06 noyabr 2019 19:17
91

İqtisadi inkişafın prioritetlərindən biri

Azərbaycanda prioritet vəzifə kimi qarşıya qoyulan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də qeyri-neft sənayesinin inkişafıdır. Dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı əsasında “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi də məhz bu sahəyə xüsusi diqqət göstərilməsinin bariz sübutudur. Xatırladaq ki, adı çəkilən sənəd qeyri-neft sənayesi ilə bağlı yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanıb.

Son illər müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində ölkəmizdə sənayeləşmə sürətlə inkişaf edib. Metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilməklə yanaşı, yeni sənaye sahələri yaradılıb. Respublikamızda bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib.

Son illər ərzində qeyri-neft sənaye istehsalında müsbət göstəricilər əldə olunub. Belə ki, sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır.

Hazırda ölkədə sənayenin yeni modellərinin tətbiqi diqqət mərkəzində saxlanılır. Yeni istifadəyə verilən və müasir texnologiyalara əsaslanan sənaye parkları və məhəllələri, aqroparklar ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın daha da azaldılmasına əlverişli imkanlar açır. Artıq regionlarda 9 sənaye parkı və məhəlləsi yaradılıb. Bu müəssisələrdə indiyədək 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən artıq 5,7 milyard manatı faktiki olaraq bu sahəyə yönəldilib. Bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Eyni zamanda, bu layihələrin fəaliyyəti nəticəsində artıq 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlıq hissəsi ixraca yönəlib.

Yaradılan sənaye məhəllələri kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafına və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına xidmət edir. Hazırda Neftçala, Masallı sənaye məhəllələri uğurla fəaliyyət göstərir. Dövlət başçısının modern sənayeləşmə siyasətinin növbəti töhfəsi olan Sabirabad Sənaye Məhəlləsi isə bu il istifadəyə veriləcək.

Artıq fəaliyyətdə olan sənaye məhəllələrində indiyədək 30 milyon manatdan artıq məhsul istehsal edilib. Bu sənaye məhəllələrində qeydiyyatdan keçən iştirakçıların sayı 36 olmaqla ümumilikdə, 140 milyon manata yaxın investisiya yatırılması, 2 minədək iş yerinin yaradılması nəzərdə tutulur. Müəssisələrin 21-i artıq fəaliyyət göstərir. Bu il daha 15 müəssisə fəaliyyətə başlayacaq. Belə ki, sözügedən müəssisələrdə rezidentlər qeydiyyata alındığı gündən etibarən 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parklara istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilib.

Yuxarıda qeyd edilənlərə əsaslanıb deyə bilərik ki, Prezident İlham Əliyevin modern sənayeləşmə siyasətinə uyğun olaraq həyata keçirilən layihələrin icrası nəticəsində Azərbaycan hazırda regionun sənaye mərkəzinə çevrilib. Müasir istehsal infrastrukturuna malik sənaye parkı və məhəllələrinin fəaliyyəti ölkədə sənaye sahələrinin tərəqqisini, iqtisadiyyatın yüksəlişini nəzərdə tutan dövlət siyasətinin gerçəkləşdirilməsinə yönəldilir. Bu cür sənaye komplekslərinin yaradılması respublikanın qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin artırılması kimi mühüm vəzifələrin yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Cavid Əkbərov, “İki sahil”