23 sentyabr 2020 10:13
693

İtaliya “Moria” qaçqın düşərgəsindən 300 nəfəri qəbul edəcək

İtaliya Yunanıstanın Lesbos adasında yerləşən və yanğından sonra tamamilə yaşanmaz vəziyyətə düşən “Moria“ qaçqın düşərgəsindən 300 nəfəri qəbul edəcək.

Bu barədə məlumat Roma şəhərində Müqəddəs Eqidio katolik icması tərəfindən təsdiqlənib və İtaliyanın Daxili İşlər Nazirliyi ilə müvafiq sazişin bağlanacağı bildirilib. İcmanın yaydığı məlumatda diqqətə çatdırılıb ki, bu, Avropa İttifaqının qaçqınların qəbuluna dair çağırışına İtaliyanın verdiyi ilkin cavabdır.

Qeyd edilməlidir ki, Lesbos adasında yerləşən qaçqın düşərgəsində baş verən yanğından sonra təxminən 12 min miqrant sığınacaqdan məhrum olub. Avropa ölkələri arasında Almaniya həmin düşərgədən ən çox qaçqını qəbul etməyə hazırdır. İndiyədək 2750 qaçqının Almaniyada yerləşdirilməsinə razılıq verilib. Avropanın bir sıra ölkələri, xüsusilə də Avstriya hökuməti qaçqın düşərgəsindən miqrant qəbul etməkdən imtina edib. //AZƏRTAC