21 yanvar 2019 20:26
911

İran portalları 20 Yanvar hadisələrindən yazır

İranın “Tasnim news” və “Shahronline.ir” informasiya portallarında 20 Yanvar faciəsindən bəhs edən məqalələr dərc olunub.

AZƏRTAC xəbər verir ki, hər iki portalda dərc olunan məqalələrdə Azərbaycan xalqının milli müstəqillik və azadlığı uğrunda apardığı mübarizədən bəhs olunur.

Yazılarda bildirilir ki, 1990-cı ilin 20 yanvarında küçə və meydanlara çıxan Azərbaycan xalqı Dağlıq Qarabağın işğalına etiraz edirdi və azadlığını əldə etməyə çalışırdı. Lakin SSRİ rəhbərləri Bakı şəhərinə qoşun yeridərək xalqın qanını axıtdı. Bununla imperiya rəhbərliyi xalqı qorxudub onu müstəqillik tələb etməkdən çəkindirməyə çalışdı. Lakin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev heç nədən çəkinməyərək Moskvada bəyanat verərək SSRİ rəhbərlərini cinayət törətməkdə ittiham etdi. Bundan ruhlanan xalq azadlığı uğrunda mübarizəsini davam etdirərək müstəqillik əldə etdi.

Qeyd edilir ki, həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirilib, 25-i qadın, 20-si uşaq olan 700-dən artıq vətəndaş yaralanıb. Bu hadisələrdə, ümumilikdə, 147 nəfər mülki insan qətlə yetirilib.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hər il 20 Yanvar tarixi Ümumxalq Hüzn Günü kimi qeyd olunur və şəhidlərin xatirəsi yad edilir.