KÖŞƏ

Nurəddin Muğanlı

İqtisadi prioritetlərin əvvəlcədən müəyyən olunması və hədəflərin məqsədyönlü şəkildə reallaşdırılması çox önəmlidir

19 avqust 2020 23:34
3754

İqtisadiyyata mənfi təsirini göstərməkdə olan pandemiya dövründə işsiz əhalinin maddi durumunun yaxşılaşdırılması, aztəminatlı ailələrə yardımların edilməsi, sahibkarlıq subyektlərinə dəstək göstərilməsi istiqamətində görülən  ardıcıl tədbirlər  öz bəhrəsini verməkdədir.

Azərbaycan Prezidentinin tapşırığına və Nazirlər Kabinetinin sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə müvafiq qərarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fərdi (mikro) sahibkarlara hazırda vəsaitlərin köçürülməsi ilə bağlı prosesə start verilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində belə dəstəyə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilir. Avqustun birinci yarsından başlayaraq, ikinci mərhələ çərçivəsində 49 min 421 fərdi (mikro) sahibkarın bank hesablarına maliyyə dəstəyi köçürülməsinə başlanılıb. Birinci mərhələdən fərqli olaraq bu dəfə vergiödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi üzrə ödənişlər əvvəllər bu dəstəyi almış vergiödəyiciləri üzrə həyata keçirilir.

Pandemiya dövründə Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri olan qeyri-neft sektorunun inkişafı ilə bağlı ölkəmizin vaxtında atdığı addımlar, müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi bu çətin sınaq dövründə  öz bəhrəsini verir. Azərbaycan iqtisadiyyatının dayanıqlıq nümayiş etdirməsi bir daha göstərir ki, iqtisadi prioritetlərin əvvəlcədən müəyyən olunması və hədəflərin məqsədyönlü şəkildə reallaşdırılması çox önəmlidir. Ölkə iqtisadiyyatının  hazırkı durumuna nəzər salanda digər ölkələrdəki kimi,  milli iqtisadiyyatı tənəzzülə apara biləcək vəziyyət yaranmadığının  şahidi oluruq.  

Belə ki, pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sahələrinə Vergi Məcəlləsində güzəştlər, qanunda həmin sahələrin adı verilməklə, karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması dövründə yeni fəaliyyət sahələri əlavə edilərək, onların da bu güzəştlərdən faydalanması nəzərdə tutulub. Sənədə əsasən, pandemiyadan zərər çəkən sahibkarlıq subyektləri 2020-ci il üzrə əmlak və torpaq vergisindən azad ediliblər. Onlara 2020-ci ilin nəticələrinə görə, mənfəətdən 75 faizlik güzəştin verilməsi nəzərdə tutulub.

Mikrosahibkarlar xüsusi həssas kateqoriyaya aid olduğu üçün hansı sahədə fəaliyyət göstərmələrindən asılı olmayaraq hazırda onlar üçün Vergi Məcəlləsində mövcud 2 faizlik sadələşdirilən verginin dərəcəsi bu il 1 faizə endirilib.

Sadələşdirilən verginin xüsusi növləri olan, məsələn, ictimai iaşə obyektləri üzrə sadələşdirilən vergi 8 faizdən 4 faizə, sərnişindaşıma sahəsində fəaliyyət göstərən sahibkar üçün isə nəqliyyat vasitəsində oturacaqların sayına görə sadələşdirilən verginin dərəcəsinin 50 faiz aşağı salınması da nəzərdə tutulur. Bununla bərabər, bütün sahibkarlıq subyektlərində fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaka görə mənbədən tutulan 14 faizlik vergi 7 faizə endirilir.

Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bugünədək pandemiyadan zərərçəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq, işçi saylarında ciddi azalmalara yol verməmiş vergiödəyicilərinə iyulun 1-nə olan işçi sayına münasibətdə biraylıq əməkhaqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.

Statistik göstəricilərə  nəzər salsaq görərik ki,  cari ilin altı ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 81,4 min nəfər və ya 5 faiz artaraq 1 milyon 695,1 min nəfər olmuşdur. Onlardan 922,1 min nəfəri iqtisadiyyatın dövlət, 773 min nəfəri qeyri-dövlət sektorlarında fəaliyyət göstərmişdir.

İqtisadi aktivliyin bərpası əhəmiyyətli olmaqla yanaşı, virusdan qorunmaq ilə bağlı qaydalara nəzarətin gücləndirilməsi və əməl edilməsinin təşviqi çox əhəmiyyətlidir.  İqtisadçı  eksperlərin fikrincə, qaydalara əməl etməklə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür.                                                                                                   

Mövsümi amillər fonunda aqrar sektor hesabına qeyri-neft sektorunda ilin növbəti rüblərində ixrac həcminin daha çox olması gözlənir.

Ölkəmizdə  bu və ya digər istiqamətlər üzrə reallaşan dəstək proqramları Azərbaycan iqtisadiyyatının COVID-19 qarşısında duruş gətirəcəyinə əsas verir.