27 noyabr 2019 15:02
1594

“İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu”

“İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

Noyabrın 27-də SOCAR-ın təşkilatçılığı ilə Four Seasons otelində “İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz, BMT İP-nin Rezident nümayəndəsi Alessandro Frakasetti, Energetika nazirinin müavini Elnur Sultanov, dünyanın müxtəlif aparıcı şirkətlərinin və təhsil müəssisələrinin əməkdaşları iştirak etmişlər.

Beynəlxalq konfransın açılış sessiyası öz işinə iqlim dəyişmələrinə həsr olunmuş videoçarxın nümayişi ilə başlamışdır. SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə açılış nitqi ilə çıxış edərək, son illərdə ən mühüm ekoloji problemlərdən birinin iqlim dəyişmələri olduğunu bildirmiş, qeyd etmişdir ki, alimlərin gəldiyi nəticəyə görə, bu problem birbaşa atmosferdə istilik yaradan qazların artması ilə bağlıdır. R.Hüseynzadə SOCAR-ın fəaliyyət sahələrində istilik effekti yaradan qazların inventarlaşdırılması işlərinin davamlı olaraq aparıldığından söz açmışdır.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxışında qeyd etmişdir ki, neftçıxarma bəşəriyyətə böyük faydalar və üstünlüklər gətirməklə bərabər həm də bir sıra ekoloji risklər yaratmaqdadır. Həmin risklərin minimuma endirilməsi bütövlüklə cəmiyyətin üzərinə böyük vəzifələr qoyur. Bu baxımdan neft və qaz hasilatçıları qarşısında istehsalat sahələrində ətraf mühitin çirklənməsinə yol verməmək istiqamətində daha mühüm öhdəliklər durur. Son illərdə ekoloji problemlərinin həlli üzrə SOCAR-da həyata keçirilən kompleks tədbirlər proqramından danışan şirkət prezidenti qeyd etmişdir ki, SOCAR, bir çox şirkətləri qabaqlayaraq, neft-qazçıxarma müəssisələrində ətraf mühitin əsas çirklənmə mənbələrindən olan lay sularının qapalı sistemdə utilizasiyasını 100%-ə çatdırmışdır. Sovet dövründə yararsız vəziyyətə düşmüş torpaqların bərpası istiqamətində mühüm uğurlar əldə edildiyini vurğulayan R.Abdullayev şirkətin müəssisə və təşkilatlarının balansında olan 2000 hektardan artıq ərazinin rekultivasiya edildiyini, həmin torpaqlarda yaşıllıqlar salındığını nəzərə çatdırmışdır. Qeyd olunmuşdur ki, SOCAR daim öz birgə müəssisələrində və digər əməliyyatçı şirkətlərdə atmosferə atılan çirkləndirici qazların ümumi miqdarını nəzarətdə saxlayır, bu məqsədlə müvafiq monitorinqlər keçirir. Dünya praktikasinda qəbul olunmuş məşəldə yandırılma əmsalı 5% olduğu halda, 2018-ci ildə Azərbaycanda cəmi 1% təşkil etmişdir. Cari ildən isə bu rəqəm 0.9%-ə enmişdir.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev ölkədə həyata keçirilən ekoloji layihələrdən bəhs etmiş, ekoloji maarifləndirmə üçün bu cür tədbirlərin keçirilməsini təqdir etmişdir.

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz iqlim dəyişmələri, enerji sahəsində baş verən keçid prosesləri və qarşıda duran vəzifələrdən bəhs etmiş, neft və qaz hasilatı ilə məşğul olan şirkətlərin enerjiyə artan tələbatı istixana qazları emissiyasını azaltmaq şərti ilə ödəməli olduqlarını bildirmişdir. BP rəsmisi azkarbonlu gələcəyin təmin edilməsində texnologiyaların rolundan və təmsil etdiyi şirkətin həyata keçirdiyi ekoloji layihələrdən danışmışdır.

Konfrans daha sonra “İqlim dəyişməsi və Paris razılşması”, “Yaşıl texnologiyalar və innovasiyalar”, “Ətraf mühit və davamlı inkişaf”, “İqlim dəyişmələri və neft-qaz sənayesində beynəlxalq əməkdaşlıq” sessiyalarında davam etdirilmişdir. Sessiyalarda tanınmış mütəxəssislərin məruzələri dinlənilmiş və mövzular ətrafında fikir mübadiləsi aparılmışdır. Sonda konfransın bəyənnaməsi qəbul edilmişdir.

Qazların atmosferə emissiyasının azaldılmasına nail olmaq üçün 2015-ci ildə iqlim dəyişiklikləri məsələləri üzrə BMT-nin Çərçivə Konvensiyasına üzv dövlətlərin 21-ci konfransında Paris razılaşması imzalanmışdır. Bu razılaşmaya əsasən, dünya dövlətləri könüllülük prinsipinə uyğun olaraq iqlim dəyişmələrinə təsirin yumşaldılması sahəsində bütün imkanlardan istifadə etməlidirlər. Razılaşma ekoloji cəhətdən davamlı gələcəyə yol açır və qlobal temperaturun Selsi ilə 1,5 dərəcə səviyyəsində saxlanılmasını vəd edir.