04 dekabr 2019 10:39
624

İslahatlar parlamentdə də dəyişikliklərin aparılmasını zəruri etdi

Son vaxtlar Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə çox ciddi, genişmiqyaslı və effektiv islahatlar həyata keçirilir. Şübhəsiz, bu kadr və struktur islahatlar hər şeydən əvvəl dövlətimizin qüdrətini artırmağa, xalqımızın rifahının daha da yaxşılaşdırılmasına, eləcə də Azərbaycanın dünya birliyinə inteqrasiyasının sürətləndirilməsinə xidmət edir.

Yeri gəlmişkən, qeyd edək ki, “İslahatlara alternativ yoxdur” fikrini  səsləndirən dövlətimizin başçısı noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı keçirilən tədbirdə ölkə miqyasında aparılan islahatlardan danışarkən demişdir ki, islahatlar bizim şüurlu seçimimizdir: “Elə fərz edə bilərik ki, nəyə lazımdır bu islahatlar? Onsuz da hər şey yolunda gedir, ölkə inkişaf edir, yeni müəssisələr açılır, abadlıq işləri görülür. Yox, struktur islahatları, siyasi islahatlar, iqtisadi islahatlar lazımdır. Baxın, iqtisadi islahatlar nəticəsində təkcə bu ilin on ayında büdcəyə 850 milyon manatdan çox vəsait toplamışıq. Bunları sosial sahəyə yönəldirik. Amma bu, hələ islahatların növbəti mərhələsinin birinci addımlarıdır. Bundan sonra da daha böyük addımlar atılacaqdır”.

Atılır da. Belə ki, noyabrın 29-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezident Administrasiyasının yeni strukturu  təsdiq olundu və tərkibi yenidən formalaşdırıldı. Respublikamızın siyasi arenasında indiyədək bir çox yeniliklərə müəlliflik edən Yeni Azərbaycan Partiyası  Siyasi Şurası isə ümumdövlət mənafeyi naminə qanunverici hakimiyyətin - Milli Məclisin  özünü buraxması, ölkədə növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüs, daha doğrusu, bu sosial sifariş digər siyasi təşkilatlar, o cümlədən hazırda parlamentdə təmsil olunan müxalifət partiyaları tərəfindən də təqdir olundu və dəstəkləndi. Öz növbəsində Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə məsələyə müsbət yanaşdı. Belə ki, səsvermə nəticəsində 99 nəfər lehinə, 1 nəfər əleyhinə səs verdi. Bir nəfər bitərəf qaldı. Nəticədə, Milli Məclisin iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı ölkə başçısına müraciət qəbul edildi. Prezident də parlamentin buraxılması barədə Milli Məclisin Qərarının Konstitusiyaya uyğun olub-olmaması ilə bağlı qərar qəbul etməsi üçün Konstitusiya Məhkəməsinə sorğu göndərdi. Sorğuda deyilir: “... Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndini rəhbər tutaraq, xahiş edirəm ki, yaranmış vəziyyətdə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisi buraxmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmayacağı barədə qərar qəbul edəsiniz”.

Qeyd edək ki, sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun bu gün təyin edilmiş iclasında baxılacaq.

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycan parlamentinin islahatlar sferasına cəlb olunması Prezidentin islahatlar konsepsiyasının uğurla həyata keçirilməsinə əlavə təminatdır: “Bəribaşdan qeyd edim ki, parlamentin özünü buraxması, ölkədə növbədənkənar seçkilərin keçirilməsi təqdirəlayiqdir. Bu, ölkəmizdə islahatların dərinləşməsi üçün olduqca əlverişli şərait yaradacaq. Fikrimcə, bu dəfə xalqımız parlamentin əsasən gənclərdən ibarət olmasına səs verəcək. Çünki son illər irəli çəkilən gənc kadrlar öz əməli işləri ilə möhtərəm Prezidentimizin, eləcə də xalqın etmadını daha çox qazanıblar. Yeri gəlmişkən, son illər ölkəmizdə savadlı, müasir dünyagörüşlü gənclər ordusu formalaşıb. Bu amili də ölkəmizdə həyata keçirilən mükəmməl gənclər siyasətinin bəhrəsi kimi dəyərləndirmək olar. 

Şübhəsiz, seçim prosesində daha çox təcrübəsi ilə fərqlənənlər də kənarda qalmayacaqlar. Bu mənada mən deyərdim ki, xalq yaşlıların müdrikliyi ilə gənclərin enerjisinin vəhdətinə səs verəcək və bu da parlamentin fəaliyyətinə yeni nəfəs gətirəcək. Bir sözlə, əsasən gənclərdən ibarət olacaq parlamentin yeni tərkibi cəmiyyətin gözləntilərini daha uğurla həll etmək iqtidarında olacaq. Prezidentin də dediyi kimi, məqsəd yaşlı nəslin vəzifədən uzaqlaşdırılması və ya gənclərin vəzifələrə gətirilməsi deyil. Əsas məqsəd işinin öhdəsindən gələ bilməyənlərin, vəzifəsini düzgün yerinə yetirməyənlərin əvəzlənməsidir. Mən hazırda fəaliyyət göstərən parlament barədə də bir neçə kəlmə söyləmək istəyirəm. Fikrimcə, bu parlament respublikamızın demokratik inkişafında,  qanunvericilik bazasının formalaşdırılmasında müəyyən işlər görüb. Bu, danılmazdır”.

Yolumuz ancaq inkişafa doğrudur

Milli Məclisin deputatının fikrincə, bu addım həm də ölkəmizdə yeniləşmə, şəffaflaşma prosesinin  dönməz xarakter aldığının daha bir əyani təzahürüdür: “Yeri gəlmişkən, onu da qeyd edim ki, Prezident İlham Əliyev yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturunun təsdiq olunacağını da bildirib. Bütün bunları isə şüurlu seçimin məntiqi davamı kimi dəyərləndirmək olar. Əminliklə deyə bilərəm ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən digər islahatlar kimi, bu islahat da dövlətimiz və xalqımız üçün çox uğurlu olacaq.  Bir sözlə, yolumuz ancaq və ancaq inkişafa doğrudur. Bu inkişaf, tərəqqi isə ölkəmizə daha güclü iqtisadiyyat, daha xoş günlər vəd edir”.

A.Badamov, həmçinin qeyd etdi ki, radikal müxalifət müxtəlif bəhanələrlə, o cümlədlən yalan-böhtan  kampaniyasını işə salmaqla bu kimi addımlara  kölgə salmağa can atır: “Şübhəsiz, xalqın öz iradəsini ifadə etməsinə, ölkənin demokratik inkişafına mane olmaq istəyənlərin niyyətləri bu dəfə də ürəklərində qalacaq. Çünki xalq ölkəmizə tarixinin ən qüdrətli dövrünü yaşadan liderinə daha çox inanır. Odur ki, həmişə onu dəstəkləyir. Yeri gəlmişkən, keçirilən rəy sorğuları da bunu təsdiqləyir. Üstəlik, beynəlxalq birlik də ölkəmizdə aparılan bu islahatları yüksək qiymətləndirir. Hətta bu gün  əsl müstəqillik dövrünü yaşayan Azərbaycan qədər son illər iqtisadi baxımdan inkişaf edən ikinci ölkə olmadığını bildirirlər”.

Qvami Məhəbbətoğlu, “İki sahil”