10 avqust 2020 18:42
1037

İqtisadiyyatın “itirilmiş ili” bədbinliyə əsas vermir

Bu gün  bəşəriyyəti çətin sınaq qarşısında qoyan və  geniş şəkildə tüğyan edən  qlobal pandemiya insan sağlığı ilə yanaşı, böyük dövlətlərin iqtisadiyyatına ciddi ziyan vurmaqda davam edir. Qlobal iqtisadiyyatın 2020-ci ildə “iqtisadi dib”ə enəcəyi getdikcə daha real görünür. Koronavirus pandemiyasının  dünya iqtisadiyyatına nə  vaxta kimi  zərər vuracağı, bundan qurtulmaq üçün nə qədər vəsait xərclənəcəyi isə hələ ki, bəlli deyil. Çünki vaxt uzandıqca əlavə xərclərə ehtiyac yaranır. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, iqtisadiyyat üçün “itirilmiş il” sayılan 2020-ci ilin sonunadək 170 ölkə  və ya dünyanın təxminən 90%-i adambaşına daha aşağı gəlirə malik olacaq.

Ancaq buna baxmayaraq, iqtisadi ekspertlər bəzi ölkələrin iqtisadi durumu ilə bağlı nikbin fikirdədirlər. Bu, ilk növbədə, istənilən dövlətdə inkişafın davamlılığını təmin edə biləcək başlıca amillərdən biri  kimi, strateji hədəflərin düzgün müəyyən edilməsindən  çox asılıdır. Dünyaya çox baha başa gələn korona böhranı yeni iqtisadi ideyaları həyata keçirmək üçün münbit şərait də yaradır. Virusun təsirinə məruz qalan ölkələr məhdudiyyətlərin, istehsal durğunluğu və iş itkisinin sosial-iqtisadi nəticələrini yüngülləşdirməklə sağlamlıq risklərinin  öhdəsindən gəlməyə çalışırlar.

Pandemiya göstərdi ki, biz hər an  bu gözəgörünməz virusun fəsadları ilə üzləşə bilərik.  Ona görə də   COVID-19 ilə əlaqəli mövcud nəticələr bəşəri dəyərlərə qlobal bir yanaşma, yeni bir baxış və birgə fəaliyyət tələb edir. Həmrəylik heç bir sərhəd və status tanımayan bir virusa qarşı müqavimət göstərməyin ən optimal yoludur.  

Əlbəttə,  iqtisadiyyata mənfi təsirini göstərməkdə olan pandemiya dövründə işsiz əhalinin maddi durumunun yaxşılaşdırılması, aztəminatlı ailələrə yardımların edilməsi, sahibkarlıq subyektlərinə dəstək göstərilməsi istiqamətində tədbirlər görülür. Lakin əsas  gəlirləri neft-qaz satışı hesabına təmin edilən bir çox ölkələrdə  bu sahədə qeyri-qənaətbəxş vəziyyət hökm sürməkdədir.

Azərbaycan isə  belə ölkələrdən fərqli durumdadır. Pandemiya dövründə Azərbaycan  3,5 milyard manatlıq iqtisadi, sosial və dəstək paketi həyata keçirməklə yanaşı, ÜDM-dəki artımı qoruyub saxlayan ölkələr sırasındadır. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri olan qeyri-neft sektorunun inkişafı istiqamətində ölkəmizin vaxtında atdığı addımlar, müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi bu çətin sınaq dövründə  öz bəhrəsini verir. Ölkə iqtisadiyyatının  hazırkı durumuna nəzər salanda digər ölkələrdəki kimi,  milli iqtisadiyyatı tənəzzülə apara biləcək vəziyyət yaranmadığının  şahidi oluruq.  

Dövlətimiz  bu çətin günlərdə sahibkarlıq subyektlərini də diqqət mərkəzində saxlayır, onlara dəstək göstərmək üçün əlindən gələni edir. İqtisadiyyatın aparıcı qüvvəsi olan özəl sektorun inkişafına  dövlətin  və hökumətin  qayğı göstərdiyini İqtisadiyyat naziri Mikayıl Cabbarov avqustun 7-də sahibkarlarla keçirdiyi onlayn görüşdə də qeyd  etdi.  Eyni zamanda, nazir pandemiyanın milli iqtisadiyyata, məşğulluğa və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin minimallaşdırılması üçün Azərbaycan Prezidenti İlham Əliyevin dövlət orqanları qarşısında çox ciddi vəzifələr qoyuğunu bildirdi.

Görüşdə qeyd olundu ki, sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə Nazirlər Kabinetinin qərarına əsasən  sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan vergi ödəyicilərinə işçi sayına münasibətdə bir aylıq əməkhaqqı fondu həcmində, fərdi (mikro) sahibkarların isə daha çox ehtiyacı olan hissəsinə təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcəkdir. Bunlarla yanaşı,  Nazirlər Kabinetinin qərarı ilə 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək sahibkarlar dövlət və bələdiyyə torpaq sahələrinin, hüquqi şəxslər və fərdi sahibkarlar (o cümlədən həmin kateqoriyadan olan sənaye məhəllələrinin iştirakçıları) dövlət əmlakının icarə haqqından azad ediləcək, sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanları artıracaq, pandemiyadan zərərçəkmiş sahələrə dövlət dəstəyinin gücləndirilməsi məqsədilə sahibkarlığın maliyyələşdirilməsi alətləri genişləndiriləcəkdir. Qeyd  olunub ki, sahibkarların dövlət zəmanətli krediti asan və şəffaf formada əldə etməsi üçün yaradılmış Elektron Kredit Platforması vasitəsilə artıq bir ay ərzində 12 milyon manatdan çox kredit verilməsi təsdiq edilib.                                                                                                                    Hazırda iqtisadiyyata təhdidlərin qarşısının alınması istiqamətində qeyri-neft sektorunda iqtisadi fəallığın canlandırılması, iş yerlərinin qorunması baxımından stimullaşdırıcı effektli layihələrin və tədbirlərin maliyyələşdirilməsi, investisiya yönümlü kreditləşdirmə, özəl investisiya qoyuluşunun təşviq edilməsi, tikinti-məşğulluq və digər istiqamətlərdə təkanverici tədbirlərin görülməsi qarşıda duran əsas hədəflərdəndir.

Mövsümi amillər fonunda aqrar sektor hesabına qeyri-neft sektorunda ilin növbəti rüblərində ixrac həcminin daha çox olması gözlənir.

Bir sözlə, görünən odur ki, Azərbaycanda iqtisadiyyatın və biznesin pandemiyadan qorunması üçün dövlətin atdığı addımlar sahibkarlar tərəfindən  müsbət qiymətləndirilir. Artıq sahibkarlar da bilirlər ki, karantin rejiminin yumşalmış qaydalarına riayət etməlidirlər və bu  çərçivədə öz bizneslərini yeni həyat tərzinə uyğun qurmalıdırlar.

Ölkə iqtisadiyyatının  bu və ya digər istiqamətləri üzrə reallaşan dəstək proqramları gələcəyə nikbin baxmağa əsas verir.

N.Muğanlı, “İki sahil”