15 may 2019 10:35
76

İqtisadiyyatın yeni inkişaf strategiyası 5 illik müddəti əhatə edəcək

Azərbaycan Cənubi Qafqazda həm ümumilikdə, həm də regionlar üzrə əhali artımının müşahidə olunduğu yeganə ölkədir. Bu barədə Dünya Bankının “South Caucasus in Motion” adlı hesabatında qeyd olunur. Hesabatda bildirilir ki, ölkəmizdə əhalinin 53,1 faizi şəhərlərdə yaşayır. Qeyd olunur ki, 2000-2015-ci illərdə Azərbaycanda ümumi daxili məhsul orta hesabla ildə 11 faiz artıb: “Bu əhəmiyyətli artıma yüksək sosial transferlər sayəsində yoxsulluğun azaldılması və real əməkhaqqının kəskin artımı səbəb olub. Ölkədə adambaşına düşən real ümümi daxili məhsulun orta illik artımı Abşeron iqtisadi rayonunda 3 faiz, Naxçıvan Muxtar Respublikasında isə 10 faiz arasında dəyişir”.

Heç şübhəsiz ki, Azərbaycanda ümumi daxili məhsulun artımı ölkəmizdə güclü iqtisadiyyat modelinin mövcud olması ilə əlaqədardır. Hazırda Azərbaycanda iqtisadiyyatın yeni inkişaf strategiyası hazırlanır və ölkəmizdə aparılan islahatlar beynəlxalq qurumlar tərəfindən dəstəklənir.

Ölkə iqtisadiyyatının inkişafı istiqamətində hazırlanan yeni strategiyanın əhəmiyyəti barəsində danışan iqtisadçı ekspert Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirdi ki, inkişaf strategiyası “Makkenzi” şirkəti tərəfindən hazırlanır və 5 illik müddəti əhatə edəcək: “Strategiya hazır olduqdan sonra yerli mütəxəssislərlə də müzakirəsi həyata keçiriləcək. Müzakirə bitdikdən sonra strategiyanın dövlət başçısı tərəfindən təsdiq olunması gözlənilir”.

V.Bayramov vurğuladı ki, “Makkenzi” şirkəti bir sıra ölkələr üçün də inkişaf strategiyası hazırlayıb: “Həmin strategiyalarla tanış olmuşuq. “Makkenzi” şirkətinin hazırladığı strategiyada diqqətçəkən məqamlardan biri də hər bir sektor üzrə konkret ideya və layihələrin olmasıdır. Eyni zamanda, fəaliyyətlərin ümumi daxili məhsula, məşğulluğa necə təsir göstərməsi də qeyd olunur”.

Həmsöhbətimiz qeyd etdi ki, inkişaf strategiyasının hazırlanması və qəbul olunması iqtisadi inkişafa daha sistemli yanaşmanın nümayiş etdirilməsinə imkan verəcək: “Strategiya qəbul olunduqdan sonrakı 5 il ərzində ölkədə həm sistemli, həm sosial baxımdan dərinləşmiş islahatlar həyata keçiriləcək. Hazırlanacaq yeni strategiya ölkə iqtisadiyyatının inkişafına səbəb olacaq”.

Cavid Əkbərov, “İki sahil”