21 oktyabr 2019 15:30
980

Jan Qaliyev: Nəsiminin 650 illiyi bütün türk dünyasının bayramıdır

UNESKO-nun baş qərargahında dünya ölkələrinin nümayəndələri ilə birlikdə Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə möhtəşəm bir tədbir oldu. Bu bütün türk dünyasının bayramıdır. Mədəniyyət tədbirləri ilə ölkələrimizin qapılarını, eləcə də mədəni və ruhi irsimizi bütün Qərb dünyasına açırıq. Qərb türkdilli ölkələri daha yaxından tanımalıdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində UNESKO-nun baş qərargahında Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tədbirinə qoşulmuş Qazaxıstanın Fransada səfiri və UNESKO yanında daimi nümayəndəliyinin rəhbəri Jan Qaliyev deyib.

Bildirib ki, dünya türkdilli ölkələri siyasi və iqtisadi baxımdan deyil, mədəniyyətimiz vasitəsilə tanımalıdır. Mədəniyyət insanları birləşdirən ən yaxşı vasitədir.

O, belə bir tədbirin təşkilinə, eləcə də mədəniyyətin təşviqinə görə UNESKO yanında daimi nümayəndəliyimizə, xüsusilə də onun rəhbəri səfir Anar Kərimova təşəkkürünü bildirib. Qeyd edib ki, belə tədbirlər, eyni zamanda, türk ölkələrinin mədəniyyətinin təşviqidir.

“Dinləyicilərin reaksiyasının şahidi oldunuz. İnsanlar ayağa qalxaraq incəsənət nümayəndələrini alqışladılar. Onlara da təşəkkürümüzü bildirirəm. Onlar Nəsiminin ruhunu yaşayaraq, onu ifaları vasitəsilə dinləyicilərin qəlbinə hopdurdular”,-deyə J. Qaliyev vurğulayıb.

Səfir Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə toxunub və ölkəmizin Türk Şurasına uğurla sədrlik edəcəyinə əminliyini ifadə edib. Özbəkistanın Türk Şurasına qoşulmasını alqışlayaraq, türk ailəsinin daha da böyüdüyünü bildirib.

“Birliyimizi qoruyub saxlamalıyıq. Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev həmişə qeyd edib ki, “Biz bir ailəyik, bütün sahələrdə ailə üzvlərinin əlaqələrini möhkəmləndirməliyik”. Türk Şurasında Azərbaycanın xüsusi yeri var. İnanıram ki, Azərbaycanın sədrliyi dövründə əlaqələrimiz daha da möhkəmlənəcəkdir”,-deyə J. Qaliyev bildirib.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakıda olduğunu xatırladaraq J. Qaliyev sessiyanın yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, xalqımızın qonaqpərvərliyini xüsusi qeyd edib.