07 avqust 2019 15:45
207

Kabildə terror aktı nəticəsində 18 nəfər həlak olub

Bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabil şəhərinin qərbində yerləşən polis məntəqəsinə hücum nəticəsində azı 18 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə TOLONews telekanalı təhlükəsizlik xidmətindəki mənbəyə istinadla məlumat yayıb. Mənbənin sözlərinə görə, daha 100-dən çox insan yaralanıb. Zərər çəkənlərin əksəriyyəti dinc sakinlər, o cümlədən qadınlar və uşaqlardır.

Telekanalın bir qədər əvvəl verdiyi xəbərə görə, terror aktı Əfqanıstan paytaxtının altıncı polis sahəsinin girişində törədilib. Terrorçular minalanmış avtomobili partladıblar. Partlayışın məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.

Əfqanıstanda hökumət qüvvələri ilə “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar uzun illərdir davam edir. Həmçinin ölkədə İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə silahlı qruplaşmalara qarşı bütün ölkə ərazisində birgə əməliyyatlar keçirirlər.