15 yanvar 2020 15:31
615

İstanbulun “Yeni Qapı” metro qovşağında “Qanlı Yanvar” adlı fotosərgi açılıb - FOTO

Türkiyənin İstanbul şəhərinin “Yeni Qapı” metro qovşağının ən hərəkətli keçidində “Qanlı Yanvar” adlı fotosərgi açılıb.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə baş tutan tədbir 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunub. 

Fotosərgi üç çıxış və üç giriş qapısı olan metro qovşağının mərkəzi keçidinə qoyulub. Tədbirin açılışında Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, diplomatik korpusun əməkdaşları, media nümayəndələri iştirak ediblər.

Eyni zamanda sərgidə 20 Yanvar faciəsini faktlarla əks etdirən məlumat lövhələri yerləşdirilib. 

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev "Report"un yerli bürosuna açıqlamasında bildirib ki, sərgidə 30 fotoşəkil nümayiş olunur: "Sərginin 20 milyon əhalisi olan İstanbulun ən hərəkətli metro qovşağında təşkil olunmasında məqsəd 20 Yanvar faciəsini Türkiyə ictimaiyyəti ilə yanaşı, dünyaya da tanıtdırmaqdır. Sərgi yanvarın 17-dək davam edəcək. Bundan başqa, İstanbul Yeniyüzyıl Universitetində də 20 Yanvar faciəsinə həsr olunmuş sərgi təşkil ediləcək".

"Report"