07 oktyabr 2019 10:37
74

İsveçrədə 16 min vətəndaşın seçki hüququ hələ də tanınmır

Oktyabrın 20-də İsveçrədə növbəti parlament seçkiləri keçiriləcək. Seçkilər yaxınlaşdıqca bir sıra ictimai-siyasi və iqtisadi mövzularla yanaşı, cəmiyyətdə əksəriyyətin xəbərsiz olduğu bir mövzu da gündəmə gəlib.

AZƏRTAC xəbər verir ki, ölkədə yaşı 18-dən yuxarı olan 16 min nəfərin seçki hüququ hələ də tanınmır. 2014-cü ildə İsveçrə BMT-nin “Əlil İnsanların Hüquqlarının Qorunması üzrə Beynəlxalq Konvensiya”nı ratifikasiya etsə də, əqli qüsurlu insanların seçki hüququ hələ də rəsmiləşdirilmir. Beynəlxalq konvensiya istisnasız olaraq bütün insanlara (eləcə də əqli və psixi qüsurları olanlara) seçmək və seçilmək hüququ tanıdığına görə, bu ölkədə qüsurlu insanlara həmin hüququn verilməsi ilə bağlı addım atılmayıb. Ölkə konvensiyaya qoşulsa da, konstitusiyada hələ də müvafiq düzəliş aparılmayıb və orada əqli qüsur və ya ruhi xəstəliyi olmayan 18 yaşdan yuxarı şəxslərin seçki hüququ təsbit olunur.

BMT-nin Əlil İnsanlar üzrə Komissiyasının üzvü Markus Şefer İsveçrə Televiziyasına (SRF) müsahibəsində bildirib ki, konvensiyanın əsas hədəflərindən biri əqli qüsurlu insanların cəmiyyət həyatında iştirakını təmin etməkdir və bu cür qüsurlara malik insanların ictimai-siyasi proseslərdə iştirakını təmin etmək üçün zamana ehtiyac var. Siyasətçilər bu qəbildən olan insanlara güvənməli və onların cəmiyyətdə özünəinamını artırmalıdır. Ekspertin sözlərinə görə, hazırkı seçki prosesi bu kimi mövzuların aktuallaşması və yaxın gələcəkdə parlamentin müzakirəsinə çıxarılması üçün əsl fürsətdir.