18 sentyabr 2020 17:21
1528

Kadr siyasətində əsas prinsiplər: Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük, təvazökarlıq

«Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir» söyləyən dövlət başçımızın əsas tələbi budur ki,  qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır.

Korrupsiyaya, inhisarçılığa və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi,  bu istiqamətdə aparılan islahatların ictimaiyyət tərəfindən yüksək dəyərləndirilməsi sübut edir ki, cəmiyyətdə şəffaflığın təmin olunması naminə  dövlətin apardığı siyasət kampaniya xarakterli deyil, ciddi,  qətiyyətli, davamlı prosesdir .  Qarşıya qoyulan məqsədə  çatmaq üçün görülən  profilaktik tədbirlər,  əhali arasında aparılan maarifləndirmə işinin intensivləşməsi, Prezident İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsi ilə bağlı  tövsiyələrinin dəstəklənməsi,  yeni texnologiyalar əsasında formalaşan «Elektron hökumət”»in bütün sahələri əhatə etməsi,  «ASAN xidmət»” şəbəkəsinin genişləndirilməsi  insanları narahat edən neqativ  və bürokratçılıq  hallarının aradan qaldırılmasında  səmərəsini göstərməkdədir.

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin qarşısının alınması məqsədilə yaradılan, ictimai və sosial xidmətlər sahəsində inqilab adlandırılan,  beynəlxalq səviyyədə təbliğ olunan «ASAN xidmət»”in funksiyalarının genişləndirilməsi, xidmət növlərinin artırılması
korrupsiyaya, rüşvətxorluğa, bürokratiyaya qarşı mübarizədə dövlətin  siyasi iradəsinin  göstəricisidir.

 İqtisadiyyatın, aqrar sahənin, həyatımızın bütün sahələrində  gündəlik tələbatın, iş prinsipinin  «ASAN xidmət»in funksiyalarına uyğunlaşdırılması, biznes sahəsində  əməliyyatların elektron variantlarda həyata keçirilməsi demək olar ki, korrupsiyaya qarşı mübarizədə özünü doğruldur. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Qanunun tətbiqi ilə
 qeyri-qanuni, əsassız yoxlamaların 2 il müddətinə dayandırılması,  insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlara zidd hallar müstəsna olmaqla, digər təftişlərə məhdudiyyətlərin tətbiqi  korrupsiyaya qarşı mübarizə məqsədilə həyata keçirildi. «Bir pəncərə» sisteminin, «ASAN xidmət»in təşkili ilə  ölkədə sağlam xidmət mühiti formalaşdı. İnhisarçılıq və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi naminə  korrupsiyaya qarşı mübarizə üzrə  Dövlət Proqramı qəbul olundu. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı təsdiq  olundu. «Korrupsiyaya qarşı mübarizə haqqında»” Qanunun qəbulu, neqativ hallara qarşı mübarizə üzrə ixtisaslaşmış qurumların yaradılması «ictimai bəla»ya  qarşı ictimai nəzarəti gücləndirdi, gündəlik məsələ kimi aktuallaşdı.
 «Biz sahibkarlara subsidiyaları veririk amma, əfsuslar olsun ki, bəzi hallarda bu sahədə şəffaflığa nail ola bilmirik. Subsidiyalar ya ünvana çatmır, ya kimsə onları mənimsəyir, özünə götürür. Bəzi hallarda ümumiyyətcə istehsal olunan məhsulun həcmi artırılır, torpaq sahələri artırılır ki, subsidiyalar daha çox götürülsün» söyləyən Prezident İlham Əliyev  qətiyyətlə bildirir ki, sahibkarları incidən, onlardan qanunsuz tələbdə olan şəxslər cəzalandırılacaqlar. Lisenziyaların verilməsində  mövcud olan korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsini tələb edən  dövlət başçımız İlham Əliyev diqqətdə saxladığı  dərman preparatlarının, avia biletlərin, otellərin qiymətlərində liberallaşdırma siyasəti müsbət nəticəsini verməklə, inhisarçılıq hallarına qarşı mübarizənin gücləndirilməsini də  prioritet kimi qarşıya qoydu. Vergi siyasəti ilə əlaqədar ciddi  tapşırıqlar  verildi.
 Ölkəmizdə aparılan kadr islahatlarına uyğun bir neçə rayona təyin edilən yeni icra başçıları ilə videoformatda  görüş keçirən Prezident İlham Əliyevin  məmurlardan başlıca tələbi  ali qanunlar qarşısında  vəzifə məsuliyyətlərinə vicdanla yanaşmaq, ictimai davranış qaydalarına  uyğun olmayan , insanlığa yaraşmayan, ictimai rəy tərəfindən müsbət qarşılanmayan   hallara  yol verilməməsidir. «Mən dəfələrlə demişəm ki, vəzifəli şəxslər özlərini normal aparsınlar, insanlarla ünsiyyət qursunlar, insanları incitməsinlər. Onlar özləri, ailə üzvləri qanunu pozmasınlar. Dəfələrlə demişəm, amma nə görürəm, yenə də mənim göstərişlərimi icra etməyənlər var və nəticə nə olur? Onlar özləri bədbəxt olurlar. Azərbaycan ictimaiyyəti hər şeyi bilir. Heç kim qanundan kənarda qala bilməz. Bir nəfər də toxunulmaz deyil. Bax, son vaxtlar bir neçə iş adamı böyük pozuntularla bağlı məsuliyyətə cəlb edilib. Vaxt gələcək ictimaiyyət bu məsələlərlə bağlı məlumatlandırılacaq. Nəyə görə? Ona görə ki, öz məsuliyyətlərini dərk etməmişlər, dövlət əmlakını talamışlar, dövlət vəsaitini oğurlamışlar» söyləyən Prezident İlham Əliyevin məmurlara əsas tövsiyəsi budur ki, rayon  rəhbərləri fəaliyyətlərini vətəndaş rəyi, istəyi, tələbi və təklifi əsasında qurmalıdırlar. Əsassız tikintilərə yol verənləri, dövlət  malını mənimsəyənləri ciddi cəzalar gözləyir.

 «Bir adam da məsuliyyətdən qaça bilməz, xüsusilə dövlət məmuru. Böyük vəzifə sahibi məsuliyyətli olmalıdır. Biz hüquqi dövlətdə yaşayırıq. Cinayət törətmisənsə get cəzasını çək, vəssalam. Ona görə, bir daha demək istəyirəm ki, bu hadisə ilə bağlı konkret təkliflər verilməlidir. Bu gün bütün dövlət məmurlarına, bütün dövlət qurumlarında çalışanlara bir daha xəbərdarlıq edirəm ki, hər kəs qanuna əməl etməlidir, heç kim məsuliyyətdən qaça bilməyəcək… Ədalət bərpa olunacaqdır.» Bu  tövsiyələr  həm də  Prezident  tapşırığı, tələbidir. Bu tapşırığın başqa açıqlaması isə budur: Əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin.

Son aylarda Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi əməliyyatlardan aydın olur ki, daşıdığı vəzifəsindən, çalışdığı  strukturun dövlət əhəmiyyətindən asılı olmayaraq   ədalətin meyarı olan qanun qarşısında hamı eyni dərəcədə məsuliyyət daşımalıdır.
 Pandemiyanın yaratdığı  çətinliklər şəraitində insanların taleyini düşünən, aztəminatlı ailələrin problemlərinin həlli üçün layihələr həyata keçirən dövlətin ayırdığı  vəsaitlərin, yardımların mənimsənilməsi isə  Tanrı qarşısında  bağışlanılmaz günah,  vicdansızlıqdır.
Pandemiya ilə əlaqədar bu gün Azərbaycan dövləti vətəndaşların,  sağlamlığının, sosial müdafiəsinin qorunması üçün bütün resursları səfərbər edib. Prezident İlham Əliyevin  «Dövlət, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu, ayrı-ayrı sahibkarlar, ayrı-ayrı imkanlı adamlar öz təşəbbüsləri ilə gedib kasıb insanlara əl tuturlar. Bu yardımı mənimsəməyə nə ad vermək olar?! Bu yaxınlarda Heydər Əliyev Fondu tərəfindən göndərilmiş ərzaq paylarını da aparıb öz qohumlarının evlərində saxlayırlar ki, sonra onları satsınlar. Biz buna gözmü yumacağıq? Belə adamlar ən ciddi cəzaya layiqdirlər» sözləri vətəndaş-məmur münasibətlərinin  həmişəkindən artıq səmimi olmasını tələb edir. Bu cür insanlıqdan kənar əməllərə yol verənlər cinayətə cəlb olunmaqla, barələrində qətimkan tədbirləri görüldü. «Heç kim qanundan üstün deyil və əgər kim fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları ona kömək edəcəklər, səhv edir. Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda, cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir» söyləyən Prezident İlham Əliyev  yenə də  ictimai nəzarəti qanunları pozanlara qarşı mübarizədə ən optimal variant kimi qiymətləndirir.
İşə qəbul və vəzifəyə təyin olunmaq üçün insanlardan rüşvət tələb edilməsini cinayət hesab edən dövlət başçımız bu yolla varlanmaq niyyətlərini  cəmiyyətimizin əsaslarını sarsıdan  çirkin addımlar adlandırır.  Haqlı olaraq bildirir ki, pul verib vəzifəyə gələn adam ilk növbədə  o pulun əvəzini çıxmaq üçün  cinayətə aparan qanundankənar əməllər törədəcək, dövlət malını oğurlayacaq, başqalarından rüşvət tələb edəcək. Əslində isə məmur təvazökar olmalı,  özlərini başqalarından üstün tutmamalı, öz davranışı ilə insanların hörmətini qazanmalıdır.  Dövlət başçımızın  «Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib» sözləri özlərini ağa, xan kimi aparan məmurlara insanlıq, təvazökarlıq dərsidir.
  Korrupsiyanın qarşısının alınması üçün əsas amil olan kadr siyasəti bu prinsiplər əsasında qurulmalıdır: Vətənə,  dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük. Bu cür mənəvi keyfiyyətləri şəxsiyyətində formalaşdıran,  gündəlik  iş prinsipi kimi yerinə yetirən, haqqında müsbət mənada ictimai rəy formalaşan  məmurlar layiqli  xidmətləri ilə vəzifə məsuliyyətlərini dərk edir, təvazökarlıqları, mədəni davranışları, səmimiyyətləri ilə    el hörmətini də qazanırlar.

Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının  yeni tərkibdə keçirilən ilk iclasında da   bürokratçılığa, rüşvətxorluğa, inhisarçılığa qarşı mübarizədə  Prezident İlham Əliyevin tövsiyələrinin əsas tutulacağı qeyd edilməklə bildirilmişdir ki, fəaliyyətində  ciddi nöqsanlara yol verənlərə, vətəndaş-məmur həmrəyliyinin tələblərinə  əməl etməyənlərə qarşı  daha ciddi tədbirlər görüləcək.   

Xuraman İsmayılqızı, «İki sahil»