05 fevral 2019 10:45
221

"İşsizin “DOSTu"

Layihəyə qoşulmaq istəyən hansı vətəndaşlara üstünlük veriləcək?


Artıq ötən həftədən ölkəmizdə daha bir sosial layihənin reallaşmasına başlanılıb. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan “İşsizin DOSTu” proqramı icra olunur. Proqramın əsas icraçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin)  “DOST İş Mərkəzi” tərəfindən proqram çərçivəsində respublikamızın rayon və şəhərləri üzrə artıq 16 minədək işsiz vətəndaş əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunub. Əslində bu layihə işsizliyin nəzərə çarpdığı bölgələrdə daha çox tətbiq olunur. “İşsizin DOSTu” proqramı haqqı ödənilən ictimai işlərin təşkili işlərinin sistemli və şəffaf şəkildə qurulmasına və genişləndirilməsinə xidmət edir.

Bəs layihəyə qoşulmaq istəyən hansı vətəndaşlara üstünlük veriləcək? Qeyd edək ki, proqram əsasında ictimai işlərə cəlb olunan vətəndaşlar rayon (şəhər) məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslər arasından müəyyən edilirlər. Daha bir kriteriya isə ondan ibarətdir ki, həssas qruplardan olan insanlara ilk növbədə şərait yaradılır. Yəni əlilliyi olanlara, məcburi köçkünlərə, şəhid ailəsi üzvlərinə  üstünlük verilir. Təbii ki, bu işlər  “Məşğulluq haqqında” qanun ilə tənzimlənir, məşğulluq idarələrində qeydiyyatda olanlara  haqqı ödənilən ictimai işlər təklif edilir. Burada ali təhsil və peşə təhsili tələb olunmur. Bu kimi ödənişli ictimai işlərə aşağıdakı işlər daxildir: sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s.

Proqrama uyğun olaraq ictimai işlərə cəlb olunanların hər biri ilə əmək müqaviləsi bağlanılır. “DOST İş Mərkəzi”nin proqrama dəvət etdiyi vətəndaşlar  ƏƏSM-in Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilir. 

Burada digər önəmli məsələ isə ondan ibarətdir ki, həmin şəxslərin sosial sığorta sistemində qeydiyyata alınması gələcəkdə onların pensiya hüquqlarının yaranmasına əsas yaradır. Həmçinin fərdi hesablarında pensiya kapitallarını artırmalarına imkan verir. Onlara əməkhaqqı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST İş Mərkəzi” tərəfindən ödənilir və işlərin xarakterindən, əmək funksiyasından asılı olaraq əmək haqqı müəyyən olunur. İşçinin sosial sığortası, habelə işsizlikdən sığorta ödənişləri də “DOST İş Mərkəzi” tərəfindən həyata keçiriləcək.

“İşsizin DOSTu” proqramı icrası üçün nəzərdə tutulmuş vəsait cari ildə 30 minədək işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxsin ödənişli ictimai işlərə cəlb edilməsinə imkan yaradıb. Artıq yanvar ayında 16 minədək işsiz vətəndaş bu işlərə cəlb edilib. Digərləri isə bu aydan başlayaraq işlərə cəlb olunacaqlar. Məlumata görə, artıq rayonlar üzrə proqrama qoşulacaq işsiz vətəndaşların sayı barədə limit də ayrılıb.

2019-cu ilin dövlət büdcəsində özünüməşğulluq proqramlarına ayrılan maliyyə vəsaiti də artırılıb. Eyni zamanda özünüməşğulluq proqramına uyğun olaraq 2018-ci ildə həyata keçirilən və bu gün də davam edən layihələrə də əlavə maliyyə vəsaiti ayrılıb. Bu bir faktdır ki, 2017-ci illə müqayisədə 2018-ci ildə özünüməşğulluq  6,5 dəfə artaraq və ümumilikdə 7800-dək ailəni əhatə edib. Özünüməşğulluq kimi əhəmiyyətli bir layihənin əsas məqsədi aztəminatlı ailələrin biznes planlarına uyğun şəkildə müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfatlarının yaradılmasını təmin etmək olub. Bu çox önəmli bir layihə olmaqla həmin vətəndaşların öz zəhmətləri hesabına gəlir əldə etmələrinə rəğmən dövlətdən asılılığına son qoymaq və bizneslə məşğul olmalarına imkan yaratmaqdır.

Qeyd edək ki, bu kateqoriyadan olan  4100-dən çox şəxsə dövlət hesabına mal və materiallar verilməklə onlar fərqli fəaliyyət növləri üzrə kiçik təsərrüfatlar qurublar. Burada mühüm cəhət odur ki, özünüməşğulluq proqramında xüsusilə həssas qruplara geniş yer verilib.

Elçin Zaman, “İki sahil”