12 yanvar 2021 18:40
355

İşğaldan azad olunmuş torpaqlarımız Böyük Qayıdış ərəfəsində

2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə ölkədəki iqtisadi vəziyyətdən bəhs edən, quruculuq işlərinin möhkəm təməl əsasında davam etdiriləcəyini bildirən Prezident İlham Əliyev vurğuladı ki, biz düzgün yoldayıq

«Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik» söyləyən, dəmir yumruğu ilə düşmənə tarixi dərs verən Prezident, Ali Baş Komandan İlham Əliyevin sözlərinin təsdiqi Ermənistan üzərində tarixi qələbəmiz, paytaxtımızda keçirilən möhtəşəm Zəfər paradı idi. İşğaldan azad edilmiş torpaqlarımızda artıq başlanılan quruculuq işləri, yenilənən infrastruktur layihələridir. Düşünülmüş inkişaf konsepsiyası əsasında inkişafın əsas istiqamətlərinin, ən vacib hədəflərin planlı şəkildə koordinasiyasıdır. Ölkə iqtisadiyyatının dinamik inkişafının ən bariz nümunəsi Ermənistan üzərində qələbəmizi təmin edən güclü ordumuzun formalaşmasıdır.

İqtisadi inkişafına görə illərdən bəri beynəlxalq təşkilatların hesabatlarında ilk onluqda yer alan Azərbaycan müharibə şəraitində belə dinamikliyini saxladı. Dünya Bankının «Doing Business» hesabatında 190 ölkə arasında Azərbaycanın 28-ci yerdə qərarlaşması bu tərəqqinin təsdiqidir. Biznesin inkişafına, investisiya iqliminin sağlamlığı naminə həyata keçirilən layihələrin əhəmiyyətinə görə islahatçı ölkə adlandırılması, ən nəhayət, işğalçı Ermənistan üzərində şanlı qələbəmiz Azərbaycanın iqtisadi, siyasi, hərbi gücünü dünyaya bəyan etdi. Pandemiya ilə əlaqədar bütün dövlətlərin iqtisadi böhranla üzləşdiyi dövrdə Azərbaycan vəziyyətdən daha az itki ilə çıxdı. Ölkə iqtisadiyyatı 4 faizdən bir qədər artıq azalsa da, qeyri-neft sənayesində 11 faiz artım müşahidə olunur. Ölkəmizin iqtisadi qüdrətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsini Davos Ümumdünya İqtisadi Forumunun hesabatı əsasında dəyərləndirən Prezident İlham Əliyevin vurğuladığı kimi ölkə üzrə infrastruktur layihələri başa çatmaq üzrədir. Respublika üzrə qazlaşdırma 96 faiz səviyyəsindədir. Elektrik enerjisi ilə təminatın tam ödənildiyi ölkəmiz bu göstərici üzrə də ilk sıralardadır. Avtomobil, dəmir yollarının çəkilişi və bərpası üzrə layihələr davam etdirilir. Dünya Bankının qarşıdakı illər üzrə «Qlobal İqtisadi Perspektivlər» adlı hesabatında Azərbaycanda iqtisadi artım 2021-ci ildə 1,9, 2022-ci il üzrə isə 4,5 faiz proqnozlaşdırılır. Nüfuzlu «CALLUP İnternational» təşkilatının 41 ölkədə apardığı və 39 min insanı əhatə edən sorğunun nəticələrinə görə planet sakinlərinin 25 faizi 2021-ci ildə iqtisadi inkişaf gözlədiyi halda, 46 faiz problemlər və çətinliklərin olacağını bildirmişdir. Qurumun İqtisadi Ümid İndeksində Azərbaycanın mövqeyi 65 balla, ilk üçlükdə qiymətləndirilib.

2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə ölkədəki iqtisadi vəziyyətdən bəhs edən Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpa və quruculuq işlərinin formalaşmış bu cür möhkəm təməl üzərində davam etdiriləcəyini də diqqətə çatdırdı: « Biz düzgün yoldayıq. Bütün çətinliklərə baxmayaraq, işğala baxmayaraq, 1 milyon qaçqının olmasına baxmayaraq, biz bu nailiyyətləri əldə etmişik. İndi torpaqlar azad edilib. İndi böyük qayıdış başlanmalıdır, böyük inkişaf prosesləri başlanmalıdır.»

İnfrastruktur layihələrinin həlli üçün ilkin şərt olan yol-nəqliyyat infrastrukturunun həllinə başlanılması qarşıdakı işlərin sürətləndirilməsi üçün başlıca amildir. Noyabrın 10-da imzalanmış Bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq, yol problemi olmayacaq. Yol infrastrukturuna Füzuli- Şusa yolu ilə başlanılmasının iqtisadi, mənəvi əhəmiyyəti böyükdür. Çətin relyefə, soyuq hava şəraitinə baxmayaraq, Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolunda işlər sürətlə davam edir. Füzulidə beynəlxalq aeroportun inşası nəzərdə tutulur. «Toğanalı - Kəlbəcər yolunun çəkilişinə də start verilib. Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilişinə hazırlıq işləri gedir. Onu da əlavə etməliyəm ki, Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna da davam etdiriləcək. Beləliklə, biz iki tərəfdən, - həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradacağıq» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, gələcəkdə işğaldan azad olunan rayonların təbii sərvətlərindən istifadə etməklə ərazilərin bərpa və yenidən qurulması işləri sürətləndiriləcək. Horadiz-Füzuli, Füzuli-Şuşa, Horadiz-Ağbənd dəmir yollarının tikintisi də proqnozlaşdırılır. Çoxtərəfli format əsasında inşa olunacaq və strateji əhəmiyyətə malik Naxçıvan dəhlizinin açılması bölgəyə yeni imkanlar gətirəcək. Razılaşmalara əsasən, bu dəhlizdən Türkiyə, Rusiya, Ermənistan və İran istifadə edəcək.

Azad edilmiş torpaqlarda aqrar sahənin, fermer təsərrüfatlarının inkişafı xüsusi əhəmiyyətə malikdir. Bunun üçün suvarma sisteminin yenilənməsi, su mənbələrindən səmərəli istifadə , dağ-mədən yataqlarının istismarı ilə bağlı layihələr hazırlanır. Suqovuşan qəsəbəsinin azad edilməsi ilə bölgədəki əkinə yararlı torpaqların suvarılması ilə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaqla daxili bazarın yerli məhsullar hesabına təminatı imkanları daha da genişlənəcək. Həkəri, Bazarçay, Oxçuçay, Xaçınçay kimi su mənbələrindən səmərəli istifadə ilə, bölgələrin dirçəldilməsi ilə məhsuldarlıq daha da artacaq və əhalinin ərzaq təhlükəsizliyi daxili imkanlar hesabına təmin olunacaq.

İşğaldan azad olunmuş torpaqların dirçəldilməsində başlıca vəzifə erməni vandallarının dağıtdığı şəhər və kəndlərin yenilənməsi, şəhərsalma qaydalarının tətbiq edilməsidir. Bununla qeyri-neft sektorunun ən gəlirli sahələrindən olan turizmin inkişafı üçün də geniş imkanlar yaranır. «Əlbəttə ki, Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin. İndidən beynəlxalq turizm sərgilərində, - pandemiyadan sonra bu sərgilər bərpa ediləcək, - Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni doğrudan da dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək. Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, plana uyğun davam etdirilən işlərin başa çatması ilə Qarabağın cənnətməkan siması özünə qaytarılacaq : «Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin.Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir.»

Xuraman İsmayılqızı, «İki sahil»