13 may 2019 14:26
104

Kaliforniya şəhərlərində “Azərbaycanın Milli Günü”

ABŞ-ın Kaliforniya ştatının Örvayn şəhər meri Kristina Şı (Christina Shea) Men ştatının Portlənd şəhərinin meri İtan Strimlinq 28 may tarixinin “Azərbaycanın Milli Günü” elan olunması ilə bağlı bəyannamə imzalayıblar.

Örvayn şəhər meriyasından Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilən bəyannamədə bildirilib ki, azərbaycanlı kökənli amerikalılar şəhərin sosial və iqtisadi həyatına əvəzolunmaz töhfələr verirlər. Belə ki, onlar möhkəm ailə bağları, ictimai dəstək və zəngin mədəni irs vasitəsilə ABŞ-da daha da güclənərək inkişaf edirlər.

Sənəddə qeyd edilib ki, bütün dünyada yaşayan azərbaycanlılar 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram edirlər. Örvaynda yaşayan azərbaycanlı icmasının dəyərli töhfələrini təqdir etdiyini vurğulayan Şəhər Şurası həmin günün Örvaynda “Azərbaycanın Milli Günü” kimi elan edilməsi barədə bəyannamə qəbul edib.

ABŞ-ın Men ştatının iqtisadiyyat və turizm mərkəzlərindən olan Portlend şəhərinin meri İtan Strimlinq də Azərbaycan Xalq Cümhuriyyətinin 101-cü ildönümü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi ilə əlaqədar olaraq rəsmi bəyannamə imzalayıb.

Bəyannamədə qeyd olunub ki, Azərbaycan 1918-ci il mayın 28-də müsəlman Şərqində qurulan ilk demokratik respublika kimi dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınıb. Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyinin qısa müddəti ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edib.

Azərbaycanın 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən, sovetlər birliyinin tərkibinə zorən daxil edildiyi, 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu, son 28 il ərzində öz suverenliyini və müstəqilliyini möhkəmləndirdiyi və hazırda Xəzər kimi vacib əhəmiyyətli regionda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı kimi çıxış etdiyi vurğulanıb.

Mayın 28-nin Portlənddə və dünyanın digər yerlərində yaşayan azərbaycanlılar tərəfindən bayram kimi qeyd ediləcəyini nəzərə alan mer İtan Strimlinq imzaladığı bəyannamədə həmin tarixi “Azərbaycanın Milli Günü” elan edib.