04 fevral 2019 11:44
108

İslahatlar investisiya mühitinə birbaşa təsir göstərir

Prezident İlham Əliyev yanvarın 29-da keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı giriş nitqində söyləyib ki, ilk dəfə Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında 2006-cı ildə qeyd olundu və o vaxt Azərbaycan 98-ci yerdə qərarlaşdı: “Aparılan köklü islahatlar, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində son hesabatda Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Yəni bu, deməyə əsas verir ki, bundan sonra da həm daxili, həm xarici investorlar Azərbaycana böyük həcmdə sərmayə qoyacaqlar. Beləliklə, bu sərmayə imkan verəcək ki, bundan sonra da iş yerləri, yeni müəssisələr yaradılsın və ölkəmiz inamla inkişaf etsin”.

Ölkə başçısının sözlərinə görə, aparılan uğurlu siyasət Azərbaycana böyük həcmdə sərmayənin yatırılmasına gətirib çıxarıb. Prezident bildirib ki, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib, ümumi daxili məhsul 3,3 dəfə artıb.

Məlumdur ki, Azərbaycan nəinki “Doing Business”, o cümlədən digər hesabatlarda da mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bəs Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında mövqeyinin bu qədər yaxşılaşmasına nəyin hesabına nail olub?

Bu sualı cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirdi ki, Dünya Bankının “Doing Business” adlı son hesabatında Azərbaycan 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşdı: “Bu, əslində Azərbaycanın dünyada ən yaxşı investisiya mühitinə malik olan 25 ölkədən biri olması anlamına gəlir. Təbii ki, dünyada ilk 25-liyə daxil olmaq birmənalı şəkildə Azərbaycanda aparılan islahatlar, eləcə də investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə beynəlxalq qiymət kimi xarakterizə olunmalıdır. Dünya Bankının “Doing Business” hesabatı iş adamları və eləcə də beynəlxalq biznes icması üçün kifayət qədər əhəmiyyətli bir hesabatdır. Çünki iş adamları bu hesabata əsasən qərar verirlər. Bu hesabat ölkədə investisiya mühitini xarakterizə edən ən ciddi hesabatlardan biri kimi qiymətləndirilir”.

V.Bayramovun sözlərinə görə, təbii ki, ölkəmizin mövqeyinin yaxşılaşması son illər, xüsusən 2015-ci ildən sonra aparılan dərinləşmiş islahatlarla bağlıdır: “Həyata keçirilən islahatlar nəticə etibarilə investisiya mühitinə birbaşa təsir göstərir. İnvestisiya mühitinin yaxşılaşması, həmçinin beynəlxalq qiymətləndirmədə, xüsusən də beynəlxalq metedologiya əsasında aparılan qiymətləndirmədə ölkəmizin mövqeyinin daha da yaxşılaşmasına imkan verir. Bu, olduqca vacib məqamdır. Çünki bir tərəfdən bu, investiyanın cəlb edilməsi üçün zəmin formalaşdırır. Nəticə etibarilə imkan verir ki, Azərbaycan daha çox investiyanı cəlb etmək imkanı qazansın. Bu, eyni zamanda Azərbaycanın iqtisadi potensialına, ölkədə aparılan islahatlara beynəlxalq qiymət və dəstəkdir”.

Ekspert söylədi ki, nəticə etibarilə Dünya Bankının “Doing Business” kimi hesabatlarında Azərbaycanın mövqeyinin yaxşılaşdırılması həm də islahatların davam etdirilməsinə və daha da genişləndirilməsinə bir beynəlxalq təşviq kimi xarakterizə oluna bilər: “Bütövlükdə isə qeyd etmək lazımdır ki, Azərbaycanda islahatların dərinləşməsi ölkəmizin beynəlxalq hesabatlarda yerinin daha da yaxşılaşmasına gətirib çıxarıb. Güman olunur ki, növbəti illərdə dərinləşmiş islahatlar mövqeyimizin daha da yaxşılaşması və irəliləməsinə birbaşa təsir göstərməkdə davam edəcək”.

Cavid Əkbərov, “İki sahil”