26 fevral 2020 14:11
1681

İtaliya ilə iqtisadi əlaqələrin genişlənməsi ölkəmizə nə vəd edir?

Prezident İlham Əliyevin İtaliyaya dövlət səfərini, ilk növbədə, iki ölkə arasında iqtisadi əlaqələrin yaxın gələcəkdə daha da genişlənəcəyi ilə xarakterizə etmək olar. Düzdür, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Təkcə ötən il Azərbaycanın ixracının 28,72 faizi (5 milyard 638 milyon  641,82 min ABŞ dolları), idxalının isə 2,71 faizi (369 milyon  897,21 min ABŞ dolları) bu ölkənin payına düşüb. Göründüyü kimi, iki ölkə arasında ticarət dövriyyəsinin balansında üstünlük Azərbaycan tərəfindədir.

Lakin səfər çərçivəsində Prezidenti İlham Əliyev Romada İtaliyanın ən böyük maliyyə-bank qurumu olan “Cassa Depositi Prestiti SpA”nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə birgə işçi naharda tərəflərin çıxışları, eyni zamanda, iki ölkə arasında imzalanmış sənədlərin böyük əksəriyyətinin iqtisadi sahəni əhatə etməsi,  bununla yanaşı. Azərbaycan-İtaliya biznes forumunun keçirilməsi gələcəkdə iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf edəcəyindən, xüsusilə də İtaliya şirkətlərinin ölkəmizdəki fəaliyyətlərini genişləndirmək niyyətində olmalarından xəbər verir.

Söhbət ondan gedir ki, iki ölkə arasındakı ticarət dövriyyəsində üstünlüyün ölkəmizin tərəfində olması, həmçinin TAP-ın işə düşməsi ilə bu üstünlüyün daha da böyüyəcəyi fonunda İtaliya tərəfi tarazlıq yaratmağa çalışır.

Qeyd etmək lazımdır ki, Azərbaycanın İtaliyaya ixracının əsasını xam neft təşkil edir. Bir sözlə, İtaliyanın Azərbaycandan idxalının strukturu müxtəlif deyil. Hərçənd ki, Azərbaycan qeyri-neft ixracında, o cümlədən ixracın şaxələndirilməsində daha çox maraqlıdır.     

Həmçinin o da vurğulanmalıdır ki, Azərbaycanın İtaliya şirkətlərində və daşınmaz əmlaklarında investisiyaları təqribən 1,5 milyard dollar təşkil edir. 

Azərbaycanda isə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanın enerji sektoru və ölkəmizin sərhədlərindən kənarda maliyyələşdirdiyi enerji layihələri ilə bağlı İtaliya şirkətləri dəyəri 10 milyard ABŞ dollarına yaxın olan müqavilələr imzalayıblar. Qeyri-enerji sektorunda isə bu rəqəm təqribən 700 milyon dollardır.

Azərbaycan-İtaliya biznes forumunda çıxış edən İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Mayonun fikirlərindən belə məlum olur ki, italyan şirkətləri infrastruktur, bərpaolunan enerji, maşınqayırma, aqrar sənaye, rəqəmsallaşdırma, əczaçılıq və tekstil sahələrində fəaliyyət göstərməkdə çox maraqlıdırlar.

Azərbaycan tərəfinin isə İtaliya şirkətləri ilə əməkdaşlıqda müəyyən etdiyi sahələr var və  səfər çərçivəsində onların bir hissəsi ilə bağlı razılıq əldə edilib. Razılıq əldə edilmiş sahələrə İtaliyadan dəmir yolu texnikasının alınması, kosmik və hərbi sənaye sahələrində əməkdaşlıq və digərləri aiddir. Bundan başqa, Azərbaycan İtaliya şirkətlərinin kənd təsərrüfatı sahəsindəki çox böyük təcrübəsini nəzərə alaraq həmin şirkətlərin ölkəmizdə fəaliyyətində maraqlıdır. Prezident İlham Əliyev forumda bildirib ki, buraya şərabçılıq, zeytunçuluq kimi sahələr daxildir. Ölkə başçısı, həmçinin italyan iş adamlarına Azərbaycanın İtaliyaya fındığın ixrac etdiyini xatırladaraq onları ölkəmizdə fındıqçılığı birgə inkişaf etdirməyə çalışıb.

Prezident İlham Əliyev İtaliyanın turizm sahəsində nadir təcrübəsinə əsaslanaraq italiyalı iş adamlarını, eyni zamanda, bu sahədə əməkdaşlığa dəvət edib.

Dövlətimizin başçısı İtaliya şirkətlərini, həmçinin gələcəkdə həyat keçirilməsi planlaşdırılan infrastruktur layihələrində iştirak etməyə çağırıb. Buraya xüsusilə içməli su, meliorativ tədbirlərin görülməsi və Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində layihələr daxildir. Bundan əlavə, Azərbaycanın İtaliya şirkətləri ilə əməkdaşlıq təklif etdiyi sahələrdən biri də bərpaolunan enerji sahəsidir.

Nəticə etibarilə qeyd edilən sahələrdə əməkdaşlığın reallaşması italyan şirkətlərinin Azərbaycandakı iştirakının miqyasını artırmaqla, İtaliya ilə iqtisadi münasibətlərə əlavə töhfə vermiş olacaq. 

Ceyhun Piriyev, “İki sahil”