27 noyabr 2020 17:13
1365

İşğaldan azad olunmuş ərazilər: İqtisadi potensialın reallaşdırılmasının yolu infrastrukturun yaradılmasından keçir

“Mənfur düşmən o bölgələrdə demək olar ki, hər yerə minalar döşəyib. İndi minalardan təmizləmə prosesi getməlidir. Biz indi beynəlxalq təşkilatları da cəlb edəcəyik. Çünki qısa müddət ərzində bunu etmək üçün bizdə daxili imkanlar məhduddur. İlk növbədə, təhlükəsizlik, ondan sonra infrastruktur, ondan sonra bütün başqa bərpa məsələləri öz həllini tapacaq”. Bu fikirləri Prezident İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə bildirib. Ümumiyyətlə, ölkə başçısı bütün nitqlərində işğaldan azad edilmiş ərazilərin bərpa ediləcəyindən bəhs edir.

Aydın məsələdir ki, bu ərazilər böyük iqtisadi potensiala malik olsa da, gərəkli infrastruktur olmadan oraya investisiyaların cəlbi mümkünsüzdür. Necə ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafına böyük infrastruktur layihələrinin reallaşdırılmasından sonra nail olunub və bu sahədə yerli təcrübə mövcuddur. Bu mənada yenidənqurma işlərinin həyata keçirilməsi həm həmin ərazilərə gələcək investisiyaların cəlbi, həm də əhalinin məşğulluğunun təmin edilməsi deməkdir. Bu proses məcburi köçkünlərin həmin ərazilərdə yerləşdirilməsi imkanlarını da yüksəltmiş olacaq.

Koronavirus pandemiyasının iqtisadi fəallığa öz mənfi təsirinə baxmayaraq, artıq həmin ərazilərdə bərpa və buna hazırlıq işlərinin əsası qoyulub. Qeyd etmək lazımdır ki, hazırda həmin ərazilərin minalardan təmizlənməsi ilə yanaşı, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Prezidentinin Sərəncamının icrasına başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, yeni avtomobil yolunun inşasının tərtib olunmuş qrafikə uyğun qısa müddət ərzində yekunlaşdırılması üçün layihə bir-neçə hissəyə bölünəcək. Bununla əlaqədar olaraq tikinti işlərinə çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik yerli və xarici şirkətlərin cəlb olunması prosesi həyata keçirilir. Yeri gəlmişkən, vurğulayaq ki, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun yaradılmasında iştirak etməyə digər ölkələr də maraq göstərməkdədirlər. Şübhəsiz ki, burada ilk sırada Türkiyə şirkətləridir.Həmçinin energetika naziri Pərviz Şahbazovla görüşündə  İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Augusto Massarini  İtaliyanın infrastruktur sahəsində fəaliyyət göstərən şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-yenidənqurma işlərinin aparılmasına marağını ifadə edib.

Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin 36-cı sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarov işğaldan azad olunmuş Qarabağ regionunda yeni infrastruktur və tikinti layihələrinin həyata keçirilməsinin ölkəmizin qarşısında duran əsas vəzifələrdən olduğunu, investisiya qoyulması üçün geniş imkanlar yaradılacağını vurğulayıb, İƏT-ə üzv olan ölkələri işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək layihələrdə əməkdaşlığa dəvət edib.

Bütün bunlara qədər isə Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Fərmanından irəli gələrək  “Azərişıq”  və “Azərsu” Açıq Səhmdar cəmiyyətləri və  SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi işğaldan azad olunmuş ərazilərdə dövlət orqanlarının  normal fəaliyyəti üçün müvafiq binaların elektrik enerjisi, su və təbii qaz ilə təminatını həyata keçirməlidirlər. 

Bundan başqa, AAYDA Suqovuşana, Suqovuşandan Talış kəndinədək yolun tikintisi ilə də məşğuldur. Həmçinin yerli mobil rabitə şirkətləri işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına başlayıblar.

Bir sözlə, artıq işğaldan azad olunan torpaqlarda quruculuq fəaliyyətinə start verilib. Qarşıdakı illərdə bu ərazilərdə daha  böyük infrastruktur layihələrinin reallaşdırılacağı gözlənilir. Layihələrdə yerli və xarici şirkətlərin iştirakına gəlincə, bu, Azərbaycan şirkətləri üçün vacib təcrübə, əcnəbi şirkətlər üçün böyük imkan olacaq. Bu mənada Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin təhlükəsizliyinin təmin edilməsi mərhələsindən sonra yerli və xarici şirkətlərin regionda əsas maraq dairələrindən birinə çevriləcəyi şübhəsizdir. 

Ceyhun Piriyev,

“İki sahil”