15 may 2019 13:14
77

İxrac 3 faiz, idxal 43,1 faiz artıb

2019-cu ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 95 ölkəyə məhsul ixrac olunmuş, 145 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 7 979 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 4843,4 milyon dollar, idxalın dəyəri 3135,6 milyon dollar təşkil edib, nəticədə 1707,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 15,7 faiz, o cümlədən idxal 43,1 faiz, ixrac 3 faiz artıb. Real ifadədə dövriyyə 6,4 faiz, o cümlədən idxal 13,7 faiz, ixrac 3 faiz artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən bildirilib ki, ixracın 31,2 faizini İtaliyaya, 11,3 faizini Türkiyəyə, 6,4 faizini Almaniyaya, 6,1 faizini Çinə, 5,8 faizini İspaniyaya, 5,6 faizini Hindistana, 4,7 faizini İsrailə, 3,5 faizini Gürcüstana, 3,3 faizini Çexiyaya, 3,2 faizini Portuqaliyaya, 2,8 faizini Rusiyaya, 2,6 faizini Avstriyaya, 2,0 faizini Yunanıstana və qalan 11,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,0 faizi Rusiya, 13,1 faizi İsveçrə, 9,8 faizi Türkiyə, 8,7 faizi Çin, 7 faizi İran, 4 faizi Kanada, hər biri 3,9 faiz olmaqla Almaniya və Avstraliya, 3,6 faizi ABŞ, 3,1 faizi Ukrayna, 2,6 faizi İtaliya, hər biri 2 faiz olmaqla Belarus və Qazaxıstan, 22,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2019-cu ilin yanvar-mart aylarında ölkədən 415,3 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2018-ci ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 16,5 faiz, real ifadədə isə 10,9 faiz çoxdur. Qeyri-neft məhsulları üzrə ixracın dəyərində Rusiyaya (27,8 faiz), Türkiyəyə (23,9 faiz), Gürcüstana (12,1 faiz), İsveçrəyə (8,1 faiz), İtaliyaya (3,1 faiz), Yunanıstana (2,9 faiz), Çinə (2,5 faiz), İrana (2,3 faiz), Almaniyaya (2,2 faiz) və Ukraynaya (2 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

2019-cu ilin yanvar-mart aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 25,7 faiz, təzə tərəvəz – 38,9 faiz, tütün – 35,8 faiz, meyvə və tərəvəz şirələri – 37,8 faiz, pambıq lifi – 3,1 dəfə, emal olunmamış alüminium – 10,0 faiz, pambıq ipliyi – 36,1 faiz, qara metallardan yarımfabrikatlar – 4,5 dəfə, bentonit gili – 1,8 dəfə artmış, şəkər ixracı isə 13,4 faiz, çay – 10,3 faiz, meyvə və tərəvəz konservləri – 11,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 14,2 faiz, bitki yağları – 22,4 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 0,2 faiz, kartof – 24,6 faiz, polietilen – 1,0 faiz, qara metallardan borular – 75,9 faiz azalıb.

2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2019-cu ilin yanvar-mart aylarında buğda idxalı 28,4 faiz, təzə meyvə – 2,9 faiz, xam şəkər və şəkər – 4,9 dəfə, kartof – 24,5 faiz, quş əti və onun əlavə məhsulları – 2,0 dəfə, mal əti – 3,1 faiz, minik avtomobilləri – 2,3 dəfə, mineral gübrələr – 9,8 faiz, qara metallardan çubuqlar – 32,5 faiz, hesablama maşınları, blok və qurğuları – 48,5 faiz, mebellər – 32,2 faiz, polietilen – 38,2 faiz, yük avtomobilləri – 2 dəfə, qara metallardan künclüklər – 40,2 faiz, məişət kondisionerləri – 2,8 dəfə, avtobuslar – 2,3 dəfə artmış, bitki yağları idxalı isə 27,9 faiz, siqaret – 21,3 faiz, kərə yağı, digər süd yağları və pastaları – 23,9 faiz, çay – 11,9 faiz, təzə tərəvəz – 19,0 faiz, qara metallardan borular – 9,6 faiz, polad prokatı – 16,3 faiz, rezin şinlər – 5,2 faiz, paltaryuyan maşınlar – 13,9 faiz, sement və sement klinkerləri – 39,6 faiz, məişət soyuducuları – 14,5 faiz azalıb.