23 yanvar 2021 18:45
714

İsmayıllıda Vətən müharibəsinin qəhrəmanları ilə görüşlər davam edir

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və əməkdaşları Kürdmaşı, Qubaxəlilli və Xəlilli kəndlərində yaşayan qazilərimizi evlərində ziyarət ediblər.

"İki sahil" xəbər verir ki, pandemiya qaydalarına uyğun baş tutan ziyarətdən məmnun qalan qazilərimiz və ailə üzvləri ilə söhbət edilib. Azərbaycan ordusunun qəhrəman hərbi qulluqçuları keçdikləri şərəfli döyüş yolundan danışaraq öz təəssüratlarını bölüşüblər. Ailə üzvləri onlarla qürur duyduqlarını qeyd edərək göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər, rayon rəhbərliyinə və rayon ictimaiyyətinə təşəkkürlərini bildiriblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə şəhər, rayon icra hakimiyyəti başçılarının aparatlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb. Ən qısa zamanda bu şöbənin əməkdaşları mütəmadi olaraq müharibə iştirakçıları və şəhid ailələri tərəfindən qaldırılan məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.

Qeyd edək ki hər üç kənddə yaşayan 6 hərbi qulluqçumuz Vətən Müharibəsi döyüşlərində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıblar. RİH başçısı 44 günlük müharibədə İsmayıllıların qəhrəmanlıqlarından qürur duyduqlarını, bu qüruru yaşatdıqları üçün rayon ictimaiyyəti və öz adından onlara minnətdar olduqlarını bildirib və şəhidlərimizə Allahdan rəhmət diləyib.