14 avqust 2019 20:05
272

İşğalçı dövlətin hərbi fiaskosu

Ermənistan hökuməti uzun illər ordusunda baş verən neqativ halları ört-basdır edib. Hətta Sarkisyan dönəmində övladları Qarabağda öldürülən əsgər analarının prezident sarayı qarşısında mütəmadi keçirdikləri etiraz aksiyaları polisin gücü hesabına dağıdılıb. Xüsusilə, erməni hərbçilərinin qeyri-döyüş şəraitində öldürülməsi halı durmadan artdığı üçün Ermənistan cəmiyyətində ciddi narazılıqlar yaranıb. Paşinyanın hakimiyyətə gəlməsi də orduda baş verən ölüm hallarını, cinayət əməllərini aradan qaldırmadı. İşğalçı ölkənin silahlı qüvvələrində özbaşınalıq baş alıb gedir. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq departamentində S.Arman və Q.Hraçya adlı vətəndaşlara qarşı cinayət işinin açılması isə burada böyük uçurumun olduğunu göstərir. Araşdırmalardan sonra məlum olub ki, hər iki şəxs külli miqdarda pul mənimsəyib və dələduzluq edib. Məlumatlara əsasən, hər iki adları çəkilən şəxs işğal altında olan Qarabağ ərazisində dislokasiya olunan Ermənistan ordusunun hərbi hissələrinə baş çəkərək, əsgərlərlə tanış olub, geniş əhatə dairəsi olan general qohumlarının olması barədə əsgərləri inandıra biliblər. Onlar əsgərlərin xidmət şəraitinin yaxşılaşdırılması, taborlar arasında yerdəyişmə, xəstəxanada müayinə və müalicənin təşkil edilməsi, həmçinin hərbi xidmətdən azad edilməsi kimi məsələlərdə kömək göstərə biləcəklərini deyiblər. Bu xidmətlərin müqabilində 2018-ci ilin sentyabr ayından 2019-cu ilin may ayınadək saxta generallar əsgər valideynlərindən 5 mindən 15 min ABŞ dollarınadək pul alaraq mənimsəyiblər.

Bu günlərdə Azərbaycanın işğal altında olan Ağdərə rayonunun, Madagiz kəndi ərazisindəki hərbi hissədə 2018-ci ildə baş vermiş cinayət hadisəsi ilə bağlı məhkəmə materialları yayılıb. Maraqlıdır ki, məhkəmə əsgərlərə işgəncə verən və onları döyüb təhqir edən erməni zabiti cinayət məsuliyyətindən azad edib. Bu azmış kimi, Ermənistanın Müdafiə Nazirliyi açıqlama verərək zabitin haqlı olduğunu bildirib və nizamnamədən kənar hərəkət etdikləri üçün əsgərlərin cəzalandırılmasını doğru hesab edib. Bu faktın özü bir sıra suallar yaradır. Ermənistan ordusunda özbaşınalıqlar niyə günbəgün artır və hökumət niyə laqeydlik nümayiş etdirir?

Erməni KİV-lərinin yaydığı məlumatda deyilir: “Orduda hökm sürən vəziyyəti dəyişmək üçün struktur islahatları olmalıdır, ərzaq təchizatı düzəlməlidir, hərbi hissələr yenidən qurulmalı və ya təmir olunmalıdır, zabitlərlə sıravi heyət arasında münasibətlər normallaşmalıdır. İndiki halda bunların heç biri Ermənistan ordusunda yoxdur. Məhz bu səbəbdən də ölüm halları, toqquşmalar, zorakılıq artır. Bəzən onlar döyüş itkilərindən çox itkilər verirlər. Ya maşın dərəyə düşür, ya zabit əsgərini öldürür və ya əksi olur. Ermənistan ordusunda ölüm xəbərləri artdığına görə, illər öncə əsgər anaları komitəsi yaradıldı. Bu komitə Sarkisyanın dövründə az qala hər gün prezident sarayı qarşısında yürüş-mitinq edirdi ki, övladlarımızı öldürməyin, zorakılığa son qoyun”.

Göründüyü kimi, qeyri-döyüş itkilərinin döyüş itkilərindən 2 dəfə çox olması erməni ictimaiyyətini xeyli bədbinləşdirib. Erməni ictimaiyyəti və ekspertləri orduda neqativ halların ildən-ilə artmasının səbəbini - hakimiyyətdə olduğu kimi, orduda da klanlaşma siyasətinin mövcudluğunda, korrupsiyanın adi hala çevrilməsində, illik hərbi büdcədə nəzərdə tutulandan artıq maliyyə vəsaitinin əlavə silah-sursat və döyüş texnikalarının alınmasına sərf edilməsində və eləcə də, zabit-gizirlərin maddi və sosial durumlarının çox aşağı səviyyədə olmasında görürlər. Təsadüfi deyil ki, bu günlərdə bir qrup hərbi qulluqçu Nikol Paşinyana əsgər yoldaşlarının anasının həbsdən azad olunması ilə bağlı qərar qəbul etməsini xahiş edən məktub ünvanlayıblar. Belə ki, həbs edilmiş qadın öz ac uşaqlarının qarınlarını doydurmaqdan ötrü 10 min dram oğurlayıb. Hərbçilər bir ay sonra əsgər yoldaşlarının hərbi xidmətdən tərxis olunacağını qeyd edərək, onun evə dönərkən, nə anasını, nə də bacısını görə bilməyəcəyini yazıblar. “Ümumiyyətlə, heç evi də yoxdur, çünki ailə kirayədə yaşayırdı”, deyə məktubda bildirilir. Erməni saytı yazır ki, hərbçilərin açıq məktubu və ictimai rakursda “kişi söhbətlərinin” müzakirəsi Ermənistan üçün yeni məsələdir. “Belə ki, ordu uzun illər oğru qanunları və davranışları ilə idarə olunub və nəticədə hakimiyyətlə hər hansı bir məsələni həll etmək, məktub yazmaq, yoldaşlarına görə xahiş etmək “nakişilik” hesab edilib”, -deyə qeyd edilən yazıda əsas reallıq vurğulanır: “Belə bir ordu ilə qələbə qazanmaq olmaz”.

Sevinc Azadi, “İki sahil”