14 fevral 2019 10:39
272

İqtisadi uğurlar gələcəyə çox böyük ümidlərlə baxmağa əsas verir

Əgər inkişaf etmiş ölkələr sırasında addımlamağı əsas hədəf seçmişiksə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnmək, idarəçilik sitemində təkmilləşmə aparmaq, kadr hazırlığını sürətləndirmək mütləqdir. Əsas hədəf iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqdır.

Atılan hər addım uğurların davamlılığına, ən əsası  yüksək rifahın təmin olunmasına xidmət edir.  Dövlətimizin başçısı İlham Əliyevin  8 fevral 2019-cu il tarixli “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Sərəncamı da əhalinin sosial müdafiəsinin gücləndirilməsinin prioritetliyinə bir daha işıq salır.

“Son 15 il ərzində Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan möhtəşəm və əzəmətli inkişaf yolu keçib” söyləyən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mirzəcan Xəlilov bildirdi ki, Azərbaycanın inkişaf modelinin beynəlxalq səviyyədə dəstəklənməsi düşünülmüş və gələcəyə hesablanmış siyasətin nəticəsidir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu sonluqla başa çatması digər mühüm layihələrin gündəmə gətirilməsini şərtləndirməklə yanaşı, iqtisadi inkişafın davamlılığını təmin edir. Ən əsası iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır.  Dövlətimizin başçısı İlham Əliyevin  uğurlu siyasəti, aparılan sistemli islahatlar, göstərdiyi siyasi iradə hər bir vətəndaşın rifahının yüksəldilməsinə yönəlib. Ölkə Prezidenti çıxışlarında daim bu hədəfi bu məqamı önə çəkir ki, həyata keçirilən siyasətin  əsasında vətəndaş amili dayanır. İqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. İrəli sürülən təşəbbüslərin əhali tərəfindən  dəstəklənməsi xalq-iqtidar birliyinin möhkəmliyinin göstəricisidir.

M.Xəlilov  vurğuladı ki, Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda səsləndirilən rəqəmlər Azərbaycanın iqtisadi inkişafının aydın mənzərəsini yaradır. Son 15 ildə  ümumi daxili məhsul 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb.  İqtisadi uğurlar  gələcəyə çox böyük ümidlərlə baxmağa əsas verir.

İnfrastrukturun, o cümlədən sosial infrastrukturun yaradılması, yeni müəssisələrin, texno və sənaye parklarının açılması ümumi iqtisadi inkişafla yanaşı, regionların, ən ucqar kəndlərin inkişafına təkan verir, insanların rifahını yaxşılaşdırır. Xüsusilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsi öz müsbət nəticələrini verməkdədir. Məhz bu uğurlara söykənərək, dövlətimizin başçısı İlham Əliyev regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramını təsdiq etdi. Məqsəd  regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsidir.

Deputat əlavə etdi ki, aparılan iqtisadi islahatlar beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Bütün mötəbər beynəlxalq qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmiz  Dünya İqtisadi Forumunun illik “İnklüziv inkişaf indeksi - 2018” hesabatında inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tutub. Bu hesabatda Azərbaycan 7 mümkün baldan 4,69 bal toplayıb. 2018-ci ildə Dünya Bankının yaydığı “Doing Business 2019” hesabatında  Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur.  Bütün bunlar onu göstərir ki, müasir inkişaf dövrünü yaşayan Azərbaycanın imkanları genişlənir və bu, dövlətimizin dünyada nüfuzunun ildən-ilə artmasına səbəb olur. Bu gün artıq Azərbaycan özünü dünya miqyasında müstəqil siyasət aparan ölkə kimi təqdim edir. Bunun təməlində Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin ideyalarına, irsinə olan sadiqliyi, güclü siyasi iradə, gərgin əmək, yüksək şəxsi keyfiyyətlər, xalqla sıx təmas dayanır.

Yeganə Əliyeva, “İki sahil”