01 oktyabr 2020 18:42
955

İşğalçı Ermənistan beynəlxalq hüququn normalarını kobud şəkildə pozur

Eldəniz Səlimov: İşğal altında olan torpaqlarımız möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyəti sayəsində azad olunacaq

«Azərbaycanın Ermənistanın təcavüzündən əziyyət çəkdiyi heç kimə sirr deyil. Artıq dünya ictimaiyyəti də görür ki, işğalçı Ermənistan beynəlxalq hüququn normalarını kobud şəkildə pozur, illərdir azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Təbii ki, münaqişənin həlli beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmalıdır. Bununla bağlı 1993- cü ildə Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edilib. Lakin Ermənistan beynəlxalq hüquq normalarını heçə sayaraq işğalçılıq siyasətinə son qoymur, əksinə, ələ keçirdiyi Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma siyasəti həyata keçirir. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatların oxşar qətnamələrinə məhəl qoymayan Ermənistan regionda sülhün bərqərar olmasına maneçilik törədir.» Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib.

Eldəniz Səlimov vurğulayıb ki, təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir: «Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik» deyən Azərbaycan Prezidenti qeyd etdi ki, təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Odur ki, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir. Bu fikirlər birmənalı olaraq  Azərbaycan xalqının və dövlətinin iradəsini ifadə edən mövqedir. Dövlət başçısının çıxışı Azərbaycan xalqının Qarabağ problemi, ərazi bütövlüyü məsələsi ilə bağlı 32 ildən bu yana sərgilədiyi mövqeyinin, yanaşmasının növbəti dəfə, ən yüksək səviyyədə, birmənalı və sərt şəkildə ifadəsidir: "Qarabağ, torpaq, ərazi bütövlüyü məsələsində Azərbaycanın mövqeyi dəyişməzdir və dəyişməz olaraq qalacaq. 32 ildə bu məsələdə heç bir güzəşt olmadığı kimi, bundan sonra da olmayacaq. Azərbaycandan güzəşt gözləyənlər, buna ümid edənlər çox yanlış mövqedədir. Bunu bir daha şovinizm xəstəliyindən, faşizm, terrorizm düşüncəsindən, «erməniçilik» virusundan qurtula bilməyən ermənilər də, onları illərdir Azərbaycana qarşı qaldıranlar da yaxşı bilsinlər. Bu günün Azərbaycanı artıq ötən əsrin 90-ci illərinin zəif, gücsüz, müdafiəsiz Azərbaycanı deyil. Azərbaycan dünya düzənində mühüm yeri və rolu olan, dünyada oyun qaydalarının müəyyənləşdirilməsində yaxından iştirak edən, söz, nüfuz sahibi kimi qəbul edilən güclü, siyasi, iqtisadi, hərbi cəhətdən qüdrətli dövlətdir. Ordumuz peşəkar, yüksək döyüş qabiliyyətli, dünyanın ən güclü orduya malik olan 50 ölkəsinin ordusu sırasında inamla addımlayır. Bu ordu öz gücünü 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Cünnüt əməliyyatında, bu ilin iyulunda Tovuz hadisələrində bir daha hər kəsə nümayiş etdirdi.»

 2016-cı ilin Aprel döyüşlərindən sonra Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı kimi dəyərləndirilir. Dağlıq Qarabağ problemi ümummilli məsələ olaraq hər bir vətəndaşdan münaqişənin həlli istiqamətində atılan addımlara dəstək göstərməyə, möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırışdır. 50 siyasi partiyanın cənab İlham Əliyevin ətrafında sıx birləşərək  göstərilən qətiyyətli addımlara dəstək verməsi də  ölkəmizdə vətəndaş həmrəyliyinin göstəricisidir.

E.Səlimov xüsusi olaraq qeyd edib ki, bugünümüzün reallığı budur ki, Azərbaycan Ordusu əks-hücum əməliyyatlarını davam etdirərək işğal altında olan torpaqlarımızda düşmənə sarsıdıcı zərbələr endirir. Azərbaycan Ordusu öz torpağında Azərbaycanın  ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Möhtərəm Prezidentimizin bəyan etdiyi kimi, erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan işğalçı dövlətdir, işğala son qoyulmalıdır və  Azərbaycan xalqının ən ülvi arzusu məhz budur. Möhtərəm Prezidentimiz İlham Əliyev böyük qətiyyətlə və inamla bildirir ki, biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Mehriban xanım  Əliyevanın rəsmi «Instagram» səhifəsindəki paylaşımı da qürurvericidir. Paylaşımda deyilir ki, Ermənistanın növbəti silahlı təxribatına cavab verildi! Azərbaycan Ordusu öz Vətənini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini azad edir: «Azərbaycan dövlətinə və xalqına dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən bütün insanlara, təşkilatlara və dövlətlərə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdaram. Onların həmrəyliyi və mənəvi dəstəyi bu gün hər bir azərbaycanlıya qürur hissi yaşadır. Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm! Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görünməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!»

E.Səlimov diqqətə çatdırıb ki, bu gün ölkəmizdə  milli birlik və həmrəylik   hiss olunur. Qəhrəman oğullarımız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şöbələrinin qarşısında cəbhəyə yollanmaq, silaha sarılıb  işğal altında  olan torpaqlarımızı azad etmək üçün  növbələr gözləyirlər. Bütün bunlar bizi hər an qələbəyə daha da yaxınlaşdırır. Hər bir Azərbaycan vətəndaşı bir neçə yaşayış məntəqəmizin, strateji yüksəkliklərin alınmasını böyük qürur hissi ilə qeyd edir. Xalqımız hər zaman əmindir ki,  işğal altında olan torpaqlarımız möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyəti sayəsində azad olunacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva,
«İki sahil»