19 iyun 2019 11:10
1383

İnnovasiyayönlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması əsas hədəflərdəndir

Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən   “Azərbaycan Respublikasında  informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın  uğurlu icrasında da əsas hədəf  qeyri-neft amilinin üstünlüyünü təmin etmək, iqtisadiyyatda innovasiyaların tətbiqinin genişləndirilməsi üçün güclü motivasiya mexanizmlərini yaratmaq və inkişaf etdirməkdir. Belə inkişafın əsas dayaqlarından biri informasiya - kommunikasiya texnologiyalarıdır. İKT  hərtərəfli sosial-iqtisadi tərəqqinin aparıcı qüvvəsi rolunu oynayır.

Belə ki, yeni texnologiyalar ölkənin davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, xarici və daxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır. Əsas  hədəflərə çatmaq üçün innovativ, rəqabətqabiliyyətli və ixracyönlü İKT potensialının formalaşdırılması, ölkənin regional informasiya xidmətləri mərkəzinə çevrilməsi, kosmik sənayenin inkişaf etdirilməsi və peyk texnologiyalarının geniş tətbiqi, vətəndaşların  İKT biliklərinin, bacarıqlarının və hazırlığının yüksəldilməsi, “elektron hökumət”in inkişaf etdirilməsi və dövlət idarəçiliyinin bütün səviyyələrində elektron xidmətlərdən istifadə edilməsi, həmçinin mövcud İKT infrastrukturunun və İKT istifadəçilərinin informasiya təhlükəsizliyinin təmin edilməsi, yüksəkixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması, görülən işlərə elmi dəstək verilməsi, ölkənin qlobal informasiya məkanına sıx inteqrasiyası vacibdir.

Bu kimi məqsədlər hər zaman olduğu kimi, bu gün də təhsilə diqqət və qayğını ön plana çəkir.  Təhsili millətin gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bildirirdi ki, təhsil həyatımızın ən gərəkli, mühüm sahəsidir. Ümummilli Liderin bu fikirlərinin davamı olaraq dövlətimizin başçısı İlham Əliyev bildirir ki, o ölkələr yaxşı inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir. Ötən il  ADA Universitetində keçirilən məzun günündə də bu mühüm məqam  xüsusi qeyd edilmişdir ki, uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail ola bilərik: “Bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da qalxsın. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab versin. Əgər biz buna nail ola bilsək, - mən inanıram ki, buna nail olacağıq, - onda ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir. Bizim gənclərimiz bilikli, peşəkar və vətənpərvər olmalıdırlar. Bax, bu amillərin sintezi bizim ölkəmizin gələcək uğurlu inkişafını şərtləndirəcəkdir.”

Ölkəmizdə savadlılığın səviyyəsinin təxminən 100 faizə yaxın olması, təbii ki, uğurlu, təkmil islahatların, təhsilin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir. Təhsilə göstərilən diqqət büdcə xərclərimizdə də özünü təsdiqləyir. Büdcə xərclərində əsas yeri  təhsil və müdafiə xərcləri tutur. Dövlətimizin başçısı bildirir: “Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var.”

Əvvəldə də qeyd etdiyimiz kimi, kosmik sənayenin inkişaf etdirilməsi və peyk texnologiyalarının geniş tətbiqi günümüzün əsas çağırışları sırasındadır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, ölkəmiz  son beş ildə  orbitə 3 peyk çıxarıb: “Azərspace 1” telekommunikasiya peyki, “Azərsky” müşahidə peyki və “Azərspace 2”. Bu mühüm hadisələr  dövlətimizin gücünü, həyata keçirilən siyasətin  uğurlu gələcəyə hesablandığını təsdiqləyir. Ölkə Prezidenti İlham Əliyev üçüncü peykin orbitə buraxılması münasibətilə xalqa təbrikində qeyd etmişdir ki, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir. Cənab İlham Əliyev çıxışlarında bu mühüm məqamı da vurğulayır ki, əgər  inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır.

Təhsilin inkişafında məktəblərin rolu inkaredilməzdir. Ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin artırılması üçün zəruri olan bütün imkanların yaradıldığı, ən əsası müasir dövrün İKT əsri olduğunu nəzərə alaraq, şagirdlərin kompyuterlərlə təminatının yüksək səviyyədə  həyata keçirildiyi göz önündədir.  Məlumdur ki,   Heydər Əliyev Fondu təhsil sahəsində “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələrini həyata keçirir. Bu layihələrin məqsədi ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, dövlətin təhsil siyasətinin həyata keçirilməsinə dəstək göstərməkdir.  “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2 mindən artıq məktəb tikilib və ya əsaslı  təmir olunaraq istifadəyə verilib. Bu günün  əsas çağırışı  budur: “Hər şagirdə bir kompyuter.”

Artıq dərs ili sona çatıb. Növbəti dərs ilinin başlanmasına qədər  yeni məktəblərin tikintisi, yaxud əsaslı  təmiri prioritet məsələlər sırasındadır. Hər yeni dərs ili onlarla məktəbin əsaslı təmirdən sonra istifadəsi ilə yadda qalır. Təhsil göstəricilərində ildən-ilə nəzərə çarpan müsbət dəyişikliklər də deyilənlərin təsdiqidir.

Atılan hər addımda məqsəd  təhsilə ayrılan xərclərdən səmərəli istifadə etmək,  gənc nəslin dünyada  gedən proseslərə uyğun, eyni zamanda, milli dəyərlərə əsaslanaraq inkişafını təmin etməkdir.  Dövlətimizin gənclərin malik olduğu imkanlardan maksimum istifadə istiqamətində atdığı addımların davamlılığı qəbul olunan və uğurla icra edilən Dövlət proqramlarından da aydın görünür. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanan  və dövlətimizin başçısı İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasından gözlənilən nəticələr sırasında da gənclərin intellektual inkişafı və elmi fəaliyyətlərinin stimullaşdırılması, informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi əsas yer tutur.   Müasir dövrün sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında qoyduğu  mühüm vəzifələr əsas tutularaq  ötən ilin sonunda Gənc alimlərin I qurultayı keçirildi.  İntellektual gəncliyin innovativ potensialının üzə çıxarılması, onların təhsil və məşğulluq məsələlərinə diqqətin artırılması, ölkəmizdə və xaricdə yaşayan gənc alimlərin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində işin gücləndirilməsi əsas hədəf kimi irəli sürüldü. Bütün bu addımlar ümumilikdə yenilikçi, müasir düşüncəyə malik olan gənclərin yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə marağının artırılması, ən əsası kadr hazırlığını iqtisadi inkişafın səviyyəsi ilə uyğunlaşdırmağa xidmət edir. 

Dövlətimizin başçısı İlham Əliyevin  16 noyabr 2018-ci il tarixli  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın,  həmçinin 23 noyabr 2018-ci il tarixli  “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiqlənməsi haqqında  Sərəncamları uğurlu iqtisadi tərəqqinin kadr hazırlığının  beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırılmasından asılı olduğunu bir daha təsdiqləyir.  Ali təhsil sisteminin rəqabətliliyinin artırılması öz növbəsində beynəlxalq əlaqələrin inkişafını, dünya təhsil sisteminə inteqrasiyanın sürətləndirilməsini bir tələb kimi ortaya qoyur. Təcrübə mübadiləsinin genişləndirilməsinin qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa böyük stimul verdiyi əldə olunan nəticələrdən də aydın görünür. Ölkə Prezidenti İlham Əliyevin gənclərin xarici ölkələrdə təhsili ilə bağlı Dövlət Proqramının uğurlu icrası da bu kimi məqsədlərə xidmət edir. Artıq bu Proqramın icrası müddətində 5 min tələbənin xarici ölkələrdə təhsili təmin edilmişdir.  Onlar təhsillərini başa vuraraq,  Vətənə qayıtmaqla  əldə etdikləri təcrübələr əsasında ölkəmizin daha da  inkşafına, tərəqqisinə öz töhfələrini verirlər.  

Ölkə Prezidenti İlham Əliyevin  “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə”,  “Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamları,  “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərmanı da təhsilin inkişafına yönələn addımların davamlılığının göstəricisidir.

Qısa təhlil əsasında bu fikri böyük inamla qeyd edə bilərik ki,  dövlətimizin başçısı İlham Əliyevin  “Neft kapitalını insan kapitalına çevirək” tezisi artıq reallıqdır.  İKT sektorunda əldə olunan uğurlar isə  bu əminliyə əsas verir  ki, Azərbaycan bu gün    dünyada  təkcə neft-qaz ehtiyatlarına malik ölkə  deyil, həmçinin  yüksək səviyyəli  elmi potensiala malik və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu innovasiyalar  ölkəsi kimi tanınır. İqtisadiyyatın elmi əsaslara söykənməsi hərtərəfli inkişafa yol açmaqla yanaşı, Azərbaycanın dünyanı bürüyən iqtisadi və maliyyə böhranından az itki ilə çıxmasını da şərtləndirdi.

Ən islahatçı ölkə kimi tanınan Azərbaycanda bu yeniliklər digər sahələr kimi, təhsili də geniş şəkildə əhatə etməklə qarşıdakı illər üçün nəzərdə tutulan hədəflərə yüksək səviyyədə nail olmağa böyük əsaslar yaradır. İnkişaf etmiş ölkələr sırasında addımlamaq istəyini ortaya qoyan ölkəmizin yeni iqtisadi inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunur. Uğurlarımız yaxın zamanlarda Azərbaycan təhsilinin keyfiyyət göstəricilərinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcəyinə əminliyi daha da artırır.

Yeganə Əliyeva, “İki sahil”