20 sentyabr 2020 09:50
688

İşğalçı Ermənistan İslam dünyasına yad ünsürdür

Bu həftənin əvvəlində Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Misirə səfər edib. Səfər ərəfəsində nazirin müşaviri Ruben Karapetyan bildirib ki, ərəb ölkələri ilə yaxınlaşmağa can atan rəsmi Yerevan özünün Yaxın Şərq strategiyasını hazırlayıb. Guya Mnatsakanyanın səfəri də bu kiçik ölkənin praqmatik olmayan böyük iddialarının həyata keçirilməsində ilk addım imiş.

Erməni müşavir qeyd edib ki, Ermənistan həmişə Yaxın Şərqin ayrılmaz hissəsi olub və gələcəkdə bu regionda gedən proseslərdə daha fəal iştirak etmək niyyətindədir. Diqqətlə təhlil etdikdə isə, “strategiya”nın əsas mahiyyətinin ermənilərin antitürk isterikası və ərəb ölkələrini, o cümlədən Misiri Ankara ilə daha ciddi münaqişəyə cəlb etmək kimi utopik ideya olduğu görünür. Karapetyan əlavə edib ki, Ermənistan üç dənizdə - Qara dəniz, Aralıq dənizi və Xəzərdə əsas geosiyasi proseslərin iştirakçısıdır. Sual yaranır; məgər Ermənistanın bu dənizlərə çıxışı var? Bəlkə beynəlxalq sənədlərdə işğalçı kimi göstərilən bu ölkə Rusiya və ya İranın ərazilərini zəbt edib Xəzərə, yaxud Türkiyə və Gürcüstanın torpaqlarını işğal edib Qara və Aralıq dənizlərinə çıxmaq niyyətindədir?

Yaxın Şərqin və Afrikanın strateji əhəmiyyətə malik olan ölkəsi Misirin Türkiyə ilə münasibətlərində davam edən, lakin yaxın gələcəkdə həlli mümkün olan gərginlik erməniləri “yuyulmamış qaşıq” kimi ortaya atılmağa sövq edib. Əslində, ermənilərin böyük əksəriyyəti bu ölkəyə Osmanlı imperiyası dövründə köçüblər. Tarixi sənədlər göstərir ki, “əzabkeş xalq” üçün Misirdə adaptasiya prosesi çətin olub. Əvvəla, burada varlanmaq çox çətin imiş, digər tərəfdən, yerli xalqın onlara münasibəti yaxşı olmayıb. Ötən əsrin 70-80-ci illərində - Ənvər Sadatın və Hüsnü Mübarəkin hakimiyyətləri dövründə ermənilərin Misirdən köçü başlayıb. Belə ki, 1970-ci ildə Misirdə 86 min erməni ailəsi yaşayıb. Hazırda isə onların sayı cəmi 10 min ailədir. Qahirənin mərkəzində - Tələt Hərb meydanında tikilən erməni kilsəsi, banklarda, orduda yüksək vəzifələrə təyinat isə arxadan xaincəsinə zərbə endirdikləri Osmanlı dövründə olub.

Gözlənildiyi kimi, Mnatsakanyan Qahirədə keçirdiyi mətbuat konfransında Türkiyə və Azərbaycan əleyhinə fikirlər səsləndirib. Az qala fironların da erməni mənşəli olduğunu iddia edəcək qədər uzağa gedərək ermənilərin Misir sivilizasiyasının bir hissəsi olduğunu deyən erməni nazir özünün yalanla dolu monoloqunu təqdim edib. Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ermənilərə qarşı birtərəfli aqressiv münasibət göstərdiyini qeyd edən Mnatsakanyan həyasızcasına iddia edib ki, Ankara muzdlu əsgərləri Azərbaycana göndərir və münaqişəni körükləyir. Bunu o dövlətin baş diplomatı deyir ki, işğal etdiyi ərazilərdə qeyri –qanuni məskunlaşdırma siyasəti aparır, Livan, Suriya və başqa ərəb ölkələrindən şübhəli keçmişi olan erməniləri Azərbaycan torpaqlarına gətirir. Erməni nazir daha sonra antitürk isterikasını davam etdirərək deyib ki, münaqişənin müharibə yolu ilə həlli mümkün deyil və Türkiyənin mövqeyi danışıqlara əngəldir. Lakin bütün dünyada, o cümlədən Misirdə də çox gözəl bilirlər ki, Ermənistanın son hərbi təxribatı məhz bu ölkənin sülhə təhlükə olduğunu sübut edib.

Erməni həmkarını səbirlə dinləyən Misirin Xarici İşlər naziri Sami Şükrü məsələ ilə əlaqədar bir cümləlik fikir səsləndirib: “Biz Ermənistanla Azərbaycan arasında münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”. Mnatsakanyanın rəsmi Qahirənin Şərqi Aralıq dənizində, habelə Liviya, Suriya və İraqda siyasətində Ermənistanın dəstəyi ilə əlaqədar bəyanatı isə sükutla qarşılanıb. Düşünülmüş xarici siyasət doktrinasına malik olan Misir rəsmiləri yaxşı başa düşürlər ki, beynəlxalq aləmdə işğalçı dövlət kimi tanınan və heç bir nüfuzu olmayan Ermənistanla müttəfiqlik heç bir əhəmiyyət kəsb etmir.

Ermənistanın yeni strategiyası çərçivəsində xarici işlər nazirinin Misirdən sonra Livan, Birləşmiş Ərəb Əmirlikləri, İraq və İordaniyaya səfərləri planlaşdırılır. İşğalçı ölkəni tanımayan Səudiyyə Ərəbistanı, təbii olaraq, bu siyahıya daxil edilməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında da qeyd edildiyi kimi, erməni nazirin İslam aləmi ilə sıx əməkdaşlıqdan, regional və qlobal təhlükəsizlikdən bəhs etməsi cəfəngiyatdır. Təcavüzkar Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələrinə, eləcə də İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qəbul etdiyi çoxsaylı qətnamələrə əməl etməlidir. Digər tərəfdən, İslam ölkələri ilə yaxınlaşmaq istəyən ermənilər anlamalıdırlar ki, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti aparan Ermənistanın siyasəti Fələstində analoji problemi qətiyyətlə pisləyən Misir, İordaniya və digər ərəb ölkələri tərəfindən qəbul edilməyəcək.

Erməni nazirin səfərindən sonra Azərbaycan XİN-in Misir mətbuatında yayılan açıqlamasında göstərildiyi kimi, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun ilhaqında terror vasitələrindən geniş istifadə edən Ermənistanın hərbi əməliyyatlara xarici ölkələrdən, xüsusilə Yaxın Şərq bölgəsindən terrorçu muzdluları cəlb etməsi məlum bir faktdır.