15 avqust 2019 19:27
407

İtə bax, qarpız yeyir...

Dağıdıcı müxalifətin fiaskoya uğrayan şouları

Real TV-nin rəhbəri Mirşahin öz müəllif proqramının sonuncu buraxılışında Avropa ölkələrinə siyasi mühacirlər göndərən mütəşəkkil dəstəni faktlarla ifşa edib.  Söhbət Kanada, ABŞ və Avropa ölkələrində siyasi sığınacaq alınması üçün vətəndaşlardan müəyyən məbləğlərdə pul alınmaqla saxta sənəd hazırlayan mütəşəkkil dəstənin mürəkkəb və çoxşaxəli fəaliyyətindən gedir.

Kimdir bunlar və nə ilə məşğul olurlar?  İndiyədək kölgədə qalan Əziz Xanəli, Sərdar İsgəndərov, Sərxan Abdullayev, Şamil İbrahimov, Zakir Əmirov  və başqaları. Onların Bakı şəhərinin müxtəlif ünvanlarındakı ofislərindən çox sayda saxta sənədlər, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatlar, eləcə də müxalif yönümlü siyasi partiyalara, məsələn, AXCP və Müsavata məxsus möhür və ştamplar maddi sübut qismində götürülüb. Aparılmış araşdırmalar zamanı müəyyən edilib ki, dəstə üzvləri bu əməlləri sırf maddi maraq zəminində həyata keçiriblər. O da məlum olub ki, xarici ölkələrə göndərilmiş şəxslər guya Azərbaycanda təqib olunmalarını, hüquq-mühafizə orqanları tərəfindən müxtəlif təzyiqlərə məruz qalmalarını əks etdirən saxta sənədləri Qərb ölkələrinin müvafiq dövlət orqanlarına  təqdim edərək “siyasi mühacir” statusu alırlar.

Fırıldaqçılardan biri- Sərdar İsgəndərov “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədridir.  Bu qurumu internet səhifələrində axtarsanız, qarşınıza gəncləri xaricdə təhsil almağa dəvət edən bir ünvan çıxacaq, özü də belə cazibədar suallarla: “Xaricdə təhsil alıb ölkənizə yüksək səviyyəli kadr kimi qayıtmaq istəyirsiniz? Amma necə və harada? Hansı sənədlər lazımdır, ərizə formasını necə doldurmalıyıq, bizdən nə tələb olunur? Hansı unversiteti seçək ki, diplomu Azərbaycanda tanınsın? Bu suallarla beyninizi yormayın, www.gemi.az Gəncliyin Elmi-Mədəni İnkişafı Təşkilatı (GEMİ) sizin üçün bütün işləri asanlaşdırır, sərfəli qiymətlərlə xidmətlər təklif edir.  Sonda isə belə bir siyahı təqdim olunur: Aşağıdakı ölkələrdən birini seçə bilərsiniz: Almaniya, Avstriya, Norveç, Polşa, Litva, İtaliya, Macarıstan, Çexiya, Ukrayna, qardaş Türkiyə...”   Bu GEMİ və onun yol yoldaşları “YES TRAVEL” Məhdud Məsuliyyətli Cəmiyyətin sədri Sərxan Abdullayev, Əziz Xanəli bilməmiş deyillər ki, doğru istiqamətə üzmürlər və bir gün bu “gəmi” bata bilər.

Bu adamlar mütəşəkkil dəstə şəklində birləşərək 2017-ci ildən bəri yaşamaq üçün xarici ölkələrə gedən və ya turizm səfərləri edən ayrı-ayrı Azərbaycan vətəndaşlarının qanunsuz miqrasiyasını təşkil etmək məqsədilə xarici dövlətlərin səfirliklərindən qeyri-qanuni vizaların alınması üçün tələb olunan rəsmi sənədləri saxtalaşdırırmışlar.  Təhlükəli fəaliyyət coğrafiyasını dövlətin əksər mühüm strukturlarınadək uzadan mütəşəkkil qrup “məhsuldar” işləyib. Qrup üzvlərinin  məqsədə çatmaq üçün lazım olan dələduzluq infrastrukturu əllərinin altındadır. Necə deyərlər, məhdud bir məkanda “bir pəncərə” yaradıblar. İstənilən sənədi hazırlamaq üçün istənilən dövlət qurumunun səlahiyyətlərini  imitasiya edə biləcək mexanizmə, alətlərə, avadanlıqlara malikdirlər. Təsəvvür edin:  kimisə siyasi mühacir kimi xaricə göndərmək lazımdır. Bu iş qrupun əlində su içimi kimi asandır.  Xaricdə siyasi mühacir kimi tanınmaq üçün tələb olunan sənəd, vətəndaşın  təzyiqə məruz qaldığını sübut edən arayış və digər lazımi sənədlər...  Belə  sənədləri tərtib etmək üçün lazım olan hər növ imkan, blank forması, müvafiq möhür və ya ştamp var. Qalır imza qoymaq. O məsələ də öz həllini belə tapır: Mütəşəkkil qrupun möhür, ştamp, blank və s. kolleksiyası zəngindir. Demək olar ki, Azərbaycan Respublikasının hər növ və müxtəlif təyinatlı qurum və təsisatlarının səlahiyyətləri  burada klonlaşdırılıb, həm də 100-ə qədər adda, möhürdə, ştampda, blankda... Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Baş Polis İdarəsinin, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin, Azərbaycan Xalq Cəbhəsi Partiyasının və  Müsavat Partiyasının  möhürlərinə  malikdirlər.

Burada Azərbaycandan kənarda dövlət əleyhinə çağırışlar edərək hakimiyyəti zorakılıq yolu ilə dəyişməyə, çevrilişə çağıran bədnam Qurban Məmmədovun himayə etdiyi  “Hürriyyət” qəzetinin dairəvi möhürü də var.  Proqramda nümayiş etdirilən kadrlardan da görünür ki, özünü siyasi mühacir kimi təqdim edən potensial təhlükə daşıyıcıları çirkin yollarla Vətənə asi olmağa gedirlər. Bu, təkcə çirkli biznes, qeyri-qanuni pul qazanmaq, geniş miqyasda möhtəkirlik, insan qaçaqmalçılığına qanuni don geyindirmək cəhdi və ya adi dələduzluq əhvalatları deyil. Bu, Azərbaycan dövlətinə qarşı davamlı işləyən, dünyada yeganə sabit və inkişafda olan müsəlman dövlətinin içində çaxnaşma, inqilab adı altında vətəndaş qarşıdurması yaratmaqla onu zəiflətmək, sonra da parça-parça hansısa dövlətlərin tərkibində əritmək planları cızan “arxitektorların” əlində alət olanların təhlükəli dəftərxana xəfiyyəçiliyi, xəyanətkarlıqdır. Bu şəbəkə əslində olmayan bir insanı dünyaya gətirə, ona vətəndaşlıq verə, istənilən ali məktəbdə oxuda, xaricə göndərə, geri qaytara, adına hesab aça, ağlınıza nə gəlirsə onu etdirə, sonra onu vətəndaşlıqdan məhrum edə, işləklərinin üzə çıxdığı təhlükəsi yaranarsa hətta qətlə yetirə, sadəcə vəfat etdirə də bilərdi.    Neçə vaxtdır ki, həyəcan təbili çaldığımız, sizi tanış etməyə çalışdığımız “siyasi mühacir” alverinin birinci piştaxtası bax,buradır.

Təsadüfi deyil ki, siyasi mühacir alveri özünü aparıcı hesab edən iki müxalifət partiyasının - AXC və Müsavat partiyalarının yaxından iştirakı ilə həyata keçirilir.  Bəlkə də hələlik bu ikisi məlumdur. Buraya “Hürriyyət” qəzetinin də möhürünü əlavə etsək,   “sanballı özəl şirkət” alınır. Xaos müxalifəti Azərbaycandan Avropaya “siyasi mühacir” ixrac etməyin kəsə yolunu burada tapıb. Onları Avropada gözləyirlər. Fırıldaq dəzgahının hazırladığı saxta  məlumatları orada təmizə çıxaran təşkilatlar  var. Keçmişi şübhəli, adları cinayətdə çəkilən bəzi üzdəniraq soydaşlarımız  Bakıda aldıqları saxta statusları xaricdə təsdiqlətdirməkdən ötrü dövlət əleyhinə çıxışlar edir, vətəndaşları dövlət çevrilişinə çağırır, təhqirlərdən belə çəkinmirlər. Neçə vaxtdır ki, hüquq-mühafizə orqanları dağıdıcı müxalifəti “siyasi mühacir” adı altında əslində insan alveri ilə məşğul olmaqda şübhəli bilir və araşdırmalar aparırdı. İndi isə bəzi konkret nəticələrə gəlmək mümkündür. Şəbəkənin konturları aydın görünür. Deməli, Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları “siyasi  mühacir”ləri xaricə bu cür göndərir. Onlar üçün hər oyuncaq mühacir sanballı pul mənbəyidir. Bəzən hansısa mühacir tələb olunan məbləğdən narazı qalır, “dəvədən böyük fil var” deyə, sifariş verən tərəfin özünə- Əli Kərimlinin xaricdəki piştaxtalarından birinin arxasında oturan dəllalına-Qənimət Zahidə birbaşa efirdə şikayət də edir.  Müraciət edən şəxsin nitqindən aydın olur ki, o, Əli Kərimlinin rəhbərlik etdiyi qaragüruhun üzvüdür.

Bəs “siyasi mühacir biznesi”ndən qazanılan pullar hansı məqsədlərə xərclənir? Əvvəla, Azərbaycan əleyhinə olan dövlətlərin tələblərinə uyğun fəaliyyət göstərən Sevinc Osmanqızı, Vidadi İsgəndərli,  Qənimət Zahid və digər bu kimi  ideoloji törəmələrə, onların internet tv-lərinə. Eyni zamanda, müəyyən təlimdən sonra “mühacirlər” özləri də antiazərbaycan ruporlara-internet tv-lərə, bloqerlərə təhvil verilir. Bu minvalla onların  dövlət əleyhinə fəaliyyəti nizama salınır. Qurulmuş plana uyğun olaraq Azərbaycan hədəf seçilir. Ölkənin  nailiyyətlərinə istehza edilir, yalnız xırda qüsurlar və inkişaf prosesini  müşayiət edən adi nöqsanlar qabardılır, vətəndaşda vəzifəli şəxslərə  kin-küdurət aşılanır, bolşevizmin qızışdırıcı xətti olan kasıbların varlılara qarşı qaldırılması tendensiyası təbliğ olunur. Şirkət rəhbərləri, dövlət məmurları sadə adamlara istismarçı kimi təqdim olunur. Beləliklə, orda-burda ayaq altı eşməklə məşğul olan bu adamların demokratiyadan, dövlət quruculuğundan, qanunçuluqdan, düzgünlükdən danışmaları yalnız istehza doğurur. Belələri  barəsində el arasında deyirlər: “ İtə bax, qarpız yeyir, hələ üstəlik tumunu da çırtlayır.”

Vəli İlyasov, “İki sahil”