11 iyun 2019 15:13
291

Kamran Bayramov: 15 iyun Azərbaycanın tərəqqisinin başlanğıc tarixidir

Azərbaycanımızın hər il iyunun 15-də qeyd etdiyi Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıdışı ölkəmizin zəngin çoxəsrlik siyasi tarixinə möhtəşəm hadisə kimi yazıldı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

“1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Təəssüf ki, müstəqilliyin ilk illərində dövlətin sükanı arxasında xalqın həmrəyliyini təmin edə biləcək qüdrətli bir lider yox idi. Həmin dövrdə Azərbaycan ərazilərinin işğalı, əhalinin gündən-günə ağırlaşan sosial vəziyyəti, ölkə daxilində gərginləşən siyasi vəziyyət, Azərbaycanın bu çətinliklərin qarşısını almaq, xalqı öz arxasınca aparmaq iqtidarında olan rəhbərə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətimizin bütün zümrələri tam əmin idi ki, müstəqillik qazanmış ölkəni düşmüş olduğu ağır və böhranlı vəziyyətdən çıxarmağa qadir yeganə siyasətçi məhz Heydər Əliyevdir. Bu, bütün xalqın istəyi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində oldu”,- deyə deputat vurğulayıb.

1993-cü ilin ortalarında daxili hakimiyyət böhranının daha da kəskinləşdiyini bildirən Kamran Bayramov bildirib ki, bu dövrdə hakimiyyətdə olan qüvvələr öz savadsız və səriştəsiz əməlləri ilə ölkəmizin müstəqilliyini ciddi təhlükə altına qoydular. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqilliyimizin bu dövrü barədə belə demişdir: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

O qeyd edib ki, 1993-cü ildə xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə görülmüş təxirəsalınmaz sosial-iqtisadi və siyasi tədbirlər dövlətimizin möhkəmlənməsinə, dünya birliyinə inteqrasiya olunmasına və ölkəmizdə vətəndaşların maraq və mənafelərinə cavab verən müasir cəmiyyətin qurulmasına xidmət edib. 1993-cü ildən etibarən Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanın gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilməsi üçün genişmiqyaslı və köklü islahatlara başlandı.

Deputat bildirib ki, 15 iyun Azərbaycanın tərəqqisinin başlanğıc tarixidir. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirdi. 15 iyun - Milli Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi”.

Kamran Bayramov deyib ki, həmin vaxtdan bu günə kimi Azərbaycan xalqı 15 iyun gününü ən əziz bayramlardan biri kimi qeyd edir, Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir və bu əlamətdar hadisəni məhz Heydər Əliyevin adı ilə bağlayır. Xalqımız və bütün dünya ötən illərdə Ümummilli Liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyasının şahidi olub, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq Heydər Əliyevin səyləri ilə gələcəyə inamla baxan, öz sözünü deyən, qüdrətli bir dövlətə çevrilib. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradə sayəsində təşəbbüs etdiyi və gördüyü böyük işlər öz miqyasına görə hər birimizi qürurlandırır. Həmin dövr ərzində azərbaycançılığın, müstəqilliyin və dövlətçiliyin qorunub saxlanılması və gücləndirilməsi naminə milli həmrəyliyin yaradılması istiqamətində təsirli addımlar atılıb, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın tarixi Vətənlə əlaqələri gücləndirilib, onların dil və əqidə birliyini möhkəmləndirmək məqsədilə Bakıda Dünya azərbaycanlılarının qurultayları keçirilib.

“Bu gün Azərbaycanda müstəqillik və dövlətçilik ənənələri formalaşdırılıb və heç bir şübhə yoxdur ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi-ictimai xadim kimi apardığı siyasətin əsas amalı Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qorumaq iqtidarında olan qüdrətli dövlətə çevirmək olub. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderimizin siyasi dəst-xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Artıq neçə ildir ki, Azərbaycan Respublikasının milli qurtuluş yolu ilə addımlayır. Bu yol Heydər Əliyevin yoludur. Bu yolla gedən Azərbaycan dayanmadan yüksəlir, inkişaf edir, nailiyyətlər əldə edir, uğurlar qazanır. Heydər Əliyevin vaxtilə qətiyyətlə bəyan etmişdir ki: “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz”. Bu inam, bu qətiyyət Milli Qurtuluş Gününün mənasıdır. Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla, irəliyə aparacaqdır”,- deyə Milli Məclisin deputatı vurğulayıb.