas verir ki, bu il ölkəmizin bütün sahələr üzrə dinamik inkişafında mühüm rol oynayacaq. Enerji sektorundan asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı istiqamətində tədbirlərin davamlılığı diqqət mərkəzindədir. İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması ölkənin hərtərəfli inkişafını şərtləndirən amillər sırasındadır. İqtisadi və sosial sahədə aparılan siyasət rəqəmlərdə də öz təsdiqini tapır. Belə ki, cari ilin birinci rübündə ümumi daxili məhsul 3, sənaye istehsalı 4,4, qeyri-neft sektorunda sənaye istehsalı 15,6, kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub. Bu sərmayənin 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb. Ölkə Prezidentinin qeyd etdiyi kimi, ölkəmizdə biznes mühiti yaxşılaşır, sərmayə qoyuluşu üçün normal şərait yaradılıb, həm yerli, həm də xarici iş adamlarının yatırdıqları investisiyalar dövlət tərəfindən lazımi səviyyədə qorunur. Xarici və daxili sərmayəni cəlb etməklə ölkəmizin davamlı inkişafı təmin edilir. Təsadüfi deyil ki, Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Azərbaycan 32 pillə irəliləyərək, ən islahatçı 10 ölkə sırasında yer alıb. Bu inam da ifadə olunur ki, Azərbaycana sərmayə qoyuluşu prosesi bundan sonra da təmin ediləcək.

Millət vəkili özünüməşğulluğun təminatı, ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi fonunda işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı salınmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eyni zamanda, ölkənin məşğulluq strategiyasının səmərəliliyinə geniş imkanlar açıldığına da diqqəti yönəldərək bildirdi ki, qarşıdakı dövr üçün nəzərdə tutulan planların uğurla həyata keçirilməsi, yeni, infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində yoxsulluq səviyyəsi daha da düşəcək. Görülən bütün işlərin əsasında Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi, onların rahatlığının təminatı dayanır. Ölkə Prezidenti müşavirədə bildirmişdir ki, məşğulluğun inkişafı, yəni qeyri-qanuni məşğulluqla mübarizə nəticə verir, ölkəmizin iqtisadi və sosial siyasəti bir-biri ilə uzlaşır. Ancaq biz bunu tam şəkildə icra etsək, ölkəmizin dayanıqlı uğurlu inkişafı təmin olunacaq.

M.Xəlilov dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılışını da bu siyasətin tərkib hissəsi kimi diqqətə çatdırd: “ Ölkə Prezidentinin qeyd etdiyi kimi, Bakıda, bütün bölgələrdə ümumilikdə 31 mərkəzin yaradılacağı planlaşdırılıb. DOST Agentliyinin növbəti illərdə fəaliyyətinin genişləndirilməsi vətəndaşlar tərəfindən də yüksək qiymətləndiriləcək. Dövlətimizin başçısı İlham Əliyevin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin yaradılması məqsədlərinə diqqət yetirmək kifayətdir ki, vətəndaş məmnunluğunun artacağına əminliyi ifadə edək. Prezident İlham Əliyev DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılışında bildirmişdir ki, siyasətimiz DOST mərkəzlərində öz əksini tapır - islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək.” Millət vəkili, həmçinin dövlətimizin başçısı İlham Əliyevin 8 fevral 2019-cu il tarixli “Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” Fərmanını da yeniliyin, təkmilləşmənin prioritetliyinin təsdiqi kimi qeyd etdi.

Yeganə Əliyeva, “İki sahil”