25 sentyabr 2020 17:41
1204

İslami dəyərləri qoruyan Azərbaycan dünyaya açıq, tolerant dövlətdir

« Bütün müsəlman ölkələrinin rəhbərlərinə bir daha demək istəyirəm, Ermənistan sizin dostunuz deyil» söyləyən Prezident İlham Əliyevin bu sözləri  İslami dəyərlərə hörmət,  həmrəyliyə çağırışdır

 

Dünyada  törədilən terrorları İslam dini ilə əlaqələndirən, müsəlmanlar haqqında fobiya   yaradan  dini radikal qruplaşmalar  Qərb ideoloqlarının   məkrlə hazırladıqları təxribatlarda   iştirak edərək milli  zəmində münaqişələr,  qarşıdurmalar yaradırlar.  Dünyada baş verən hadisələr göstərir ki, İslami dəyərləri gözdən salan, Şərq  ölkələri arasında nifaq yaratmaqla müsəlman həmrəyliyini sarsıtmağa çalışan bu qüvvələrin məqsədi kiçik dövlətləri əsarət altında saxlamaq, təbii sərvətlərini talamaqdır.  Müxtəlif  dinlərə məxsus insanların birgə, əmin –amanlıq şəraitində yaşadığı, multikultural dəyərlərə hörmətlə  yanaşıldığı  Azərbaycan  yeganə tolerant ölkədir ki, burada bütün vətəndaşların vicdan, dini etiqad azadlığı qorunur.

 İslam aləminin üzvü kimi  müsəlman  dövlətləri ilə əməkdaşlığa böyük önəm verən Azərbaycan  dünyanın müxtəlif bölgələrində baş verən  islamofobiyaya qarşı mübarizədə fəal iştirak edir. İslamofobiya üçün heç bir əsasın olmadığını ölkəmizdə «İslam  həmrəyliyi ili»nin, «Multikulturalizm ili»nin  elan olunması, 50-dən artıq müsəlman ölkəsinin iştirakı ilə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının təşkili ilə sübut edən Azərbaycan  multikulturalizmə və tolerantlığa töhfə verən ölkə olduğunu təsdiqlədi.

Prezident İlham Əliyev  İslam aləminin ayrılmaz parçası olan Azərbaycanla  müsəlman ölkələri  arasındakı münasibətlərin inkişafını milli birlik və həmrəylik kimi dəyərləndirir.  Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələri ilə əməkdaşlıqdan başlayıb. Dövlətimiz qısa zamanda İslam Əməkdaşlıq Təşkilatı (İƏT), ISESCO kimi müsəlman dünyasını birləşdirən qurumlarda  layiqincə təmsil olunur.  Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarıdır. Eləcə də ölkəmiz müsəlman dünyası ilə əlaqələrin genişləndirilməsinə xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları qurmuş, bu çərçivədə həyata keçirilən bir çox layihələr qarşılıqlı münasibətlərin möhkəmlənməsinə yönəlmişdir. Həllini gözləyən çoxsaylı problemlərlə qarşılaşan İslam aləmində narahatlıq doğuran   Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini, Fələstin və Kəşmir  problemini, Yaxın Şərq dövlətlərində yaranmış qarşıdurmaları qaçqın böhranını yaradan təhlükə hesab edən Azərbaycan dövləti  islami dəyərlərə malik ölkələrin həmrəyliyinin bu gün daha vacib olduğunu bütün səviyyələrdə diqqətə çatdırır.   Beynəlxalq terrorizmə, radikal ekstremizmə,  separatizmə qarşı mübarizəsi ilə  diqqəti cəlb edən Azərbaycanın təşəbbüsü ilə  Brüsseldə keçirilən  «Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir»  mövzusundakı Beynəlxalq Forum da  ölkəmizin dünyada sülhün qorunmasına  verdiyi  ən layiqli töhfə oldu. Əsas odur ki,   Azərbaycanın İslam dünyasında mövcud münaqişələrin həllinə göstərdiyi dəstək beynəlxalq hüquqa əsaslanır.  «Qüds şəhərinin inkişafına dair strateji planın maliyyələşdirilməsi üçün donor», «Fələstin dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılması”» ilə bağlı keçirilən  konfranslara ev sahibliyi edən Azərbaycan  Londonda təşkil olunan,  miqrant probleminin həllinə yönəlmiş «Suriya və  regiona dəstək» adlı tədbirə dəstək göstərən ilk dövlətlərdəndir.  Ərazi münaqişələrini, terror hadisələrini ,  ölkə daxili çəkişmələri, bölgələrdə  siyasi sabitliyin pozulması ilə nəticələnən miqrantlara qarşı ədalətsiz rəftarı pisləyən,  Yaxın Şərqdə - İraqda, Suriyada, Liviyada davam edən münaqişələri, qanlı toqquşmaları  insanlığa  qarşı  cinayət hesab edən Prezident İlham Əliyev  Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı  ölkəmizə qarşı ikili standartların hələ də davam etməsini islamofobiyanın təzahürü adlandırır.

«Ermənistanda islamofobiya  pik həddinə çatıb. Ermənistan çox çalışır ki,  müxtəlif müsəlman ölkələri ilə  əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan  müsəlman ölkələrinin dostu ola bilməz» söyləyən cənab İlham Əliyev erməni faşistlərinin  Azərbaycanın dinc vətəndaşlarına qarşı  törətdikləri terrorları, qətiyyətlə pisləməklə onu da qeyd edir ki,  Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanın dini-mədəni sərvətlərinə qarşı deyil,  ümumilikdə İslamın tarixi-mədəni irsinə qarşı olan hücumdur. Ermənistanın işğal etdiyi ərazilərdə İslam mədəniyyətinə aid yüzlərlə abidə, məscid, ibadətgah, qəbristanlıq və s. dağıdılmış, bütün bunlar ATƏT-in faktaraşdırıcı missiyaları tərəfindən təsdiq olunmuşdur.  Pakistan və Səudiyyə Ərəbistanının Ermənistanı Azərbaycan torpaqlarını işğal etdiyinə görə rəsmən tanımaqdan imtina etməsi, Türkiyənin bu ölkə ilə  əlaqəsini dayandırması,  müsəlman dövlətlərinin Xocalı soyqırımını  tanıması İslam həmrəyliyinin  xəfif addımları olsa da,  Azərbaycana qardaşlıq  münasibətinin,  real dəstəyin nümunəsidir.

 «Ölkəmizdə heç vaxt dini və milli ayrı-seçkilik olmamış, bütün dinlərin nümayəndələri dinc və qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Bu, bizim həyat tərzimizdir, irəliyə doğru inamla getməyin ən optimal yoludur» söyləyən  Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi   Azərbaycan  islamofobiyaya qarşı açıq şəkildə mübarizə aparır,  İslami dəyərlərin təbliği, qorunması üçün səylərini artırır və bu dəstəyi  əməli fəaliyyəti ilə doğruldur.

  Təkcə İslami deyil, bəşəri dəyərlərə, başqa dinlərə hörmətlə yanaşan  Azərbaycanın  multikultural ənənələrə sadiqliyi beynəlxalq səviyyədə də dəstəklənir.     Azərbaycanın Birinci vitse- prezidenti, Heydər Əliyev Fondunun prezidenti, İSESCO-nun və UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın  dünyada  məşhur olan mədəni, tarixi abidələrin qorunması və  bərpasında göstərdiyi xidmətlərin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi təsadüfi deyil.  Bəşəriyyətə məxsus tarix və mədəniyyət abidələrindən sayılan Versal sarayı parkında mədəniyyət abidələrinin,   Berlin qəsrinin,  Romadakı  Kapitoli Muzeyindəki « Filosoflar zalı»nın və başqa abidələrin təmir və bərpasının təşəbbüskarı olan Mehriban xanım  Əliyeva bəşəri ideyaları, prinsipləri əks etdirən  təşəbbüsləri ilə də   Azərbaycanı dünyada tolerantlıq ənənələrinə malik ölkə,  çoxkonfessiyalı dövlət kimi  təbliğ edir. Heydər Əliyev Fondunun xətti ilə   Parisdə Notr-Dam,  Strasburqda  Kafedral kilsələrinin bərpası ilə əlaqədar görülən işlər Mehriban xanımın huminizmindən, toleratlığından irəli gəlməklə  müxtəlif dinlərə mənsub olan xalqların  bərabər yaşayış prinsipinə verdiyi dəyərdir.

 Bütün Rusiyanın patriarxı Kirillin  Mehriban xanım Əliyevanı Rus Provoslav Kilsəsinə göstərdiyi köməyə  və Həştərxan şəhərinin abadlaşmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə  təltif etməsi də  onun çoxsahəli xidmətlərinə  verilən dəyərlərdəndir. Məşhur Luvr muzeyində İslam bölməsinin təşkilində fəal iştirak edən respublikamız Vatikanda öz sərgisini nümayiş etdirən ilk müsəlman ölkəsidir. Kardinal Pietro Parolinin Papa Cəngavər Ordeninin ən ali dərəcəsi olan IX Piy Ordeninin Böyük Xaçını ( Dama di Gran Croce dell*ordine Piano)  Mehriban xanım Əliyevaya təqdim etməsi   İtaliya-Azərbaycan  münasibətlərinin yüksək səviyyədə  olmasının təsdiqidir. UNESCO-nun Ümumdünya İrsKomitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi, Bakı şəhərinin  İslam mədəniyyətinin paytaxtı elan edilməsi, 2018-ci il üçün isə  bu şərəfli ada Naxçıvanın layiq görülməsi, paytaxtımızda keçirilən humanitar, mədəniyyətlərarası dialoq forumları  Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən Azərbaycanı sivilizasiyalar, dinlərarası dialoq məkanı kimi şöhrətləndirir. Azərbaycanın İslamın sülh və mədəniyyət dini olduğunu təsdiqləyən təbliğatının əsas məqsədi dünya  xalqlarını birliyə , həmrəyliyə çağırmaqdır. Qarşıdakı dövrdə İslam ölkələri ilə iqtisadi sahədə əməkdaşlığın siyasi əlaqələr səviyyəsinə çatdırılması  əsas hədəflərdəndir. Azərbaycanda dini, milli zəmində heç bir ayrı-seçkilik yoxdur.  Bütün xalqlara , dinlərə qarşılıqlı hörmət    Azərbaycan xalqının  həyat tərzidir.

 Ancaq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin,   Azərbaycana qarşı ikili  standartların davam etidyi bir zamanda  bəzi müsəlman ölkələrinin işğalçı ilə  təmas qurması bütünlükdə İslami dəyərlərə ziddir və müsəlman həmrəyliyinə  kölgə salır.  İordaniya kimi müsəlman ölkəsinin Ermənistana silah verməsi,  Ermənistanın xarici işlər nazirinin  Misirə səfəri, həmin ölkənin rəhbərliyi, din xadimi ilə  görüşünü İslam həmrəyliyinin möhkəmlənməsində səylərini əsirgəməyən  Azərbaycan ictimaiyyətini narahat edir.

Bu günlərdə  yerli telekanallara müsahibəsində bu məsələyə münasibətini bildirən Prezident İlham Əliyev « Biz o ölkələrdənik ki, əməldə İslam həmrəyliyinə daim öz xarici siyasətimizdə böyük yer ayırmışıq. Mənim xarici siyasət istiqamətləri ilə çıxışlarımda siz bunu görə bilərsiniz. Əsas prioritetlərdən biri müsəlman ölkələri ilə əlaqələrdir. Çünki biz müsəlman dünyasının bir hissəsiyik. Bizi BMT-də ən çox dəstəkləyən ölkələr də müsəlman ölkələridir. İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün mövqe sərgiləyir. Bir çox qətnamələr qəbul edilib…Eyni zamanda, müsəlman ölkələri də bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib. Baxın, bizim məscidlərimiz nə gündədir? Məgər müsəlman ölkələrində bilmirlər ki, ermənilər bizim yarıdağılmış məscidlərdə heyvan, donuz, inək saxlayırlar. Bu, müsəlman aləminə edilən təhqir deyilmi?» sözləri ilə  İslam dünyasını birliyə səsləyir.

Türkiyəni və Azərbaycanı düşmən  hesab edən  Ermənistan  İranla əlaqələrində həmişə riyakarcasına dostluq haqqında danışır.
 Müsəlman məscidlərini dağıdan, orada inək, donuz saxlayan
  Ermənistanla əlaqə yaradan müsəlman ölkələrinə Prezident İlham Əliyev tövsiyəsini bu sözləri ilə bildirir: «Mən belə dostluğu başa düşmürəm. Mən dəfələrlə müsəlman ölkələrinin rəhbərlərinə həm ikitərəfli formatda, həm çoxtərəfli formatda, həm də rəsmi çıxışlarımda müraciət etmişəm və demişəm ki, onlar bu məsələni nəzərə alsınlar.»

İslamofobiyanı formalaşdırıb, uşaqlarını   müsəlmanlara nifrət ruhunda tərbiyə edən Ermənistanın Şərq ölkələri ilə  yaxınlığı İslami dəyərlərə hörmətsizlik və xəyanətdir. «Ona görə biz öz prinsipial mövqeyimizdə qalacağıq. Bu məsələni həmişə diqqətdə saxlayacağıq. Bütün müsəlman ölkələrinin rəhbərlərinə bir daha demək istəyirəm, Ermənistan sizin dostunuz deyil.» sözləyən Prezident İlham Əliyevin bu sözləri  İslami dəyərlərə hörmət,  həmrəyliyə çağırışdır.

 Xuraman İsmayılqızı, «İki sahil»