09 sentyabr 2019 11:24
174

“İşsizin dostu” 40 min nəfərin dostu oldu

Son illər Azərbaycanda işsizliyin minimuma endirilməsi sahəsində dövlət tərəfindən müxtəlif tədbirlər görülür, yeni iş yerləri, istehsal sahələri yaradılır, sosial layihələr həyata keçirilir. Belə layihələrdən biri də Prezident İlham Əliyevin birbaşa təşəbbüsü əsasında həyata keçirilən “İşsizin dostu” proqramıdır.

Məlumata əsasən, “İşsizin dostu” proqramı çərçivəsində indiyədək 40 minə yaxın işsiz ictimai işlərə cəlb edilib. Bu işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. daxildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən icra olunan proqrama cəlb edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanır və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.

Təbii ki, 40 min nəfərə yaxın adamın işlə təmin olunması çox yaxşı göstəricidir və ölkəmizdə işsizlərin sayının minimuma enməsinə ciddi təsir edir. Proseslərin gedişi göstərir ki, qarşıdakı illərdə “İşsizin dostu” proqramı Azərbaycanda işsizlərin və işaxtaranların sayının azalmasını daha da sürətləndirəcək.

İş tapa bilməyən insanların bu proqrama cəlb edilməsi, onların bacarıqlarının ictimai işlərə uyğunlaşdırılması olduqca əhəmiyyətlidir. “İşsizin dostu” proqramında diqqətçəkən məqamlardan biri də işsizlərin peşə hazırlığının artırılması və onların müasir standartlara uyğun işçilər kimi formalaşdırılmasıdır. Özəl sektorda işlə bağlı xüsusi tələblər var ki, onlar öz tələblərinə cavab verən insanları işə götürürlər. Vurğulanan məqam da bir qayda olaraq işsizlərin işə götürülməsinin təmin edilməsinə xidmət etmir. Məlum olduğu kimi, beynəlxalq təcrübədə belə bir məqam var ki, tutaq ki, evlərə gedərək xəstə uşağa baxanlara sosial işə görə vəsait ödənilir. Azərbaycanda da “Sosial sifariş haqqında” Azərbaycan Respublikasının Qanunu mövcuddur. Bu da birbaşa sosial sifarişlərlə bağlıdır. Bura əsasən o şəxslər cəlb edilir ki, onların müasir bazar tələblərinə cavab vermək üçün fiziki və əqli göstəriciləri qənaətbəxş deyil. Lakin həmin insanlar ictimai işlərdə çalışmaqla öz sosial vəziyyətlərini yaxşılaşdıracaq, eyni zamanda, faydalı işlərlə məşğul olacaqlar. Bu cür işsizlərin əməyindən ictimai işlərdə istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir. O da müsbət haldır ki, artıq Azərbaycanda minimum əməkhaqqı 250 manatdır və ictimai işə cəlb edilən işsizlər, işaxtaranlar, ən azından ayda 250 manat əməkhaqqı alacaqlar. Bu da onların həyat şəraitinə müsbət təsir göstərəcək.

Taleh Bağırov,

“İki sahil”