26 yanvar 2020 15:06
1584

İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib: 3 ölü

Yanvarın 26-da Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu ilə “VAZ 2106” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində hər iki avtomobil zərbənin təsirindən yoldan çıxaraq aşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə nəticəsində “VAZ 2106” markalı minik avtomobilinin sürücü İlham Quliyev, onun həyat yoldaşı İlahə Quliyeva və azyaşlı qızı Aysu Quliyeva ölüblər. Ailənin digər üzvü Elcan Quliyev isə xəsarət alıb.

Qəza zamanı “Mercedes-Benz” markalı sərnişin mikroavtobusunda xəsarət alan şəxslər - Bakı şəhər sakinləri 1990-cı il təvəllüdlü Əhmədova Vüsalə Musa qızı, 1959-cu il təvəllüdlü Suvar Ramazanova Şahbazovna, 1975-ci il təvəllüdlü Aslanova Xatirə Rafiq qızı, 2007-ci il təvəllüdlü Aslanov Əli Etibar oğlu, həmçinin 2009-cu il təvəllüdlü Quliyev Elcan İlham oğlu, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Digər yaralılar təcili tibbi yardım avtomobilləri ilə ətraf rayonların xəstəxanalarına aparılıb.