30 sentyabr 2020 19:16
800

İşğalçı Ermənistan üzərində  Qələbə günü yaxındır

"Bazar günü baş verən hadisələrə Ermənistan artıq bir neçə ay idi ki, hazırlaşırdı. Əgər siz onların hərəkətlərinin və bəyanatlarının xronologiyasını izləsəniz aşkar görərsiniz ki, onlar bu təxribata şüurlu şəkildə gedirdilər. Bu yaxınlarda, BMT Baş Assambleyasının tribunasından çıxış edərkən mən açıq demişəm ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır”. 

Bu fikirləri Prezident İlham Əliyev “Rossiya 1” telekanalının “60 dəqiqə” verilişində genişmiqyaslı və qanlı qarşıdurmaya təhrik edən səbəblər barədə danışarkən bildirib.

Ermənistanın Qafqazda yürütdüyü ilhaqçı, faşist, vandal siyasəti dünya sabitliyi və təhlükəsizliyi üçün ciddi təhlükədir. Ermənistan 30 ildir torpaqlarımızı işğal altında saxlayır. Təəccüblü deyil ki, Ermənistanın hakimiyyət orqanları münaqişənin nizamlanmasının hüquqi və siyasi əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və digər müvafiq beynəlxalq sənədlərin adını çəkməkdən çəkinirlər. Aşkardır ki, Ermənistanın hakimiyyət orqanlarının münaqişəni yalnız sülh yolu ilə nizamlanmasına sadiq olması barədə bəyanatları dəqiq müəyyən edilmiş ilhaqçı məqsədlərini maskalamaq üçün boş ritorikadan, gözdən pərdə asmaqdan başqa bir şey deyil. Onu da deyək ki, ötən illər ərzində Ermənistan tərəfindən işğal olunan ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirilib, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, Xocalı soyqırımı törədilib. Terroru dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistan ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış cinayətkar rejim vasitəsilə təhdid dolu bəyanatlar səsləndirir, yeni ərazilər işğal etməyi planlaşdırırdı. Dinc mülki əhalini və obyektləri hədəfə almaq Ermənistanın ölkəmizə qarşı təcavüzünün, nifrətinin növbəti təzahürüdür. Bütün bunlar bir daha onu göstərir ki, terror və vandalizmi dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistan bu gün də həmin xətti davam etdirir. Təbii ki, belə davam edə bilməzdi. Artıq Azərbaycan xalqının səbir kasası daşıb. Axı, bu haqsızlığa və vəhşiliyə nə qədər dözmək olar?

Sentyabr 27-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin artilleriya silahlarının işə salınması ilə Azərbaycanın dinc sakinlərinə, mülki əhaliyə edilən terror hücumu da əlbəttə ki, cavabsız qalmamalı idi. Xatırladaq ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini birtərəfli qaydada pozaraq Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonları istiqamətində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından istifadə edərək növbəti təcavüz aktına əl atıb. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini, ona bitişik 7 rayonu silah gücünə zəbt etməklə kifayətlənmir, “yeni torpaqlar, yeni müharibə” istəyini dünya ictimaiyyətindən gizlətmir və beynəlxalq hüququn normalarına hörmətsizlik göstərərək məkrli niyyətini davam etdirir. Azərbaycan Silahlı Qüvvələri də Ermənistanın hərbi təcavüzünün qarşısını almaq, təmas xətti boyunca yerləşən çoxsaylı yaşayış məntəqələrimizin mülki əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücum və cavab tədbirləri görmək məcburiyyətində qalıb. Biz özümüzü öz torpaqlarımızda müdafiə edirik. Müdafiə tədbirləri həyata keçirilərkən beynəlxalq humanitar hüquqa tam riayət olunur. Bundan sonra hər iki tərəfdən veriləcək insan və maddi itkilər üçün bütün məsuliyyət Ermənistanın siyasi və hərbi dairələrinin üzərinə düşür. Bir-birinin ardınca hərbi texnika və qüvvələrini itirən işğalçı Ermənistan hərbi birləşmələri ordumuzun vurduğu zərbələrə tab gətirməyib, yenə hiyləyə əl atır. Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli – Cəbrayıl və Ağdərə –Tərtər istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücuma cəhd göstərib. Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunaraq düşmənin bütün cəhdlərinin qarşısını dərhal alıb.

Dayanmadan hücuma keçən, düşmənə göz qırpmağa imkan verməyən Azərbaycan Ordusunun bölmələri gecənin qaranlığında belə düşmənə rahat nəfəs almağa imkan vermir. Artilleriyaçılardan tutmuş hərbi pilotlara qədər hər bir döyüşçü üzərinə düşən tapşırıqları böyük həvəslə, qələbə əzmi, torpaqlarımızı azad görmək eşqi ilə icra edir. Gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində düşmənin Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və cəbhənin bu istiqamətində yerləşən qoşunlarımız tərəfindən məhv edilib. Ümumiyyətlə, bütün cəbhəboyu hücuma keçən şanlı ordumuz düşmənin texnika və canlı qüvvəsini məhv edərək irəliləməkdə davam edir. İlk ağır zərbələr nəticəsində düşmən qüvvələrini qorxuya salan zabit və əsgərlərimiz işğaldan azad ediləcək son qarış ərazimiz də azad olunmayınca silahı yerə qoymayacaqlarını bəyan edirlər. Artıq böyük qələbələrimiz də var. Belə ki, Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad olunub. Cəbhənin Füzuli–Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyat nəticəsində uzun illər ərzində düşmən işğalı altında olan Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri düşməndən təmizlənib. Bundan başqa, Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad edilib. Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 2020-ci il 28 sentyabr tarixli Sərəncamının icrası ilə bağlı təsdiq edilmiş plana uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur bölmələrində hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanılıb. Qismən səfərbərliyə cəlb edilmiş Azərbaycan vətəndaşları ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün hərbi vəzifəlilərin, onları yola salan valideyn və yaxınlarının ruh yüksəkliyi bir daha göstərir ki, xalqımız işğal altındakı ərazilərimizi düşməndən azad etmək üçün ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarla qürur duyur və ümumi qələbəmiz naminə nəbzi Vətən ilə vuran Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin Sərəncamını təntənə ilə qarşılayır. Bu gün hər bir çağırışçının dilində əsas şüar bunlardır: “Biz birlikdə güclüyük!”, “Biz zəfər çalacağıq!”.

Dövlətimizin başçısı xalqa müraciətində də bunu bir daha diqqətə çatdırdı: “ Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır”.

Möhtərəm Prezidentimizin xalqa müraciətindən və Təhlükəsizlik Şurasının iclasındakı çıxışından sonra insanlarda qələbəyə böyük inam yaranıb. Xalqımız Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Azərbaycan Ordusuna inanır və güvənir. Xalq həmişə dövlətimizin başçısı ilə həmrəy olduğunu nümayiş etdirib, bu gün də elədir. İnsanlarda qələbəyə böyük inam var. Bu inamı Prezident İlham Əliyevin uzaqgörən siyasəti, ölkəyə rəhbərlik etdiyi gündən indiyədək formalaşdırdığı güclü və qüdrətli Azərbaycan Ordusu yaradıb. Azərbaycanın şanlı ordusu təcavüzkar Ermənistanın alçaq niyyətlərinin qarşısını qətiyyətlə alır. Başqa ölkələrə güvənən işğalçı Ermənistan bu dəfə canını asanlıqla qurtara bilməcəyək. Ordumuz zəfər yürüşü ilə torpaqlarımızın azadlığı uğrunda savaşa atılıb.

Yaqut Ağaşahqızı, ”İki sahil”