06 fevral 2019 10:37
238

İslahatlar davamlı və dinamik inkişafın lokomotividir

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız güclü, iqtisadi cəhətdən müstəqil, siyasi cəhətdən azad, daim inkişaf edən demokratik, hüquqi  dövlət quruculuğu yolunda, eləcə də qlobal və regional inteqrasiyanın çoxşaxəli şəbəkəsində yaxından iştirak etmək, müxtəlif ölkələrlə iqtisadi, siyasi və mədəni əlaqələrin və  əməkdaşlığın miqyasının genişləndirilməsi yolunda mühüm addımlar atır.

İctimai-siyasi sabitlik, həyata keçirilən davamlı islahatlar nəticəsində yaradılan güclü iqtisadi potensial dünyada gedən çətin geosiyasi proseslər fonunda Azərbaycan iqtisadiyyatının davamlı və dayanıqlı inkişafını təmin edib. Uğurla inkişaf etdirilən innovativ, unikal idarəetmə texnologiyaları və bunların tətbiqi nəticəsində ölkəmizdə qısa müddətdə böyük nailiyyətlər əldə olunub.  Təbii ki, bu proseslərin əsasında kadr potensialının inkişafı, Prezident İlham Əliyevin “qara qızıl”ın “insan kapitalına” çevrilməsi konsepsiyası durur.

Görülən işlərin nəticəsidir ki, nüfuzlu beynəlxalq qurumlar ölkəmizdə demokratiyanın inkişafı, sabitlik, qanunun aliliyinin, insan hüquqlarının və azadlıqlarının müdafiəsinin gücləndirilməsi, iqtisadi inkişafın dayanıqlılığı, şəffaflıq, korrupsiyaya qarşı mübarizə, məhkəmə-hüquq islahatları, sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, azad rəqabət üçün əlverişli şəraitin yaradılması, gömrük və vergi xidməti işinin yaxşılaşdırılması, iqtisadi qanunvericiliyin və inzibati praktikanın yaxınlaşdırılması, qeyri-neft sektorunun inkişafı, təhsil və kadr hazırlığı, turizm, logistika, nəqliyyat, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji, nəqliyyat əməkdaşlığının gücləndirilməsi və digər sahələrdə Azərbaycan hökumətinin gördüyü işləri yüksək qiymətləndirir.

Ötən müddətdə bütün sahələrdə irimiqyaslı islahatların uğurla reallaşdırılması üçün davamlı institusional və praktik tədbirlər görülüb. İslahatların davamlı və səmərəli olması üçün möhkəm hüquqi baza yaradılıb.

İslahatların tərkib hissəsi kimi iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafının  sürətləndirilməsi üçün genişhəcmli tədbirlər görülüb, dövlətin bu sahədə iqtisadi siyasəti gücləndirilib, çoxlu sayda fərman və sərəncamlar verilib, Dövlət proqramları, strategiya və konsepsiyalar qəbul edilərək reallaşdırılıb. Neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə hesablanmış xərclənmə strategiyası özünü doğruldub. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları sektorlarında davamlı artım tendensiyası hökm sürməkdədir. Bütün bunların reallaşmasında iqtisadiyyatın şaxələndirilməsi və bu siyasətin prioritet istiqamətlərini özündə əks etdirən Dövlət proqramları müstəsna önəm daşıyır.  Bu baxımdan Prezident İlham Əliyevin ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların reallaşdırılmasını təmin etmək məqsədilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı ilin 16 dekabr tarixli Fərmanı iqtisadiyyatın inkişafı ilə bağlı yeni strateji yanaşmanı ortaya qoyan sənəd kimi mühüm əhəmiyyət kəsb edir.

Reallaşdırılan islahatların ötən dövr üçün ən böyük uğurları kimi tədiyyə balansında müsbət dəyişiklik, manatın sabitliyi, qeyri-neft ixracının, strateji valyuta ehtiyatlarının artması xüsusilə qeyd edilməlidir. Görüləcək işlərin  sırasında əsasən, tikintiyə icazələrin verilməsi, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlakın qeydiyyatı, kreditlərin alınması, kiçik investorların maraqlarının qorunması, vergilərin ödənişi və digər istiqamətlərdə islahat tədbirlərinə xüsusi yer verilib. Kredit Zəmanət Fondunun yaradılması ilə kredit resurslarına çıxış asanlaşacaq və iqtisadiyyatın maliyyələşməsi artacaq. İslahat prosesi müddətində ölkəmizdə onlarla sənaye parkı, aqropark yaradılıb, bununla da işgüzar mühit canlanıb, sahibkarlıq inkişaf edib.

Zahid Rza, “İki sahil”