13 yanvar 2020 13:36
104

“İrəvan xanlığı” kitabı alman dilində nəşr olunub

İrəvan xanlığının tarixindən bəhs edən kitabın alman dilində nəşrinin təqdimatı olub

Yanvarın 13-də Azərbaycan Milli Elmlər Akademiyasında Tarix İnstitutunun təşkilatçılığı ilə “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının alman dilində nəşrinin təqdimatı olub.

Kitabın elmi redaktoru və layihə rəhbəri, Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, tərcüməçisi və redaktoru isə filologiya üzrə elmlər doktoru, professor, Aleksandr fon Humboldt Fondunun laureatı Səadət Zeynalovadır.

Tədbiri akademik Yaqub Mahmudov açaraq rəhbərlik etdiyi müəssisənin əməkdaşlarının Azərbaycanın tarixi və itirilmiş torpaqlarını daim diqqət mərkəzində saxladığını, ölkəmizə qarşı yenidən ərazi iddiaları ilə çıxış edənlərə tutarlı faktlarla cavab verdiklərini söyləyib. Qeyd edib ki, ölkə başçısı bu məsələdə daim onlara dəstək verib və İrəvan xanlığının, Qarabağın, Naxçıvanın tarixi ilə bağlı bir çox nəşr məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanıb. Akademik Yaqub Mahmudov diqqətə çatdırıb ki, Prezident İlham Əliyev bütün bu uğurlara görə Tarix İnstitutunun 13 əməkdaşını Azərbaycanın Dövlət mükafatına layiq görüb.

Ermənistan Respublikasının tarixi Azərbaycan torpaqlarında yarandığını deyən Yaqub Mahmudov erməni vandallarının İrəvan xanlığının ərazisində 300-dən çox məscidi yerlə yeksan etdiklərini vurğulayıb. Yeni nəşrin ermənilərə, onların havadarlarına və bütövlükdə dünya ictimaiyyətinə ciddi mesaj olduğunu bildirən akademik diqqətə çatdırıb ki, vəsait indiyədək türk, ingilis, rus, rumın, italyan, ərəb və ispan dillərinə tərcümə olunub, İtaliya, Rumıniya, Meksika və Misirdə geniş təqdimatı keçirilib.

Müəssisənin direktoru Almaniya arxivlərində Azərbaycanın tarixi ilə bağlı mühüm məlumatların olduğunu, Tarix İnstitutunun əməkdaşlarının həmin sənədlər üzərində tədqiqatlar apardığını söyləyib. O, nəşrin alman dilinə tərcüməsinin Almaniyada və bütövlükdə Avropada erməni yalanları ilə bağlı mübarizədə önəmli rol oynayacağını qeyd edib, eləcə də insanlarda Dağlıq Qarabağ münaqişəsinə qarşı baxışı, ikili standartları dəyişdirəcəyini bildirib.

Almandilli oxuculara təqdim olunan kitabda İrəvan xanlığının əhalisi, sosial-iqtisadi həyatı, sərhədləri, inzibati bölgüsü, idarəçilik sistemi, mədəniyyəti və xarici siyasətindən, çar Rusiyasının işğalçılıq planlarından, xanlığın çar Rusiyası tərəfindən ələ keçirilməsindən, işğal olunmuş İrəvan xanlığı ərazisinə ermənilərin Qacarlar İranından və Osmanlı imperiyasından kütləvi surətdə köçürülmələrindən, İrəvan xanlığı ərazisindəki azərbaycanlılara məxsus yer adlarının kütləvi surətdə dəyişdirilməsindən bəhs edilir.

Tədbirdə çıxış edən tarixçi alimlər müasir Ermənistan dövlətinin ərazisinin qədim Azərbaycan torpaqları olması barədə gerçəkliklərin dünya ictimaiyyətinə çatdırılmasının önəmini vurğulayıblar.

Sonda İrəvan xanlığına həsr olunan videoçarx nümayiş etdirilib. //AZƏRTAC