01 fevral 2019 10:38
209

İstehsal artıb, bəs ixrac?

Azərbaycanda iqtisadi islahatlar elmi əsaslarla, planlı şəkildə aparılır ki, bu da artıq öz uğurlu nəticəsini göstərməkdədir. Xüsusilə kənd təsərrüfatında son illər tətbiq edilən müasir texnologiyalar, xüsusi həvəsləndirmə mexanizmləri fermerlərimizdə bu sahəyə ciddi maraq yaradıb. Bu gün Azərbaycan fermerləri kənd təsərrüfatı məhsullarının bolluğunu yaratmaqla nəinki ölkəmizi təmin edir, hətta ixraca da önəmli yer verirlər.

Bu inkişafı yüksək dəyərləndirən Prezident İlham Əliyev yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda bildirib ki, son 15 il ərzində kənd təsərrüfatı məhsullarının ixracı təxminən 6 dəfə artıb: “Ancaq potensial da böyükdür və biz yeni bazarlara çıxmalıyıq. Ticarət evləri açılır, ixrac missiyaları göndərilir, dövlət tərəfindən sahibkarlara çox böyük dəstək verilir ki, onlar öz məhsullarını xaricdə sata bilsinlər. Əlbəttə ki, aqroparkların da çox böyük əhəmiyyəti var. Artıq 250 min hektarda 51 aqropark yerləşir.”

Təbii ki, təqribən 15 il əvvəl aqrar sektorda ənənəvi kənd təsərrüfatı məhsullarının istehsalı xeyli dərəcədə azalmışdı. Lakin məhz Prezident İlham Əliyevin bu sahənin inkişafına ciddi şəkildə dəstək verməsi onunla nəticələndi ki, məhsul istehsalı bəzi sahələrdə 3 dəfədən çox artdı. Belə ki, əgər 2004-cü ildə 2 milyon ton taxıl yığılmışdısa, 2018-ci ildə bu göstərici 3 milyon 200 min ton olmuşdur.

Heyvandarlıq sahəsində ciddi artımlar müşahidə olunub. Əgər 2004-cü ildə respublika üzrə 196 min ton ət tədarük edilmişdisə, 2018-ci ildə bu rəqəm 326 min tona çatmışdır. Həmçinin son 15 il ərzində süd istehsalı daha 880 min ton artaraq 2 milyon tona çatdırılıb. Bu dövrdə quş əti istehsalı 65 min ton, tərəvəz 500 min ton artıb. Son 15 ildə meyvə istehsalı 420 min tondan bir milyona yüksəlib. Göründüyü kimi, artım iki dəfədən çoxdur.

Kənd təsərrüfatı məhsulları içərisində pomidor daha çox ixrac olunaraq ölkəmizə 177 milyon dollar valyuta qazandırıb. Həmçinin  xurma ixracından 114 milyon dollar, pambıq və pambıq məmulatlarının ixracından 108 milyon dollar, fındıq ixracından 100 milyon dollar, alma  ixracından isə 38 milyon dollar valyuta əldə edilib.

Kənd təsərrüfatında ən məhsuldar sahə pambıqçılıq olmuşdur. Belə ki,  2015-ci ildə cəmi 35 min ton pambıq tədarük edilmişdisə, 2018-ci ildə bu göstərici  233 min tona yüksəlmişdir. 3 il ərzində məhsuldarlıq 6 dəfədən çox artmışdır. Bu da diqqət çəkən faktdır ki, dövlət hesabına 470 pambıqyığan kombayn və pambığın əkilib becərilməsi üçün 12 minədək müxtəlif növ texnika alınaraq fermerlərin istifadəsinə verilmişdir.

2018-ci il tütünçülük sahəsində də uğurlu il olub.  Əgər 2015-ci ildə   3 rayonda 3400 ton tütün yığılmışdısa, keçən il 13 rayonda 6200 ton tütün tədarük edilib. Qeyd edək ki, burada da dövlətin dəstəyi mövcuddur və fermerləri qurutma kameraları, tədarüklə bağlı texnika ilə məhz dövlət təmin edir.

Baramaçılıq üzrə də  uğurlu nəticələr var. Belə ki, əgər 2015-ci ildə 230 kiloqram barama tədarük edilmişdisə, ötən il bu rəqəm 20 dəfədən çox artaraq 513 ton olmuşdu. 2019-cu ildə isə 800 tona çatdırılması planlaşdırılır.

Eyni zamanda, üzümçülük də Azərbaycanın kənd təsərrüfatında ənənəvi sahə olmaqla böyük inkişaf mərhələsi keçməkdədir. Sovet dövründə milyon tonlarla məhsul verən üzüm plantasiyaları viranə günə qalmışdı. Məhz son 15 ildə bu sahədə inkişaf tempi yarandı. Əgər 2004-cü ildə  55 min ton üzüm yığılmışdısa, 2018-ci ildə bu nəticə 3 dəfə artaraq 167 min tonadək yüksəldi. Həmçinin şərab istehsalı 15 il ərzində 5 dəfə artmışdır.

Elçin Zaman, “İki sahil”