06 noyabr 2019 12:48
82

İnsanov-Kərimli "izdivac"ından nə törəyəcək?

“Bu gün müxalifətin birliyindən danışmaq absurddur. Azərbaycanda çox kiçik sosial bazası olan müxalifətin liderliyi uğrunda onlarla insan mübarizə aparır. Baxmayaraq ki, bu gün bir dəyirmi masa arxasında yığışıblar. Çox çəkməz ki, bir-birini ittiham etməyə, bir-birinin sosial bazasını əllərindən almağa çalışacaqlar. Bu, illərdir ki, belə davam edir və edəcək”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Müxalifət partiyalarının noyabrın 5-də sabiq Səhiyyə naziri Əli İnsanovun iştirakı ilə birgə Müsavat qərargahındakı toplantısı haqqında danışan millət vəkili bildirib ki, belə bir toplantının keçirilməsi nə cəmiyyəti, nə də Yeni Azərbaycan Partiyasını maraqlandırır: “Toplaşan siyasi qrupların və ayrı-ayrı şəxslərin cəmiyyətdə elə də böyük sosial bazası yoxdur. Eyni zamanda, onların cəmiyyətin problemlərinin həllinə dair hər hansısa konkret proqramları da yoxdur. Ona görə də cəmiyyəti onların nə barədə danışdığı maraqlandırmır. Bu gün insanlarımız özünün problemlərinin dövlət və cənab prezident tərəfindən həll edildiyinin fərqindədir. İnsanların sosial rifahının günü-gündən yaxşılaşması göz önündədir. Dünən Milli Məclisin bir neçə komitəsində 2020-ci il üçün dövlət büdcəsinin müzakirələri gedib. Gələn il üçün büdcəmiz 4 milyard manata qədər artacaq. 200 minə qədər müxtəlif sahələrdə yeni iş yeri açılacaq. Ayrı-ayrı sahələr üzrə əməkhaqlarının artması proqnozlaşdırılır. Bu baxımdan, kimlərinsə sadəcə olaraq toplaşması bir sətir qəzet xəbərindən o tərəfə keçməyəcək".