10 fevral 2020 14:08
369

İtaliyalı müşahidəçilər: Seçki məntəqələrində qaydalara ciddi riayət olunurdu

İtaliya parlamentinin nümayəndələri Azərbaycan Milli Məclisinə seçkilərdə apardıqları müşahidələrin nəticəsi ilə bağlı mətbuat konfransı keçiriblər.

İtaliya parlamenti Deputatlar Palatasının, Sosial məsələlər üzrə komitənin sədr müavini, İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Rosanna Boldi Azərbaycandakı seçki prosesini izləməyin çox maraqlı olduğunu bildirib. O deyib: “Ötən gün mən və həmkarım Bakıda və Bakıdan kənarda seçki məntəqələrində olduq. Sumqayıtda 2 seçki məntəqəsində prosesi izlədik. Əsasən diqqətimizi seçki qaydalarına riayət edilməsinə yönəltmişdik. Xüsusilə, səsverməyə gələnlərin sənədlərinin yoxlanılması məsələsində ciddi nəzarət hiss etdik. Bir çox məntəqələrdə ultrabənövşəyi cihazlar və şəffaf mürəkkəblər var idi, müşahidə kameraları işləyirdi. Müşahidəçilər arasında həm siyasi partiyalara mənsub insanlar, həm də müstəqil şəxslər var idi. Onların əksəriyyəti qadınlar və gənclər idi”.

İtaliyalı deputat, Avropa Şurasında İtaliya nümayəndə heyətinin üzvü Mariya Rizotti də seçki prosesinin tam şəffaflıqla keçdiyini bildirib. O vurğulayıb ki, səsvermə qaydalarına ciddi surətdə riayət olunurdu. //AZƏRTAC