17 sentyabr 2020 19:46
2141

İstənilən sahədə kadrlar dövlətə, xalqa bağlı olmalıdırlar

Azərbaycanda korrupliya, rüşvətxorluq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ halların aradan qaldırılması əsas hədəflərdən biridir

 

Dövlətimizin  həyata keçirdiyi  dərin islahatlar kursu ölkənin sosial, iqtisadi, siyasi, ictimai, mədəni həyatını əhatə edir, şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirilməsini, vətəndaş məmnunluğunun təmin edilməsini başlıca vəzifələrdən biri kimi qarşıya qoyur. Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır. «Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır” söyləyən dövlətimizin başçısı İlham Əliyev  daim diqqəti  günümüzün əsas məsələləri olan məmurların təvazökarlığına və məsuliyyətinə, yerli sahibkarların ölkə iqtisadiyyatına sərmayə yatırmasına,  düzgün kadr siyasətinin həyata keçirilməsinə yönəldərək bildirir ki, kadr siyasəti düzgün həyata keçirilməli, rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq sadıqları deyil,  dövlətə, Vətənə sədaqətli, milli ruhda tərbiyə alan və peşəkar insanları önə çəkməlidirlər.  Kadr siyasətinin başlıca prinsipi: Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük. 

    Müstəqil dövlətimizin uğurlu inkişafı ilk növbədə, dövlətçiliyimizin möhkəmləndirilməsi ilə bağlıdır. Biz elə etməliyik ki, Azərbaycan bundan sonra da uğurla inkişaf etsin, müstəqilliyimiz daim möhkəmlənsin. Əlbəttə ki, istənilən sahədə kadrlar dövlətə, xalqa bağlı olmalıdır, vətənpərvər olmalıdırlar və onlar üçün dövlət maraqları hər şeydən üstün olmalıdır.

        Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması  yeni-yeni hədəflərin müəyyənləşdirilməsini şərtləndirir. Cənab İlham Əliyev dünya təcrübəsinə istinad edərək bu müqayisəni aparır ki, elə ölkələr var ki, onlarda iqtisadi tərəqqi yüksək səviyyədədir, amma demokratik inkişafdan danışmaq qeyri-mümkündür. Elə ölkələr də var ki, demokratiyanın inkişaf səviyyəsi qaneedicidir, amma iqtisadi tərəqqi aşağı səviyyədidir. Belə olan  halda davamlı inkişafdan bəhs etmək mümkünsüzdür. Lakin Azərbaycanda bu vəhdətliyin qorunması uğurlarımızı təmin edir,  beynəlxalq maliyyə qurumlarının hesabatlarında islahatçı ölkə kimi mövqeyini möhkəmləndirir. Ölkənin idarə olunmasında  əhəmiyyətli rol oynayan qanunların qəbulu və zamanın tələbinə uyğun təkmilləşdirilməsi də bu tərkibdəndir.  Ulu öndər Heydər Əliyev bildirmişdir: «Hər bir qanunun arxasında Azərbaycanda dövlət quruculuğunu təmin etmək, iqtisadi islahatları həyata keçirmək, siyasi islahatları həyata keçirmək, sosial islahatları həyata keçirmək məsələləri durur. Azərbaycanı keçmiş sosialist ictimai-siyasi, iqtisadi sistemindən yeni sistemə keçirmək prosesini biz bu illərdə apardıq və buna da nail olmuşuq. Məhz bunların nəticəsində indi Azərbaycanda demokratik, hüquqi dövlət öz fəaliyyətini uğurla həyata keçirir. Azərbaycan xalqı bunların nəticəsində öz müstəqil ölkəsində tam azadlığa çıxıbdır.»

      Demokratiyanı şərtləndirən əsas amillərdən biri kimi sabitliyin və qanunun aliliyinin ölkəmizdə yüksək səviyyədə təmin olunması Azərbaycanın iqtisadi tərəqqisinə geniş yol açdı. Belə ki, ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı daha da artdı. Tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişi bugünkü uğurlarımızı şərtləndirdi. Neft  gəlirlərinin idarə olunmasında şəffaflığın təmin edilməsi, ədalət prinsipinin qorunması ölkəmizin hərtərəfli inkişafına xidmət edən  sosial-iqtisadi layihələrin uğurlu icrasına yol açdı. Qeyri-neft sektorunun inkişafını neft siyasətinin məntiqi davamı kimi dəyərləndirən dövlətimizin cənab  İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadiyyatın şaxələndirilməsinin vacibliyini önə çəkərək, bölgələrin malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək məqsədilə regional inkişaf proqramlarını təsdiqlədi və uğurlu icrası həyata keçirildi. Dövlət proqramlarında,  regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafını, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsini, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını, investisiya qoyuluşunun artmasını, yeni müəssisələrin, iş yerlərinin açılmasını və  əhalinin məşğulluğunun artırılmasını, yoxsulluq səviyyəsinin azaldılmasını təmin etdi.  Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə  2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 4,8  faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb. Məhz möhkəm  təməl  dördüncü sənədin uğurla icrasını  edilməsini stimullaşdırıb.  Yeni iş yerlərinin bir hissəsi regionlarda açılan çoxsaylı istehsal, emal, sənaye, xidmət və sosial obyektlərin payına düşür. Sahibkarlığın inkişafı istehsalın artımı ilə bərabər, həm də yeni iş yerləri deməkdir. Buna görə də dövlət regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən proqramlarda bölgələrdə sahibkarlığın inkişafına xüsusi diqqət yetirir. Belə hal həm iqtisadi inkişafı, həm də əhalinin sosial müdafiəsini stimullaşdırır. Dövlətimizin başçısı İlham Əliyev  bildirir ki, sahibkarlığın inkişafı ölkəmizin ümumi inkişafı ilə birbaşa bağlı olan məsələdir. İqtisadiyyatımız öz dayanıqlılığını saxlamalı, möhkəmləndirməlidir. Buna nail olmaq üçün əlbəttə ki, qeyri-neft sektoru inkişaf etməlidir. Bu inkişaf 2020-ci ilə qədər çox sürətli idi. Pandemiya ilə əlaqədar bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunur, o cümlədən bizdə: «Ancaq bizdə bu rəqəm kifayət qədər aşağı səviyyədədir. İqtisadiyyat 7 ay ərzində cəmi 2,8 faiz düşübdür. İnkişaf etmiş ölkələrin bəzilərində bu rəqəm 30 faizə çatıb, Avropa məkanında 20 faizə çatır, ümumi avrozona məkanında təqribən 15 faizə yaxındır. Azərbaycanda bu rəqəmin aşağı səviyyədə olması hesab edirəm ki, bizim böyük nailiyyət kimi qiymətləndirilməlidir. Ancaq qeyri-neft sektorunda, xüsusilə sənaye istehsalı sahəsində inkişaf var və bu inkişaf 13 faizdir. Hesab edirəm ki, bu, indiki dövr üçün tarixi nailiyyətdir. Biz nəyin hesabına buna nail olmuşuq, sahibkarlığın inkişafı hesabına, verilən güzəştli kreditlərin və sahibkarların məsuliyyəti nəticəsində. Azərbaycanda artıq formalaşmış sahibkarlar sinfi ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır və siz də sahibkarlara dəstək olmalısınız.»

     Göründüyü kimi, idarəetmə sistemində təkmilləşmə, kadr hazırlığı, dövlətimizin gəncləşmə siyasəti yeni-yeni hədəflərin gerçəkləşməsini təmin edir.   Kadrlarla yanaşı, strukturların da yenilənməsi, təkmilləşməsi Administrasiyanın həm də cəmiyyətin bütün zümrələri ilə Prezident arasında etibarlı, səmimi, effektiv körpü kimi fəaliyyət göstərəcəyinə əminlik yaratdı. Prezident Administrasiyasında yeni yaradılan şöbələr ümumilikdə ölkənin hərtərəfli inkişafına, təkmilləşməyə xidmət edir. Hakimiyyətin hər üç qolunda – icra, qanunvericilik və məhkəmə-hüquq sistemində həyata keçirilən təkmilləşmələr həm Azərbaycanın bugünkü inkişaf səviyyəsinə, həm də müasir dövrün çağırışları və qarşıda duran vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə adekvat olmalıdır.

     Prezident atdığı addımları ilə hər bir vətəndaşının yanında olduğunu, ölkəsinin tərəqqisinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə çalışdığını nümayiş etdirir. Daim öz xalqının yanında olmaq, onun çətinliklərinə, problemlərinə həssaslıqla yanaşıb onların operativ həlli istiqamətində əsas tədbirlər görmək dövlətimizin başçısı İlham Əliyevin iş üslubuna çevrilib. Dövlətimizin  başçısı həmişə çıxışlarında ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır. Prezident daim qeyd edir ki, məmurlar xalqın xidmətçisi olduqlarını unutmamalıdırlar:  “ Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir”.

 Bu sahədə əldə edilmiş uğurlar – dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunmuşdur. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zəruri olmuşdur. Kadr islahatları nəticəsində işi təkmilləşdirilməklə peşəkarlıq səviyyəsi daha da yüksəldilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bir sıra rayonların  icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi təmin olunmuşdur. Etimadı doğrultmayan məmurların bundan sonra da cəzalandırılacağına daim çağırış edən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!

  Qeyd olunanlar bu ümumiləşdirməni aparmağa əsas verir ki, ölkə  Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib. Dövlətimizin başçısı Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən söylədiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: «Heç kim qanundan üstün deyil və əgər kim fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları ona kömək edəcəklər, səhv edir. Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda, cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir.»

Yeganə Əliyeva, «İki sahil»