11 dekabr 2019 18:49
983

İzmirdə Ulu Öndərin anım tədbiri keçirilib

İzmirdə keçirilən anım tədbirində Ulu Öndərin Azərbaycan-Türkiyə əlaqələrinin inkişafındakı xidmətlərindən danışılıb

Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Türkiyənin İzmir şəhərində anım mərasimi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, şəhər ictimaiyyətinin nümayəndələri, eləcə də SOCAR-ın Aliağadakı İdarə işlərinin qrup direktoru Xaliq Mustafayev və qurumun nümayəndələri, Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyinin sədri Mülazim Pahsa və təşkilatın əməkdaşları, bu şəhərdə yaşayan soydaşlarımız Heydər Əliyevin İzmirin Karşıyaka rayonu ərazisində yerləşən büstü önünə toplaşıblar.

Ulu Öndərimizin büstü önünə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub.

Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyinin sədri Mülazim Pahsa və Karşıyaka rayon bələdiyyəsinin sədr müavini Adəm Şahinin çıxışları olub.

Çıxışlarda ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, eləcə də Azərbaycan-Türkiyə əlaqələrinin inkişafındakı xidmətlərindən, ölkələrimizin birgə inkişafı üçün həyata keçirdiyi beynəlxalq iqtisadi layihələrin əhəmiyyətindən danışılıb. Diqqətə çatdırılıb ki, Azərbaycanın sərmayəsi əsasında İzmirdə qurulan sənaye müəssisələri Ümummilli Liderimizin Türkiyə xalqı qarşısında göstərdiyi ən böyük xidmətlərdəndir. Qədirbilən Azərbaycan və Türkiyə xalqları ulu öndərlərimiz Heydər Əliyev və Mustafa Kamal Atatürkü eyni sayğı ilə xatırlayır, eyni məhəbbətlə sevirlər.