07 avqust 2020 18:17
856

İnsanların sağlamlığının qorunması üçün bütün lazimi tədbirlər görülür

Azərbaycan dövləti COVID-19 pandemiyasına qarşı ən təkmil mübarizə vasitələrindən istifadə edir.  Pandemiya ilə mübarizədə dünyanın böyük dövlətləri ilə müqayisədə Azərbaycan daha böyük müvəffəqiyyətə nail olub. Həyata keçirilən tədbirlər sayəsində ölkəmiz  bu sınaqdan uğurla çıxmaqdadır. İlk vaxtlar virusla mübarizə üçün zəruri olan tibbi avadanlıqların çatışmaması dövlətimizin başçısının diqqətini çəkdi və vacib addımlar atıldı. Xəstələrin sayının artması ilə əlaqədar olaraq modul tipli xəstəxanaların tikintisi təşkil edildi. Bu günə qədər artıq modul tipli 9 xəstəxana istismara verilib. Həmçinin Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verildi, 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə verilib. Bu da əlavə 2100 çarpayı deməkdir. İki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi məsələləri həll edildi, qısa müddət ərzində hazır vəziyyətə gətirildi. Eyni zamanda, adambaşına düşən testlərin sayına görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Ölkəmiz qısa müddət ərzində laboratoriyaların sayını 5 dəfə artırdı. Həmçinin bu yaxınlarda ölkəmizə yeni təcili tibbi yardım maşınları gətirilmişdir. Daha yüz maşının gətirilməsi nəzərdə tutulur ki, onlardan 40-ı artıq Bakıdadır. Xəstə vətəndaşalara lazimi tibbi xidmətin, təcili tibbi yardımın göstərilməsi üçün bu maşınlar Azərbaycanın bütün bölgələrinə göndərilir.

Hazırda bir neçə ölkədən Azərbaycana həkimlər dəvət edilib və onlar ölkəmizdə xəstələrin müalicəsi ilə məşğuldurlar. Türkiyədən, Rusiyadan, Kubadan, İtaliyadan və Çindən həkim briqadaları Azərbaycana gəlmiş və artıq fəaliyyətə başlamışlar. Bütün bunlar isə bir daha  Azərbaycan vətəndaşının sağlamlığının qorunmasının hər zaman Prezidentimizin diqqət mərkəzində olmasının bariz nümunəsidir.

Hər bir şəxs ailəsi, yaxınları, ətrafı və ümumilikdə cəmiyyət qarşısında məsuliyyət daşıyır. Karantin rejiminin yumşaldılması rahatlıq yaratmamalıdır. Hazırda dünyanın demək olar ki bir çox dövlətlərində yeni növ koronavirus pandemiyası ilə mübarizə aparılır. Əksər ölkələrdə həyata keçirilən tədbirlərə baxmayaraq, dünyada COVID-19 daşıyıcılarının sayı artmaqdadır. Bu səbəbdən ölkəmizdə karantin rejiminin yumşaldılması insanlarda rahatlıq yaratmamalıdır. Karantin rejiminin yumşaldılması laqeydliyə əsas verməməli, heç kim arxayınlaşmamalıdır. Küçəyə çıxan insanlar qoruyucu vasitələrdən kütləvi halda istifadə etməli, sosial məsafəni qorumalıdırlar. Məhdudiyyətlər götürülsə belə, insanlar mənəvi məsuliyyət daşımalıdır. Çünki dövlət üzərinə düşəni edib, artıq növbə vətəndaşlarındır. Əhali tərəfindən xüsusi karantin qaydalarına əməl edilməməsi Azərbaycanın hər bir vətəndaşının sağlamlığının qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərin səmərəliliyini təhlükə altında qoyur. Ona görə də vətəndaşlarımız bir qədər ehtiyatlı və diqqətli olmalıdırlar. Onlar qeyd olunan qaydalara son dərəcə əməl etsə, hər kəs sosial məsuliyyətini dərk etsə ciddi riayət etsə yaxın günlərdə Operativ Qərargah növbəti yumşalmalar həyata keçirəcək. Amma yumşalma zamanı da gigiyenik qaydalara əməl olunmalı, virusu unudub onun yenidən alovlanmasına şərait yaradılmamalıdır.

Nigar Orucova, “İki sahil”