05 noyabr 2019 10:30
122

İqtisadi inkişafın şaxələndirilməsində sahibkarlar böyük rola malikdir

Bakıda keçiriləcək II “CASPINDEXPO-2019” Beynəlxalq Sənaye Sərgisi bir daha ölkəmizdə yaradılan biznes mühitinin təqdimatında əhəmiyyətli rol oynayacaq

Ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasının böyük rola malik olduğu reallıqlarımızdan daha aydın görünür. Qeyri-neft sektorunun inkişafının prioritetliyini açıqlayan  dövlətimizin başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır.

Ölkə Prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclaslarında daim bu məsələyə diqqət yönəldilir, konkret tapşırıqlar verilir. Cari ilin əvvəlində “İnfrastuktur layihələri ilə bağlı dövlət investisiya proqramında nəzərdə tutulmuş bütün vəzifələr ilin sonuna qədər icra edilməlidir” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, atılan bu addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstəkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Bu gün ailə təsərrüfatlarının inkişafından bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən “ABAD” mərkəzlərinin normal fəaliyyətində bu amillərin rolu böyükdür. Həmçinin son illərdə dövlətimizin başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur. “Kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir” söyləyən ölkə Prezidenti bildirir ki, ən müasir texnologiyalar tətbiq edilməlidir.

Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici investisiyaları üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir. Cari ilin ötən dövrünün statistik rəqəmləri də enerji sektorundan asılılığın minimuma endirilməsinin prioritetliyinə işıq salır. Bu məqam hər zaman önə çəkilir ki, əgər sovet vaxtına nəzər salsaq görərik ki, o vaxt bölgü aparılırdı. Azərbaycanda üzüm, pambıq, gül, meyvə, tərəvəz istehsal edilirdi, ancaq yağ, ət, un başqa respublikalardan gətirilirdi. Bu da vahid ölkə üçün məqbul variant idi. Ancaq biz indi müstəqillik dövründə yaşayırıq və əlbəttə ki, çalışmalıyıq öz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək. Təbii ki, rayonlar üzrə aparılan ixtisaslaşma, əvvəldə də qeyd olunduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə həmin sahələrin inkişafına dair müşavirələrin keçirilməsi, prioritetlərin açıqlanması qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olacağımıza əsas yaradır. Əsas hədəflərdən biri  ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, Azərbaycanı yüksək gəlirli ölkələr sırasında görməkdir. İşsizlik və məşğulluq probleminin həlli istiqamətində atılan addımların nəticəsidir ki, bu gün işsizliyin səviyyəsi 5 faizdir. Yoxsulluq da 5 faiz səviyyəsindədir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında  Azərbaycan öz mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir.

Özəl bölmənin əsas sahələrindən olan aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Artıq fəaliyyət göstərən və yaradılmaqda olan aqroparklar ixrac potensialımızı böyük dərəcədə artıracaq. Aqroparkların yaradılması ən müasir təcrübə kimi dəyərləndirilir. Aqroparkda fermer artıq  satışın təşkili, saxlanma, təkrar istehsal kimi məsələlərdən azad olur. Ölkə Prezidenti bu rəqəmləri də açıqlayır ki, dövlət aqroparkların yaradılmasına böyük dəstək göstərir. Ölkə üzrə 45 aqroparkın yaradılması nəzərdə tutulur. Bu aqroparklara təqribən 1-1,5 milyard sərmayə qoyulacaq.

Qeyd edək ki,  son illərdə əksər kənd təsərrüfatı məhsulunun istehsal həcminin artım tempi ölkədə kənd əhalisinin sayının artım tempini dəfələrlə üstələyib. Cari il üçün pambıqçılıq, üzümçülük, baramaçılıq, fındıqçılıq sahəsində nəzərdə tutulan plana diqqət yetirsək, növbəti illər üçün hədəflər özlüyündə açıqlanmış olur. Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir. “Əlbəttə, Azərbaycanın bəzi ərzaq məhsullarını xarici bazarlardan idxal etməsinə baxmayaraq biz çalışmalıyıq ki, öz daxili istehsalımızı maksimum artıraq, fövqəladə hallardan özümüzü qoruyaq” söyləyən cənab İlham Əliyev bildirir ki, özümüzü təmin etmək üçün daxili bazarların daxili resurslar hesabına təmin edilməsi prosesi davam etdiriləcək. Yəni idxaldan asılılıq maksimum dərəcədə azalmalıdır.

Sözsüz ki, müsbət göstəricilərimiz verilən tapşırıqlar və onların icrası nəticəsində mümkün olmuşdur. “Əgər biz oturub gözləsəydik ki, kimsə gəlib bunu bizim əvəzimizə edəcək, hansısa investor gəlib pul qoyacaq, bunların heç biri mümkün olmazdı” söyləyən dövlətimizin başçısı bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafının bütün dövrlər üçün aktual olduğunu bildirir. Ölkəmizdə keçirilən biznes forumlar, həmçinin ölkə Prezidentinin bu və ya digər xarici ölkəyə səfəri zamanı iş adamları ilə görüşləri iqtisadi imkanlarımızın təqdimatında əhəmiyyətli rol oynayır. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanda sabitliyin, eyni zamanda, normal biznes mühitinin mövcudluğunun nəticəsidir ki, son 16 ildə ölkə iqtisadiyyatına 270 milyard dollara yaxın sərmayə qoyulub. Əsas məqsəd daxili investisiyaların həcmini artırmaqdır.

Qısa təhlil əsasında bu vacib məqam diqqət çəkir ki, özünüməşğulluğun təminatı, ən əsası kiçik və orta sahibkarlığın inkişafı əsasdır. Ailə təsərrüfatlarının inkişafına dəstəyin daha da gücləndirilməsi, hər bir ailənin öz məhsulu ilə tanınması üçün şəraitin yaradılması sağlam rəqabətə yol açır. Bu isə öz növbəsində məhsulun keyfiyyətini şərtləndirir. “İxrac məsələlərini mütəşəkkil qaydada, kompleks şəkildə həll etməliyik” söyləyən Prezident İlham Əliyev bu istiqamətdə fəaliyyətin intensivləşməsini tövsiyə edir. Bu sahədə yeni əlaqə vasitəsi olan “Azexport” portalının yaradılması, Azərbaycanda istehsal olunan məhsullar barədə ətraflı məlumatların xarici investorlara çatdırılması yeni metod kimi sərfəlidir.

Ümumiləşdirmə aparsaq, ölkə iqtisadiyyatında rəqabətqabiliyyətli qeyri-neft sektorunun, aqrar sahənin inkişafına nail olmaq əsas hədəflərdəndir. Prezident İlham Əliyevin imzaladığı “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmandan irəli gələn vəzifələrin həlli bu kimi məqsədlərə xidmət edir. Hədəfə çatmaq üçün qeyri-neft sənayesi və kənd təsərrüfatı, o cümlədən fındıqçılıq, üzümçülük və şərabçılıq, tütünçülük, pambıqçılıq, baramaçılıq, ipəkçilik sahələrində, turizm və tranzit potensialının genişləndirilməsi və digər sektorların inkişaf etdirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması təmin edilir, dövlət dəstəyi artırılır, iqtisadi zonalar, sənaye parkları yaradılır, inzibati prosedurlar sadələşdirilir. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını qeyd edən cənab İlham Əliyev bildirir ki, güclü iqtisadiyyat yaradaraq, sosial məsələlərin həlli istiqamətində addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından irəli gəlir. İnsan amilinə artan diqqətin əsasını təşkil edən göstəriciləri daha böyük rəqəmlərlə ifadə etmək, sosial-iqtisadi sahədə davamlı inkişafı təmin etmək üçün potensial baza kimi neft-qaz hasilatı, nəqli və emalı sistemlərinin tikilməsi, yenidən qurulması, modernləşdirilməsi həyata keçirilir, neft-kimya zavodlarından ibarət kompleksi yaradılır. Ən əsası isə qeyri-neft sənayesinə, fermer təsərrüfatlarına investisiya qoyuluşuna, sahibkarlığa əngəl olan halların aradan qaldırılmasına diqqət artırılır.  “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın həlli də qarşıdakı illərdə sənayenin inkişafına təkan verəcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu sahibkarlara, kiçik və orta biznes sahələri üzrə fəaliyyət göstərən müəssisə və şirkət rəhbərlərinə, eləcə də sərgidə iştirak etməkdə maraqlı olan şəxslərə müraciət edib. Noyabrın 6-8-də Bakıda II “CASPINDEXPO-2019” Beynəlxalq Sənaye Sərgisi təşkil olunacaq. Sərgi çərçivəsində noyabrın 7-də yerli və xarici iş adamları və şirkət rəhbərlərinin iştirakı ilə biznes forum keçiriləcək.

Ölkəmizdə müxtəlif sahələri əhatə edən sərgilərin təşkili, bines forumların keçirilməsi Azərbaycanın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Biznes forumlar yeni iqtisadi əməkdaşlıq formatlarının yaranmasına, səylərin birləşdirilməsinə, ölkə iqtisadiyyatına investisiyaların artırılmasına geniş imkanlar yaradır. Azərbaycanda güclü sahibkarlar sinfinin yaranması bugünümüzün reallıqlarındandır.

Yeganə Əliyeva, “İki sahil”