05 fevral 2019 18:21
239

İrakli Kobaxidze: Əgər lazım gəlsə...

Gürcüstan parlamentinin builki yaz sessiyasının ilk iclasında Axalkalakidə Qarabağ separatçısı olan erməni hərbçi Mixail Avaqyana büstün ucaldılması məsələsi qaldırılıb.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, parlamentin deputatı Azər Süleymanov çıxışında separatçıya Gürcüstan torpağında büstün qoyulmasını pisləyib və höküməti bununla bağlı ciddi addım atmağa çağırıb.

O bildirib ki, 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü olarkən niyə görə Gürcüstan torpağında əli günahsız insanların qanına bulaşan və Azərbaycan xalqının düşməni olan Mixail Avaqyana büst qoyulub? 

"Ən pisi isə budur ki, büstün açılış mərasimində deputatlar, bələdiyyə sədri, mer və Ermənistanın ölkəmizdəki səfiri iştirak ediblər. Bu, xalq arasında böyük narahatçılıq və ajiotaj yaradıb. Cənab Kobaxidze, mən sizdən bir cavab istəyirəm ki, sizin deputatlarınız orada iştirak edib və siz buna necə qiymət verə bilərsiniz?”, - deyə deputat söyləyib.

A.Süleymanov həmçinin qeyd olunan büstün sökülməsi tələbini də qaldırıb: “Cənab Kobaxidze, bizim xahişimiz odur ki, Gürcüstanın imicinə xələl gətirən həmin büst götürülsün və bu kimi hallar Gürcüstanda bir daha təkrar olunmasın”.

Məsələyə münasibət bildirən prlament sədri İrakli Kobaxidze isə bildirib ki, Gürcüstanın qonşu ölkələrlə bağlı aydın mövqeyi var: “Biz qonşu ölkələrin maraqlarına hörmət edirik və bu maraqlara uyğun hərəkət edirik. Əgər lazım gəlsə, biz azərbaycanlı həmkarlarımızla məsləhətləşmələr aparacağıq və bir yerdə qonşuluqda sülh şəraitinin qorunub saxlanılması üçün qərar qəbul edəcəyik”.