06 fevral 2019 11:40
348

İnternet Təhlükəsizliyi Günü keçiriləcək

Beynəlxalq Təhlükəsiz İnternet Günü (International Safer Internet Day) Avropa Komissiyasının rəhbərliyi ilə 2004-cü ildən başlayaraq qeyd olunur. Ənənəvi olaraq hər il fevralın ikinci həftəsinin çərşənbə axşamı günü qeyd edilən bu əlamətdar günün  əsas məqsədi isə təhlükəsiz internet haqqında bilgi vermək, gələcək nəsilləri internet şəbəkədəki mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmək, uşaq və yeniyetmələr arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadə qaydaları haqqında təbliğat aparmaqdır.

Hazırda 110-dan çox ölkədə qeyd edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü  Avropa Komissiyasının “Təhlükəsiz internet” proqramı çərçivəsində fəaliyyət göstərən Avropa Təhlükəsiz İnternet Şəbəkəsi (European Safer Internet Network) tərəfindən təşkil olunur.

Azərbaycan da mövcud ənənəyə sadiq qalaraq hər il bu günü qeyd edir. Bu il isə ölkəmizdə bu, xüsusi gün  “STEP IT Academy” tərəfindən qeyd olunacaq. Tədbir fevralın 8-i, saat 19:00-da  Koroğlu Rəhimov 70 ünvanında keçiriləcək. Tədbirdə internet və internet təhlükəsizliyində ixtisaslaşan bir neçə yerli və beynəlxalq şirkətlərin nümayəndələri çıxış edəcək.  Mərasim Azərbaycan dilində keçiriləcək və iştirak ödənişsizdir. Sadəcə olaraq  bu linkdən qeydiyyatdan keçmək kifayətdir: https://bit.ly/2RX7F5W.

Tədbirdə,  internetin yaranma tarixi və Azərbaycanda necə yaranmasından  bəhs olunacaq. Daha sonra isə “AzərTelecom” şirkətinin kommersiya direktoru Samir Nuriyev sözügedən mövzu ilə bağlı  çıxış edəcək. İkinci hissədə isə  internetin distribusiyası, simli və simsiz internet növləri, şəbəkələr sisteminin inzibatçılığı haqqında danışılacaq.  İnformasiya texnologiyalarında təhlükəsizlik üzrə ekspert İlkin Zeynalov isə  tədbir iştirakçılarına sosial mühəndislik və “Phishing” hücumlarına qarşı təhlükəsizlik mövzusunda tədbir iştirakçılarına önəmli məlumatlar təqdim edəcək. “STEP IT Academy”nin Şəbəkələr və kibertəhlükəsizlik kafedrasının təlimçisi Şaiq Səmədov internetdə rastlaşdığımız gündəlik təhlükəsizlik üsullarından bəhs edəcək və öz təcrübəsini sizlərlə bölüşəcək.

Yaqut Ağaşahqızı, “İki sahil”